Prezident və xanımı AİB-in toplantısında - FOTO
Bizi izləyin

Nida.az

Prezident və xanımı AİB-in toplantısında - FOTO

Bakı Konqres Mərkəzində bu gün Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyası olub.

Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak ediblər.

Əvvəlcə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının iştirakçıları xatirə şəkli çəkdirdilər.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao görüşüb söhbət etdilər.

Açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsindən məmnun olduğunu bildirdi. 1999-cu ildən Azərbaycan ilə bank arasında səmərəli əməkdaşlığın qurulduğunu deyən dövlətimizin başçısı bu tədbirin qonaqların ölkəmizi yaxından tanıması üçün bir fürsət olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın əsrlər boyu multikulturalizm dəyərlərinin hökm sürdüyü bir məkan olduğunu dedi. “Biz tariximizlə, ənənələrimizlə fəxr edirik. Biz Azərbaycanın müasir, tolerant ölkə kimi inkişafına sadiqik”, - deyən Prezident İlham Əliyev Azərbaycanın dünyada müasir meyillərin inkişafında maraqlı olduğunu vurğuladı. Ölkəmizin keçdiyi tarixi mərhələlər, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər barədə danışan dövlətimizin başçısı hazırda Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi islahatların uğurla həyata keçirildiyini bildirdi.

“Azərbaycan demokratik inkişafa sadiqdir, ölkəmizdə bütün azadlıqlar təmin edilib”, - deyən dövlətimizin başçısı indi əhalinin 75 faizinin azad internetdən yararlandığını diqqətə çatdırdı. Ötən əsrin əvvəlində olduğu kimi, indi də ölkəmizin yenidən dünyada neft ölkəsi kimi tanındığını deyən Prezident İlham Əliyev təbii ehtiyatlarımızın Azərbaycanın daha da inkişafına xidmət etdiyini vurğuladı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirdi ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, nəticədə 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib, xalqımız etnik təmizləmə siyasətinə məruz qalıb. İyirmi ildən çoxdur ki, danışıqların davam etdirilməsinə baxmayaraq, hələ də nəticənin olmadığını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyini deyən Prezident İlham Əliyev Azərbaycanın dinamik xarici siyasət yürütdüyünü, Avropa və Asiyanın beynəlxalq təşkilatları ilə fəal əməkdaşlıq qurduğunu bildirdi. Dövlətimizin başçısı ölkəmizin əsas hədəflərindən biri kimi davamlı və inkişaf edən iqtisadiyyatın yaradılmasını göstərdi və bu sırada enerji amilinin mühüm yer tutduğunu vurğuladı. Hazırda ölkəmizin nəhəng enerji layihələrinin müəllifi kimi çıxış etdiyini dedi, Azərbaycanın qaz ehtiyatlarının nəqli üçün nəzərdə tutulan “Cənub” qaz dəhlizinin əhəmiyyətinə toxundu. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin aparıldığını, onun neft və qaz amilindən asılılığının azaldılması ilə bağlı tədbirlərin görüldüyünü, qeyri-neft sektorunun inkişaf etdirildiyini diqqətə çatdıran Azərbaycan Prezidenti ölkəmizdə xarici sərmayələr üçün də əlverişli şəraitin yaradıldığını bildirdi.

“Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün vacibdir”, - deyən Prezident İlham Əliyev son 10 ildə böyük inkişaf yolu keçən ölkəmizdə ümumi daxili məhsulun artdığını, 1 milyondan çox yeni iş yerinin yaradıldığını, yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü, ölkədə iri sosial layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı son illərdə ölkəmizin və Bakının inkişafı ilə bağlı mühüm işlərin görüldüyünü, bütün bunların ancaq müstəqil olduğumuz dövrdə baş verdiyini bildirdi, hazırda ölkəmizin geostrateji əhəmiyyətini artıran iri infrastruktur layihələrinin icra olunduğunu, bu sırada Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun mühüm əhəmiyyət daşıdığını, bundan əlavə ölkəmizdə “ASAN xidmət”in timsalında əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə aparıldığını, kosmik sənayenin, turizm sektorunun və digər sahələrin inkişafı istiqamətində tədbirlərin görüldüyünü qeyd etdi. Prezident İlham Əliyev Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da uğurlu olacağına əminliyini ifadə etdi.

Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao 15 ildir rəhbərlik etdiyi qurumla səmərəli əməkdaşlıq edən Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə bu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi. Takehiko Nakao rəhbərlik etdiyi bankın əsas fəaliyyət istiqamətləri barədə məlumat verdi. Bankın maliyyə qabiliyyətinin 2017-ci ilədək 50 faizə qaldırılacağını deyən qonaq Asiya ölkələrinin sürətli inkişaf etməsi fonunda həm Avrozona, həm də digər maliyyə tərəfdaşları arasında səmərəli əməkdaşlığın qurulmasının əhəmiyyətinə toxundu, hazırda bankın Asiya ölkələrində davamlı inkişafa nail olunması ilə bağlı işlər gördüyünü diqqətə çatdırdı. O, xüsusi vurğuladı ki, bankın strategiyasına yeni innovasiyalardan istifadə, investisiya bankının yaradılması, yeni qlobal təşəbbüslərin dəstəklənməsi, həmçinin yoxsulluqdan əziyyət çəkən ölkələrə maliyyə yardımının göstərilməsi də daxildir.

Sonra ölkəmizin tarixini, mədəniyyətini, malik olduğumuz zəngin dəyərləri özündə ək etdirən maraqlı kompozisiya təqdim olundu. Azərbaycan musiqisinin müşayiəti ilə təqdim olunan kompozisiyada insanlığın yaranışından müasir günümüzə qədər ölkəmizin keçdiyi tarixi mərhələlərə nəzər salındı, Azərbaycanın dünya tarixindəki strateji yeri və qlobal proseslərə təsir imkanları barədə qonaqlara geniş məlumat verildi. Son 10 ildə ölkəmizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, iqtisadi strategiya barədə məlumatların yer aldığı təqdimatda iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar informasiyaya da geniş yer verildi.

Sonda Prezident İlham Əliyevin adından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının iştirakçılarının şərəfinə ziyafət verildi.

* * *

Asiya İnkişaf Bankının 48-ci illik toplantısının Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin may ayında Manilada bankın Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul edilib. Bununla əlaqədar olaraq 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı anlaşma memorandumu” imzalanıb. Elə həmin il mayın 22-də Prezident İlham Əliyev Baş nazirin birinci müavininin sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə müvafiq Sərəncam imzalayıb. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısı kimi mühüm bir tədbir Cənubi Qafqaz regionunda ilk dəfə məhz respublikamızda keçirilir. Bu nüfuzlu toplantıya üzv ölkələrin yüksək səviyyəli hökumət rəsmiləri, maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, həmçinin beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyətlərinin təmsilçiləri, tanınmış alimlər, ekspertlər, gənc mütəxəssislər, ümumilikdə 3000-dək nümayəndə qatılıb. Toplantı çərçivəsində keçirilən silsilə tədbirləri ölkəmizin kütləvi informasiya vasitələri ilə yanaşı, dünyanın 200-dək media orqanı geniş işıqlandırır.



































Oxumağa davam et
Reklam
Reklam

Gündəm