Mələklər şəhərinə qayıdacağım gün...
Bizi izləyin

Nida.az

Mələklər şəhərinə qayıdacağım gün...

Bəzən dostlarla dini mövzularda söhbət edəndə məndən cənnətə, yaxud cəhənnəmə inanıb-inanmadığımı soruşurlar.

Deyirəm ki, mən artıq cənnəti görmüşəm. Heyrətlə üzümə baxırlar. Bəli, əgər cənnət təsəvvür etdiyiniz kimidirsə, mən artıq orda olmuşam. Təbiəti, füsunkar gözəlliyi, havası, suyu, insanları ilə Şuşa məhz cənnət idi.

Fotolarda gözəl görünə bilər. Ancaq bircə dəfə də olsun Şuşada olmayan adam bu şəhərin təkrarolunmazlığını hiss edə bilməz.

Həmişə Vətən sözü ilə ana sözünü yanaşı işlədirlər. Mənimçünsə Şuşa ata vətənimdi. Kiçik vətən. Hərgah ki, ana tərəfim şuşalıdı. Ancaq bu yerləri uşaqlıqdan mənə sevdirən, onu qarış-qarış gəzdirən məhz atam olub.

Hardasa, 7 yaşınadək bu şəhərdə yaşamışam. O vaxt atam Şuşada işləyirdi. Nənəmgilin evində qalırdıq. Bəstəkar Süleyman Ələsgərovla qonşu idik.

Sonra da hər yay mütləq bura gələrdik. Qışda sakit, cansıxıcı olan şəhər yayda qaynayardı. Əhalisi on dəfə artardı. Azərbaycanın hər yerindən insanlar bura axışırdı. Sanatoriyalar rus turistləri ilə dolardı.

Qəribə mənzərə idi - axşamçağı şəhərin bir tərəfindən muğamat, digər tərəfindən - turistlər qalan sanatoriyadan xarici estrada musiqisinin sədaları eşidilərdi.

Ən xoşladığım məkanlardan biri “26-lar parkı” idi. Axşamçağı burada adam əlindən tərpənmək olmurdu. Hə, bu parkın öz “İkar”ı (qədim yunan mifologiyasında obraz) vardı. Adı Cənnət idi. Özünə qanad düzəltmişdi. Uçmaq istəyirdi, ancaq alınmırdı. Deyirdi, bir gün mütləq uçacam.

İllər keçəndən sonra öyrəndim ki, bizim “İkar” döyüşlər vaxtı şəhid olub. Adı Cənnət idi, məkanı da cənnətdir. Buna əminəm.

“Natəvan” kinoteatrının yanındakı park kiçik olsa da, içində çoxlu attraksionlar vardı. Burdakı “Şeytan çarxı”na minmək ürək tələb edirdi. Şuşa özü dağların zirvəsində yerləşirdi, üstəlik, bu çarxa minmisənsə, bütün dünya ayağının altında qalırdı.

Şəhərdə yay aylarında çoxlu uşaq düşərgələri olurdu. Hər düşərgənin öz futbol komandası vardı. Avtovağzalın yanındakı kiçik stadionda mini-çempionat keçirilirdi. Oyunlara baxmağa gələnlər çox idi. Şuşanın komandası “Qala” adlanırdı. Ən yaxşı oyunçusunun adı Amoral idi. Deyilənə görə, hansısa fransız futbolçunun adını götürmüşdü. Prinsipial oyun isə Ağdam və Xankəndi komandaları arasında olurdu. Ermənilərlə ilk münaqişəni məhz bu komandaların oyununda müşahidə etdim. Ermənilər uduzanda cığallıq edirdilər. Oyundan sonra ağdamlı fanatlar cığalları möhkəm döydülər. Milis bir neçə nəfəri həbs etdi. O cümlədən əmim uşaqlarını. Sonra cərimə edib buraxdılar...

Bir xatirəm isə Firəngiz Mütəllibova ilə bağlıdır. Yayda anasıgilə gələrdi. Həmin vaxt o, Gülnar obrazı (“Səni axtarıram” televiziya tamaşası – red.) ilə şöhrətin zirvəsində idi. Bir dəfə Firəngizlə anası yolla gedəndə arxalarınca düşdük. Yaşca böyük uşaqlar söz atırdılar. Qəfildən Firəngizin anası hirsləndi və uşaqların üstünə gəldi. Hamı qaçdı. Aralarında ən kiçiyi mən idim. Onda gözümü açdım ki, bir qulağımı anası, o biri qulağımı Firəngiz burur: “Boyuna bax, söz atmağına bax”. Halbuki mən sakitcə uşaqların dalınca düşmüşdüm, o vaxtım deyildi ki, kiməsə söz atam. Gözlərim dolanda Firəngiz yumşaldı. Əyilib üzümdən öpdü. Uzaqdan uşaqlara yanıq verirdim, mənə həsədlə baxırdılar. Dünyanın ən gözəl qızı məni öpmüşdü...

Üzeyir Hacıbəyov haqda film çəkilən il isə daha əyləncəli oldu. Yaşıdlarımla birlikdə hər gün gedib çəkilişləri izləyirdim. Üstəlik, bir-iki kütləvi səhnədə çəkilmişdik də...

Avqust ayında Molla Pənah Vaqif günləri keçirilirdi. Cıdır düzündə böyük konsert təşkil olunurdu. Azərbaycanın birinci katibi Heydər Əliyev özü də bu konsertlərdə iştirak edirdi. Onun gəldiyi xarici maşının ətrafına yığışıb maraqla baxırdıq. O vaxt belə maşınlar tək-tük idi. İlk dəfə Zeynəb Xanlarovanı da o konsertdə gördüm. Dəbə uyğun ağ şalvar geymişdi. Oğlanları kiçik idi. Uşaqların əllərindən tutub konsertin sonunu gözləyirdi. Ən sonda həmişə Zeynəb xanım oxuyardı. Hamı onun çıxışını gözləyərdi. Son akkord Zeynəblik idi...

Şuşanın öz pəhləvanı da vardı - Qaçay pəhləvan. İri gövdəli kişi idi. Tamaşa vaxtı üstündən yük maşını keçirdi. Qalın armatur dəmiri əyib biləyinə dolayardı. Özü kimi övladları da pəhləvan idi...

Qəribədir, bəzən Bakı boyda böyük şəhərdə istirahət etməyə normal məkan tapmaq olmur. Şuşada isə belə yerlərin sayı-hesabı yox idi. Cıdır düzünə, İsa bulağına gedir, yaxud Daşaltıya düşürdük...

Arada atamla dağlara çıxırdıq. Şuşanın üst tərəfində, dağlarda çoxlu xarabalıqlar vardı. Böyürtkən kolluqları arasında itib-batmışdı. Ötən əsrin əvvəlində erməni-müsəlman davasında dağılmış evlər idi. Bir dəfə yolumuz erməni qəbiristanlığının yanından düşdü. Başdaşlarına baxırdıq. Bəzilərinin üstündə 1870, 1887 və bu kimi tarixlər yazılmışdı. Atam köksünü ötürdü: “Görürsən, erməni qəbirləri qalır, bizim qəbirlərsə itib-batıb, çünki dinə görə, müsəlman qəbri torpağa qarışmalıdı. Bir şey olsa, bu qəbirləri gözümüzə soxacaq ermənilər. Deyəcəklər ki, bura əzəldən bizim olub”...

Axırıncı dəfə Şuşaya helikopterlə getmişəm. Artıq əsgərliyimi çəkib qurtarmışdım. Şəhərin ermənilər tərəfindən atəşə tutulan vaxtları idi. O gözəl, şən Şuşadan əsər-əlamət qalmamışdı. Cənnətin necə cəhənnəmə döndüyünü o vaxt gördüm...

İndi nə Şuşam var, nə də atam. İkisini də itirmişəm. Şuşanı bir də görəcəyəmmi? Əminəm ki, hə. Pafosdan uzağam. Deyə bilmərəm ki, müharibə yenidən nə vaxt başlayacaq, nə vaxt dünya gücləri ədaləti bərpa etməyimizə mane olmayacaq. Əminliyimin başqa səbəbi var. Atam dünyadan köçəndə dövlət qəzetlərinin birində başsağlığı verilmişdi. Ən qəribəsi odur ki, bu ciddi qəzetin elə həmin səhifəsində “Ölümdən sonra həyat” adlı məqalə verilmişdi. “İncil”dən sitatlar idi. Orada deyilirdi ki, insan bu dünyada yaxşı əməl sahibi olubsa, öləndə arxasınca onu bu dünyadan aparmağa Əzrayıl yox, ən istədiyi, bu dünyadan köçmüş əzizi gəlir. Ona görə insan rahat köçür o biri dünyaya. İlk günlər ərzində ruh ən çox xoşbəxt olduğu yerləri gəzib-dolaşır...

Bu məqalədən sonra fikirlərimdə dəyişikliklər oldu. Toxtadım. Kiməsə qəribə gəlsə də, əminəm ki, mən bu dünyadan köçəndə arxamca atam gələcək. Əlimdən tutacaq, yenə Şuşaya, həmin dağlara aparacaq. Mələklər şəhərinə...

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm