Azərbaycan – İsrail müttəfiqliyindən qorxan Ermənistanın müdhiş təxribatı
Bizi izləyin

Nida.az

Azərbaycan – İsrail müttəfiqliyindən qorxan Ermənistanın müdhiş təxribatı

Azərbaycan - İsrail münasibətləri Ermənistan üçün dəhşətli kabusa çevrilir. Əsas səbəb rəsmi Bakının Qarabağ münaqişəsində mövqelərini möhkəmləndirən bu faktorun İrəvan üçün arzuolunmaz gələcək vəd etməsidir.

Lakin kiçik və qorxaq Ermənistan üçün dünyanın idarə olunmasında mühüm rola malik olan yəhudi dövlətinə qarşı çıxması intihara bərabər addım olardı. Mart ayında İsrailə səfər edən Ermənistan XİN rəhbəri Eduard Nalbandyanın Təl-Əvivdə heç bir rəsmi şəxs tərəfindən qarşılanmaması, buna rəğmən, İrəvanın susması da bu kontekstdə çox şey deməkdir. Bu, eyni zamanda yəhudilərin ermənilərə olan münasibətini göstərir.


Erməni lobbisi dövriyyəyə girdi və İrana “pas ötürdü”


Lakin hazırda erməni lobbisi dövriyyəyə girib və İrəvanın deyə bilmədiklərini dilə gətirir. Son günlər bu qüvvələr Bakı - Təl-Əviv münasibətlərini pozmaq üçün informasiya təxribatlarına start verib. Təxribat xarakterli məqalələrin yayımlandığı media orqanlarının adları da işin içində erməni lobbisinin olduğuna şübhə yeri buraxmır.

Birinci nümunə: “Bellingcat” saytında Azərbaycan və İsrailin aerokosmik sənayesi. Ermənistan və ya İran üçün xəbərdaredici narahatlıq? başlığı ilə yayımlanan məqaləni müəllifi Masis İngilizian yazır: “İsrail və Azərbaycan arasında aerokosmik sənaye sahəsində əməkdaşlıq və İsrailin Azərbaycana silah satışı regionda sabitliyə təhlükə yaradır. İsraildən Azərbaycana hərbi texnoloji avadanlıqların köçürülmələri artıb. Bu hərbi təchizat isə Azərbaycan və Ermənistan arasında əvvəl əsas qüvvələr tərəfindən təmin edilən həssas balansı pozur. Əgər israilli alimlər azərbaycanlı həmkarlarına kömək etsə, S300PMU-2 Bakıda yaradılan dünyada ən qabaqcıl hava hücumundan müdafiə sistemləri Ermənistana texnoloji problemlər yarada bilər”.

Sonda müəllif qeyd edir ki, Azərbaycan Ermənistanla müqayisədə texnoloji inkişafa nail olub və bu inkişafa görə Ermənistanın hərbi gücünü üstələyir.


Məqalədən də göründüyü kimi, Bakı - Təl-Əviv müttəfiqliyi təkcə Ermənistanı yox, bütün dünya ermənilərini və onların lobbilərini ciddi şəkildə narahat edir. Lakin burda diqqət çəkən əsas məqam Azərbaycan və İsrailin aerokosmik sənayesinin Ermənistan və ya İrana qarşı olduğu fikridir. Ermənilər bununla İrana “pas ötürür” və İsrailə düşmən mövqe bəsləyən Tehranı Bakıya qarşı qaldırmaq cəhdi edirlər.


İkinci nümunə: “Forward” saytında “Nəyə görə İsrailin Azərbaycanla müttəfiqliyi uzaqgörənliyi əks etdirmir?” sərlövhəli məqalədə də Azərbaycanın İsraildən silah alması müxtəlif bəhanələrlə təhlükə mənbəyi olduğu qeyd olunur. Məqalənin müəllifi Kristofer Atamyan (bu şəxs də erməni əsillidir – red.) İsrail Prezidenti Reuven Rivlinin “soyqırım” sözünü işlətmək cəsarətinin çatmadığını bildirir. O, İsrailin Azərbaycanla müttəfiqlik yaratmasını problem olaraq görür və Azərbaycana silah satılmasına qarşı çıxır. Daha sonra müəllif Qarabağ müharibəsi və “erməni soyqırımı” haqda sərsəm iddialarla çıxış edir. Atamyanın iddiasına görə, İsrail o dövlətə silah satır ki, Dağlıq Qarabağ müharibəsində məğlub olmazdan əvvəl, 1991-ci ildə erməni əhalisini tamamilə məhv etməyə cəhd edib: “İsrailin Holokost üzrə elmi işçisi Yair Auron bu yaxınlarda “Haaretz”də yazılan məqalədə Azərbaycana silah satışını belə xarakterizə etmişdi: “Genosid törədən dövlətə silah satmaq, II Dünya Müharibəsi ərzində nasist Almaniyasına silah satmaq kimidir”.


Atamyan daha sonra gülüşlə qarşılanacaq iddiadan çıxış edir. Yazır ki, Azərbaycanda anti-semitizmə görə mitinqlər keçirilir. Müəllif məqalənin sonunda qeyd edir ki, Türkiyə və Azərbaycanın İsrailin dostları olmadığı hər kəsə məlum olmalıdır.


Ermənistanın qüdrətli Azərbaycan ordusu qarşısında əndişəsi


Erməni müəllifin anti-semitizmə qarşı mitinqlərdən danışarkən Ermənistanla Azərbaycanı səhv saldığı aydın görünür. Ermənistanın və erməni lobbisinin Azərbaycan və İsrail münasibətlərindən narahatlıq duyması və mütəmadi olaraq Bakının Təl-Əvivdən aldığı silahları gündəmə gətirməsi təsadüfi deyil. Çünki Ermənistan son illər Azərbaycan ordusunun qüdrətləndiyini yaxşı anlayır və bundan qorxuya düşməsi normal qarşılanmalıdır.


Azərbaycanın silahlanmasına gəlincə, torpaqları işğal altında olan bir dövlətin bu addımı haqlıdır. Azərbaycanın İsraillə hərbi əməkdaşlığı heç bir qonşu ölkəyə qarşı yox, məhz torpaqlarını işğal edən Ermənistana qarşıdır. Azərbaycan ordusunun qüdrətlənməsi üçün lazım olan müasir silahları ABŞ, Fransa, yaxud Almaniya kimi Avropa ölkələri satmaqdan imtina etdiyi bir vaxtda İsrail bu məsələdə öz dəstəyini göstərdi. Ermənistan üzərində üstünlük əldə etməyimiz və torpaqlarımızın qaytarılmasına daha güclü zəmin yaratmaq üçün sovet dövrünün silahlarından imtina edilməsi lazım idi. Məhz buna görə Azərbaycan İsraildən müasir tipli silahlar aldı. Hansı ki, bu hərbi texnika ilə Azərbaycan ordusu ərazi bütövlüyümüzü asanlıqla bərpa edə bilər.


Bakı – Təl-Əviv müttəfiqliyində erməniləri narahat edən daha bir amil


Azərbaycan - İsrail müttəfiqliyindən ermənilərin narahat olmasına səbəb olan digər amil də diqqət çəkəndir. Belə ki, uzun müddət xaricdə, xüsusilə ABŞ-da erməni lobbisi Azərbaycan həqiqətlərini yanlış istiqamətdə təqdim edib. Buna görə də dünya erməniləri “yazıq xalq” kimi tanıyaraq onların törətdiyi vəhşilikləri azərbaycanlıların ayağına yazırdı. Lakin rəsmi Bakının İsraillə isti münasibətlər qurması ABŞ-dakı güclü yəhudi lobbisinin dəstəyinin qazanması ilə nəticələndi. Bununla da erməni mifinin eroziya dövrü başladı. Bu gün artıq dünyanın gözü açılmaqdadır. Yəhudi lobbisi ilə əməkdaşlıq bu mifin sonunu gətirəcəyini deməyə əsas verir. Ermənilər uzun illər qurduqları yalanların ortaya çıxmasından narahat olur və zaman-zaman informasiya təxribatına start verirlər.


Üçüncü nümunə: Ermənilər və erməni lobbisi İsraili “erməni soyqırımını” tanımamaqda da ittiham edirlər. “The Times Of İsrael” və “The Washington Post” nəşrləri yazır: “Çoxları İsrail hökumətini Türkiyənin törətdiyi 1.5 milyon erməninin qırğınına yanaşmanı dəyişməyə çağırsa da, geosiyasi mülahizələr üstünlük təşkil edir”.

Məqalədə İsrailin prezidenti Reuven Rivlinin bu ilin əvvəlində Nyu-Yorkda keçirilən Beynəlxalq Holkostu Xatırlama Günü ilə bağlı BMT-də çıxışından yazılıb. Qeyd edilir ki, Reuven Rivlin nitq söyləyərkən “soyqırım” sözünü işlətməyib. Bu isə İsraildə yaşayan erməni cəmiyyətini məyus edib. İsraildə Erməni İşləri üzrə Komitənin üzvü Georgette Avakian bildirib ki, “Rivlin prezident olmamışdan əvvəl birmənalı şəkildə soyqırımı tanıdan ölkənin ən güclü vəkillərindən biri idi, lakin prezident seçildikdən sonra, münasibət dəyişib”.


İsrailin Azərbaycana sevgisi, Ermənistana nifrətinin sirri


Ermənistan və erməni lobbisinin anlamadığı gerçəklərsə başqa cürdür. Bu gün İsrail zəif və etibarsız Ermənistana görə Azərbaycan və Türkiyə kimi ciddi nüfuza malik ölkələrlə münasibətləri pozmaq kimi yanlış addım atmaz. Azərbaycan İsrailin neft ehtiyacının 40 faizinə qədərini təmin edir. Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycanla münasibətləri İsrail üçün geosiyasi maraqlar baxımından da önəmlidir.
Bununla yanaşı, yəhudilərin Azərbaycana sevgi, Ermənistana isə nifrət bəsləməsinin sirri var. Yəhudilər tarix boyu Azərbaycanda rahat və bərabər şəkildə yaşayıblar. Ölkədə rəsmi şəkildə bərabərhüquqlu vətəndaş olaraq yəhudilərin hüquqları tanınır. Yəhudi əsilli şəxslər rəsmi strukturlarda, Milli Məclisdə təmsil olunurlar. İsrail sərhədləri xaricində ən böyük sinaqoq Azərbaycanda inşa olunur.


Ermənistanda yaşayan yəhudilərin durumu isə olduqca acınacaqlıdır. Monolit ölkə kimi Ermənistan daim anti-semitizm etirazları ilə çalxalanır.


Beynəlxalq münasibətlər üzrə İsrail eksperti bu haqda yazır: “Ermənistanda anti-semitizm mif yox, kədərli reallıqdır. Sovet İttifaqının dağılmasından sonra Ermənistanda yəhudi xalqının nümayəndələri kəskin şəkildə azaldı. Ermənistanda antisemitizm güclənməsi və indiyə qədər davam edən iqtisadi çöküş yəhudiləri bu ölkədən qaçmağa məcbur etdi. Son 20 ildə Ermənistanda yəhudilərin sayı 5000-dən yüzə qədər azalıb. Ermənistanda hökumətə yaxın KİV yəhudilərə qarşı ayrı-seçkilik nümayiş etdirirlər”.


Göründüyü kimi, anti-semitizmi və terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan Azərbaycan – İsrail müttəfiqliyini bütün vasitələrlə pozmaq istəyir. Bu prosesdə əsas rolu da məhz erməni lobbisi üzərinə götürüb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm