YAP Anlaşma Memorandumu imzaladı
Bizi izləyin

Nida.az

YAP Anlaşma Memorandumu imzaladı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycanın Baş nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Serbiyanın Avropa inteqrasiyası məsələləri üzrə naziri Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az-ın məlumatına görə, qonaqları salamlayan Əli Əhmədov bu səfərin partiyalar arasında dostluq münasibətlərinin etibarlı təməlinin yaradacağına əminliyini bildirib.

Azərbaycanla Serbiya arasında münasibətlərin inkişaf etdiyini deyən YAP Sədrinin müavini ötən ay Serbiyanın Baş naziri, Serbiya Tərəqqipərvər Partiyasının sədri Aleksand Vuçiçin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayıb: “Sizin səfəriniz isə həm partiyalarımız arasında münasibətlərin əsasının qoyulması baxımından əhəmiyyətlidir, həm də, Azərbaycan-Serbiya əlaqələrinin inkişafına töhfə verəcək. Həmçinin, bu səfər nümayəndə heyətinin Azərbaycanla tanış olmasına imkan yaradacaq”.

Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə nazir Yadranka Yoksimoviç Azərbaycana səfər etməsindən şərəf duyduğunu bildirib.

O qeyd edib ki, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir.

Onun sözlərinə görə, Serbiya Baş nazirinin Azərbaycana səfəri də bu baxımdan çox məhsuldar olub.

Qonaq partiyalar arasında əlaqələrin inkişafının da vacib olduğunu diqqətə çatdırıb.

Yadranka Yoksimoviç onu da qeyd edib ki, ölkəsinin parlamentində Serbiya-Azərbaycan Dostluq Qrupu fəaliyyət göstərir ki, onun üzvlərinin sayı 38 nəfərdən ibarətdir. Bu da parlamentdə ən böyük dostluq qruplarından biridir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Yeni Azərbaycan Partiyası və Serbiya Tərəqqipərvər Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm