Əli Həsənov: “Azərbaycan enerji təhlükəsizliyinin təminatı sahəsində ən əlverişli tərəfdaşdır” (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Azərbaycan enerji təhlükəsizliyinin təminatı sahəsində ən əlverişli tərəfdaşdır” (YENİLƏNİB)

“Hazırda Azərbaycan Xəzər Dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində ən əlverişli və ümidverici tərəfdaş hesab olunur”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş “Azərbaycan müasir dünyada” konfransındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri məhsulun dünya bazarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılmasıdır. Ə.Həsənov deyib ki, bu anlamda Azərbaycanın özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi sahəsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir: “Onlarla müqayisədə ölkənin enerji ixracı riskləri çox aşağı səviyyədədir.

Hazırda Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorosiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən 3 neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxmunən 30-40 milyard kubmetr olan maye qaz kəmərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini sıfıra endirib. Avrasiyanın ən tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət enerji yanacaq və nəqliyyat kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir”.

***

“Azərbaycan Cənubi Qafqazda xristianlıqla islamın sərhədlərinin və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan, öz multikultiraıist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Bakıda ulu öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş “Azərbaycan müasir dünyada” adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü ardıcıl siyasət regionda Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı həm də Cənubi Qafqaz və Xəzər Hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Ə.Həsənov deyib ki, bütün bunlar Azərbaycanın xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur: “Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi ilə bağlı olub.

Azərbaycan regionda yürütdüyü balanslı siyasəti ilə həm avroatlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib. Hazırda Azərbaycanın əksər xarici və region ölkələri ilə yaxşı tərəfdaşlıq və əməkdaşlıq münasibətləri var. ABŞ, Avropa Birliyi ilə yanaşı, Azərbaycan Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya, Yaxın Şərq, 2012-cildən Qoşulmama Hərəkatına üzv olduqdan sonra isə bir sıra Cənubi Amerika ölkələri ilə tərəfdaşlıq əlaqələri yaradıb. Ətraf ölkələrdən onun yalnız Ermənistanla Dağlıq Qarabağla bağlı münaqişəsi və problemləri mövcuddur. Xəzər hövzəsi ölkələri içərisində Türkmənistan və İranla Xəzər Dənizindəki sektor bölgüsü və bəzi yataqların mənsubiyyəti ilə bağlı müəyyən problemlər olsa da, hazırda bu ölkələrlə bütün digər sahələr üzrə dostluq və tərəfdaşlıq münasibətləri hökm sürür. Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı geosiyasi dəyərini daha da artırıb. Təsadüfi deyil ki, ekspertlər Bakını “Humanitar Davos” adlandırırlar. Azərbaycanda məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerant ölkələrdən biridir. 2012-ci ildə “Evrovision” mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan artıq 2015-cil ildə I Avropa Oyunlarını keçirməyə hazırlaşır”.

Ə.Həsənov onu da qeyd edib ki, Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən amillər də mövcuddur: “Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən bəri həll olunmamasını aid edirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycan milli inkişaf yolunda rastlaşdığı ən mühüm problem də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm