• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Bu oyunlar idman tarixinə qızıl hərflərlə yazılacaq” - Musa Quliyev

  • Nida.az
  • 5 May 2015 12:49
  • 1 145 Baxış
“Bu oyunlar idman tarixinə qızıl hərflərlə yazılacaq” - Musa Quliyev

Ölkəmizdə keçiriləcək “Bakı-2015” I Avropa Oyunlarına 38 gün qalır. Tədbirin möhtəşəmliyi və idman tarixində əhəmiyyətindən əlavə, onun ölkəmizə qazandıracağı dividentlər də danılmazdır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin Publika.az-a bildirdiyinə görə, belə oyunların keçirilməsi həm Azərbaycanın, həm Avropanın, həm də ümumilikdə idman tarixinə qızıl hərflərlə yazılacaq: “Azərbaycan üçün, Avropa üçün, bütövlükdə idman tarixi üçün I Avropa Oyunları çox əhəmiyyətlidir. İdman tarixi üçün ona görə əhəmiyyətlidir ki, hər bir idman hərəkatı özü böyük bir bayramdır, sülhün daşıyıcısıdır, insanlar arasında dostluğu möhkəmləndirən bir addımdır. İkincisi, bu, dünya səviyyəli oyunlar siyahısına daxil olan ilk Avropa Oyunlarıdır. Belə oyunların keçirilməsi həm Azərbaycan, həm Avropa, həm də idman tarixinə qızıl hərflərlə yazılacaq. Bu oyunların beynəlxalq, ictimai əhəmiyyəti var. Belə ki, tədbirin keçirilməsindən sonra Azərbaycanı belə mötəbər bir yarışı keçirə bilən, bu iqtidarda olan dövlət kimi tanıyacaqlar. Bununla Azərbaycanın gücü, nüfuzu təsdiq olunur. Digər tərəfdən, ölkəmizin belə oyunları keçirmək mədəniyyəti, səriştəsi və iqtisadi gücünün olması bəyan olunur”.

Millət vəkili həmçinin bildirib ki, bu oyunlar Azərbaycanın daxili həyatında da böyük əhəmiyyət daşıyır. Oyunlarda iştirak edən idmançılar, onlarla birlikdə gələn digər turistlər, idman həvəskarları idman yarışlarını izləməklə yanaşı, Azərbaycanın ictimai, mədəni, turistik həyatı ilə tanış olacaqlar və ölkəmiz haqqında daha geniş fikirlərlə öz ölkələrinə dönəcəklər: “Gələn qonaqlar bir daha şahidi olacaqlar ki, Azərbaycan xalqı necə mədəni, sivil, tolerantdır. Azərbaycan xalqının niyyəti, məramı xoşdur. Digər bir müsbət cəhət ondan ibarətdir ki, Qarabağı Azərbaycandan ayırmaq istəyən qüvvələr var. Erməni separatçıları, erməni lobbisi belə bir böhtan yayır ki, Azərbaycan xalqı ilə biz bir yerdə yaşaya bilmərik. Niyəsini isə söyləmirlər. Gələn hər kəs görəcək ki, Azərbaycanda hüquqa, demokratiyaya hörmət var. Onlar həm də Azərbaycanın iqtisadiyyatı ilə tanış olacaqlar. Görəcəklər ki, iqtisadiyyatımız çox yüksək səviyyədədir, həm Ermənistanın, həm də Dağlıq Qarabağın iqtisadiyyatından çox-çox üstündür. Başqa bir müsbət cəhəti isə odur ki, gələn turistlər gələcəkdə öz turistik fəaliyyətlərini planlaşdırarkən bir nömrəli məkan kimi Azərbaycanı seçəcəklər. Öz dostları da, yaxınları da Azərbaycana gələcək və dividendlər gətirəcək”.

M. Quliyevin sözlərinə görə, I Avropa Oyunlarından sonra ölkəmizdə keçiriləcək Şahmat olimpiadası, 2017-ci ildə keçiriləcək İslam Ölkələri Olimpiadası üçün Azərbaycan böyük bir məşq keçmiş olacaq və biz bu yarışları daha yüksək səviyyədə həyata keçirəcəyik. Millət vəkilinin bildirdiyinə görə, yarışlar həm siyasi, həm iqtisadi, həm də mənəvi dividentlər gətirəcək. Bu yarışlar Azərbaycanın ictimai, sosial, siyasi həyatı üçün mühüm tarixi hadisə hesab oluna bilər.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR