7 min manatlıq cərimə qüvvəyə mindi – SƏRƏNCAM
Bizi izləyin

Nida.az

7 min manatlıq cərimə qüvvəyə mindi – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1270-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1270-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 224-1-ci və 298-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq dövlət orqanı barədə təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Qeyd edək ki, qanuna əlavələr aşağıdakı dəyişiklikləri nəzərdə tutur:

“Maddə 224-1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş

biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş

tariflərdən yüksək qiymətə satılması


224-1.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

224-1.2. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

Maddə 298-1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma

298-1.0. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni:

298-1.0.1. bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına;


298-1.0.2. bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm