
“I Avropa Oyunları üzərindən Azərbaycana qarşı qara piar
kampaniyası aparanların arzusu ürəklərində qalacaq”.
Bunu Publika.az-a açıqlamasında hakim
partiyanın üzvü, sabiq baş prokuror Əli Ömərov deyib.
Onun sözlərinə görə, Avropa Oyunlarının Bakıda keçirilməsi
ölkəmiz üçün olduqca dəyərli hadisədir: “Azərbaycan haqda yanlış
rəyə malik olan ölkələr var. Lakin bu oyunlar mənfi rəyi kökündən
dəyişdirəcək. Qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyini,
ölkəmizin inkişafını, gözəl Bakımızı görəcək, öz vətənlərində
bunları təbliğ edəcəklər”.
Sabiq baş prokuror ən azı 60 ölkədə Azərbaycan haqda eyni vaxtda
təbliğat xarakterli materialların yayılmasını tanınmaq baxımından
əhəmiyyətli məqam olduğunu bildirib.
“Bu oyunların əhəmiyyəti olduqca böyükdür. Bu gün Avropa
Oyunlarının əhəmiyyətsiz olduğunu, ölkəyə ziyan vuracağını deyənlər
var. Hesab edirəm ki, onların marağı bu xalqın marağı ilə üst-üstə
düşmür. Onlar erməni lobbisinə, erməni siyasətinə xidmət
edənlərdir. Ölkəmizə gələn qonaqlar xalqımızın nə qədər mədəni,
intellektual olduğunu əyani şəkildə görəcək və yanlış rəylərin
üzərindən xətt çəkiləcək”, - deyə Ə. Ömərov vurğulayıb.
Asif Nərimanlı