AKP sədri: “Avropa Oyunlarına qarşı çıxanlar bizim düşmənimizdir”
Bizi izləyin

Nida.az

AKP sədri: “Avropa Oyunlarına qarşı çıxanlar bizim düşmənimizdir”

“Bakı-2015” Avropa Oyunlarına qarşı çıxan və bunu boykot etməyə çalışan qüvvələr Azərbaycanın düşmənləridir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov bildirib.

Onun sözlərinə görə, “Bakı-2015” Avropa Oyunlarına qarşı aparılan kampaniyalara Azərbaycanın bir sıra müxalifət təşkilatları da qoşulublar: R.Qurbanov həmin təşkilatları da “düşmən” adlandırıb: “Mən onlarla Azərbaycanın düşmənləri arasında heç bir fərq görmürəm. Axı insan nə qədər kor və anti-milli olsun ki, “Bakı-2015” Avropa Oyunlarına sevinməsin? Hər bir ağıllı insan yaxşı anlayır ki, Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizə nə qədər dividentlər gətirir. Siyasi mənsubiyyətindən və mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlı bu oyunlara sevinməlidir. Bu cür tədbirlərə qara yaxmağa çalışan şəxslər isə azərbaycanlı deyil, onlar da bizim düşmənlərimizdir. Vaxtilə Bakıda “Eurovision” beynəlxalq mahnı yarışması da keçirilən zaman bu anti-milli qüvvələr fəallaşmışdı və Azərbaycan əleyhinə bu cür kampaniyalar aparırdılar. Onların arasında “bizim müxalifət” də var idi. Onlara əsl müxalifət deməyə dilim də gəlmir. Doğru müxalifət öz xalqının və dövlətinin əleyhinə olmalı deyil. Hər bir ailədə də müxalif fikir olur. Əslində, müxalif siyasi partiyalar cəmiyyətdə olan nöqsanları hakimiyyətə çatdırmalıdır. Daha xarici dairələrə qoşulub Azərbaycan əleyhinə kampaniyalar aparmalı deyil. Mən bu gün Azərbaycan əleyhinə fəaliyyət göstərən xarici dairələrə daxildən dəstək verən bəzi müxalif partiyaları və şəxsləri azərbaycanlı hesab etmirəm. Çox təəccüb edirəm ki, onlar azərbaycanlı olaraq nə üçün ölkəmizin uğurlarına sevinmək istəmir. Axı doğru müxalif partiya hakimiyyətlə olan hər hansı mübarizəsini kənara qoyub ümummilli məsələlərdə bir mövqedən çıxış etməlidir. Ancaq çox təəssüf ki, Azərbaycanda bir sıra müxalif partiyalarda bu davranış mövcud deyil. Onlar milli maraqlara xidmət etmək üçün çalışmırlar”.

R.Qurbanov Milli Şuranın da fəaliyyətini kəskin qınayıb: “Çox təəssüfləndirici hal odur ki, azərbaycanlı olmağına baxmayaraq, onun üzvləri gedib Qərbdə qapı-qapı gəzib Azərbaycana qarşı sanksiya tətbiq edilməsini xahiş edir, buna çalışır. Dövlətlərə çağırış edirlər ki, onlar Avropa Oyunlarında iştirak etməsin və sairə. Ona görə də mən hesab edirəm ki, bu təşkilata yığılan adamlar “5-ci kolonun” üzvləridir. Mən bunu tam açıq və məsuliyyətlə söyləyirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm