Araz Əlizadə: “Avropa Oyunlarını keçirmək potensialı çox az ölkədə var”
Bizi izləyin

Nida.az

Araz Əlizadə: “Avropa Oyunlarını keçirmək potensialı çox az ölkədə var”

“I Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdəki imicini möhkəmləndirəcək. Bu baxımdan, Oyunlar olduqca əhəmiyyətlidir”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.


Onun sözlərinə görə, bu səviyyəli oyunları keçirmək üçün çox az ölkənin potensialı var: “Azərbaycanın isə belə bir potensialı yüksəkdir. Bu oyunların ilk dəfə keçirilməsi və bunun məhz Bakıda baş tutması tarix boyu yaşayacağını deməyə əsas verir. Oyunlar qısa müddətdə həyata keçirilməli olduğundan heç bir dövlət bu yükün altına girə bilmədi. Azərbaycan isə bunu üzərinə götürdü və öhdəsindən də gəlib”.


ASDP sədri qeyd edib ki, Avropa Oyunları Olimpiya Oyunlarının keçirilməsi üçün tramplin rolunu oynayır.

“Azərbaycan 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə öz namizədliyini irəli sürmüşdü. Həmin vaxt bizə yeganə irad kimi onu tutdular ki, Azərbaycanın belə böyük yarış keçirmək təcrübəsi yoxdur. İndi Azərbaycan bu təcrübəni əldə etdi və deməli, böyük Olimpiya Oyunlarını keçirə bilər. Əgər Azərbaycan Olimpiya Oyunlarını götürsə, deməli, daha heç bir infrastruktur yaratmaq lazım olmayacaq. Çünki artıq hazırlanıb”, - deyə o bildirib.


A. Əlizadə bu oyunların Azərbaycanın turizm və idman inkişafına da müsbət təsir edəcəyini deyib: “Misal üçün, indiyə qədər bizim normal üzgüçülük zalımız, gimnastika kompleksimiz, normal stadionumuz yox idi. İndi bütün bunlar tikilib və xalqımıza qalacaq. Gün gələcək ki, bizim balalarımız geniş miqyasda idmanla məşğul olacaq, dünyanın tanınmış idmançıları kimi yetişəcək. Bu məsələnin Qarabağ probleminə də müsbət təsiri olacaq. Bura gələnlər görəcək ki, azərbaycanlılar sivil, mədəni insanlardır. Bu mənada Avropa Oyunları xüsusi əhəmiyyət kəsb edir və biz hər birimiz bu oyunlara rəğbətlə yanaşmalıyıq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm