" Yanukoviç Qərbdəki pullarına görə qətiyyətsizlik göstərdi“
Bizi izləyin

Nida.az

" Yanukoviç Qərbdəki pullarına görə qətiyyətsizlik göstərdi“

Araz Əlizadə: "Rusiya Qərbə göstərəcək ki, onun meydanında oynamaq nə deməkdir"

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Ukraynada baş verən proseslərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Araz bəy, Ukraynada baş verənlərlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Ukraynada baş verənlər Avropanın oyunlarıdır. Əsas məqsəd onu Rusiyadan ayırmaqdır. Ukrayna və Belorusiyasız Rusiya heç nədir. Bu tarixən belə olub. Bjezinski deyirdi ki, Ukraynanı Rusiyadan ayırmaq lazımdır. İndi bunu faşistlərin əlilə edirlər.

- Sizcə, Qərb Ukraynada öz istəyinə nail oldumu?

- Xeyr, nail olmadı. Rusiyanı cırnatdılar. Rusiya indi Qərbə göstərəcək ki, onun meydanında oynamaq nə deməkdir. Ara yerdə itirən Ukrayna xalqı oldu. Ukraynalılar əziyyətlərə düçar olacaq. Ona görə də, mən burada yaxşı heç nə görmürəm. Avropa öz məqsədinə çatmaq üçün istənilən xalqı güdaza verə bilər. Xalqın taleyi Qərbi maraqlandırmır. Onları öz xeyirləri maraqlandırır. Demokratiya, Avropaya inteqrasiya boş şeydir. Ukrayna Avropaya inteqrasiya olsa, yoxsuldan da yoxsul ölkə olacaq. Onsuz da varlı ölkə deyil. Ukrayna 160 milyard dollar itirməlidir, nə var ki, ona bir tikə çörək göstəriblər, amma verməyəcəklər.

- Sizcə, Krımın taleyi necə olacaq?

- Krım Rusiyanın olub. Xruşşov onu qanunsuz olaraq Ukraynaya birləşdirib. Orada yaşayanların əksəriyyəti ruslardır. Necə ki, Ağ Ev başqa dövlətin ərazilərində yaşayan amerikalıların maraqlarını qoruyur, Rusiya da rusların hüquqlarını təmin edir.

- Krım tatarları və ukraynalılar yarımadanın Ukraynadan ayrılmasına etiraz edirlər...

- Tatarlar Krıma sonradan gəliblər. Monqolustanın hücumları zamanı Krım alınıb və orada türklər yerləşdirilib. Orada əvvəllər sarmatlar, skiflər və xəzərlər yaşayıblar. Krımda nə ukraynalılar, nə tatarlar, nə də ki ruslar köklü xalq deyillər. Monqollardan sonra gireylər Krımda möhhkəmləndilər. Girey xanları uzun müddət Krımı idarə ediblər. İkinci Dünya Müharibəsində Stalin tatarları Orta Asiyaya deportasiya elədi. Ona görə ki, tatarlar faşistləri gül-çiçəklə qarşılamışdılar.

- Sizə elə gəlmirmi ki, Ukraynada baş verən proseslərdə Qərbin rolu həddindən artıq şişirdilir?

- Qərb demokratiyanı bəhanə edib Ukraynanın daxili işlərinə müdaxilə etdi. Ukraynada xalqın müəyyən qədər etirazı, narazılığı var idisə, Qərb bunu qızışdırdı. Daş, dubinka, "Molotov kokteyli" ilə demokratiya qurmurlar.

- Nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT Rusiyanı Ukraynanın daxili işlərinə müdaxilə etməməyə çağırıblar. Necə hesab edirsiz, Rusiya beynəlxalq təzyiqlərin qarşısında duruş gətirəcəkmi?

- Beynəlxalq təşkilatlar Qərbin maraqları çərçivəsində hərəkət edir. BMT-nin nüfuzu qalmayıb. Dağlıq Qarabağla əlaqədar 4 qətnaməsi var, amma icra olunmur. Ermənistan kimi cırtdan ölkə Təhlükəsizlik Şurasının qətnamələrini vecinə almır. Avropa, Amerika demokratiya beşiyi deyil. Qərbin ərəb ölkələrinə gətirdiyi "demokratiya"nı gördük. Onlar ancaq oxlokratiyanı, "Əl-Qaidəni hakimiyyətə gətirirlər. Demokratiya Qərbin əlində dəyənəkdir. Harada qarışıqlıq, çevriliş etmək istəyirlər, demokratiya "dubinkası"nı vururlar iqtidarın başına. Rusiyaya heç nə edə bilməyəcəklər. Ukrayna Rusiyanın meydanıdır. Daim onun tərkibində olub. "Ukrayna" sözünün mənası "Rusiyanın kənarı" deməkdir.

- Amma faktiki olaraq hakimiyyətdə Qərbpərəst qüvvələrdir. Onlar ölkəni Avropaya inteqrasiya etdirə biləcəklərmi?

- Tyaqnibok Avropanın nə olduğunu bilirmi? Yoxsa Yatsenyuk bilir.. Siz oğru Yanukoviçin də villalarına baxın, Timoşenkonun da, Yatsenyukun da... Onlar bir-birindən kəskin fərqlənmirlər.

- Krımda Rusiya güclərinə müqavimət göstərməyən yüksək rütbəli zabitlər vəzifədən çıxarılır, vətənə xəyanətdə ittiham olunurlar. Yaxın vaxtlarda Krımda müharibənin başlanılması mümkündürmü?

- Hazırda Yanukoviç də, hakimiyyətə gələn qüvvələr də, Krımı satanlar da vətənə xəyanət ediblər. Bir vətən xaininin digər şəxsi vətənə xəyanətdə ittiham etməsi nə dərəcədə düzgündür?

- Yanukoviçi Ayaz Mütəllibova oxşadanlar var...

- Yanukoviç alçağın, oğrunun biridir. Ölkəni taladı, özünə var-dövlət yığdı. Ən əsası o, öz andına sadiq qalmadı. And içmişdi ki, Konstitusiyanı qoruyacaq. Amma andına sədaqətli olmadı və xalqına xəyanət elədi. Ayaz Mütəllibovun vaxtında Azərbaycanın nə ordusu var idi, nə də işlək dövlət mexanizmi. Yanukoviç ona görə qətiyyətsizlik nümayiş etdirdi ki, oğurladığı pulları Qərbdə yerləşdirdiyinin fəqində idi. Ukraynanın keçmiş baş naziri Azarovu ruspərəstlikdə ittiham edirdilər. Amma o, Avstriyaya qaçdı. Çünki var-dövləti Qərbdədir. Merkel Azarova dedi ki, oğurladığın pullardan xəbərim var, amma sənə güzəşt olaraq Avropada sığınacaq verə bilərəm. Azarovu Avropaya aparmaqla Tyaqnibokun hakimiyyətə yolu açıldı.

Ruslan Xəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm