• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi” – FOTOLAR

  • Nida.az
  • 8 May 2015 15:33
  • 716 Baxış
“Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi” – FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Koalisiyası tərəfindən “Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi” mövzusunda “dəyirmi masa” işə başlayıb.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyası daha da genişlənib. Onun sözlərinə görə, bu cür kampaniyanın “Bakı 2015” Avropa Oyunları ərəfəsində keçirilməsi təsadüfi deyil: “Vətəndaş cəmiyyəti və media olaraq biz də öz növbəmizdə bu cür kampaniyalara cavab verməliyik. Həmçinin “Bakı 2015” Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan şəxslərin və təşkilatların adları açıqlanmalıdır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, ilk Avropa Oyunları Bakıda keçirildiyinə görə, standartlar da burada formalaşır: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi sahəsində öz mövqeyini gücləndirəcək, o cümlədən erməni diasporunun anti-Azərbaycan siyasətinə zərbə vuracaq. Çünki ermənilər bildirir ki, Azərbaycan tolerant olmadığından onlar üçün təhlükə var. Lakin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi onların dünyaya yaymaq istədiyi yalanları aşkar edir. Azərbaycana qarşı həyata keçirilən kampaniyaların arxasında Ermənistan, ermənipərəst qüvvələr və erməni lobbisidir.

Biz Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına 2012-ci ildə Azərbaycanda keçirilən “Avroviziya” mahnı müsabiqəsində də şahid olmuşuq.

İlk Avropa Oyunları ərəfəsində də davamlı olaraq bu proses gedir. Təbii ki, bu, gözlənilən bir hadisədir və Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Bu kimi beynəlxalq təşkilatlar faktiki olaraq eyni mənbədən, mərkəzdən idarə olunurlar. Bu baxımdan da, hesab edirəm ki, bəzi xarici təşkilatların birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı sərgilədiyi qarayaxma kampaniyası yayılan açıqlamalardan, verilən bəyanatlardan fərqli bir yanaşma tərzi deyil”.

Əmək Hüquqları Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, Avropa Məhkəməsinin qərarlarına baxarkən xeyli sayda problemlərin olduğu aşkarlanır. Onun sözlərinə görə, sərbəst toplaşmaq azadlığı Avropa məkanında tam təmin olunmayıb: “Azərbaycanla bağlı isə belə bir qərar yoxdur. Ya bu qanunlar bizdə daha yaxşıdır, ya da ki şikayət olunmayıb. Qeyd edim ki, şikayətlər olub, sadəcə iddia əsaslandırılmayıb. Amerikada da bu sahədə xeyli problemlər var”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı ilə bağlı heç bir problem yoxdur: “Bunun üçün hər cür şərait yaradılıb. Fikir verin, əvvəllər Əli Kərimli ayda 1 dəfə mitinq keçirirdisə, indi hər həftə aksiya təşkil edir. Bir tərəfdən iddia edirlər ki, guya Azərbaycanda narazı insanlara sərbəst toplaşmağa icazə verilmir. Məgər icazə verilməsəydi, o zaman Milli Şura hər həftə şəhərin mərkəzində necə aksiya keçirir? Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. Bir sıra xarici dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Ancaq bütün bunlar Azərbaycandakı ictimai-siyasi proseslərə heç bir təsir göstərməyəcək. Azərbaycanda “Bakı-2015” Avropa Oyunları yüksək səviyyədə təşkil olunacaq”.

“Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazıçı Yunus Oğuz qeyd edib ki, yeni yaranmış dövlətlərə bəzi beynəlxalq təşkilatlar vasitəsilə təzyiq etmək istəyirlər. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı münaqişəyə dünya dövlətləri tərəfindən ikili standartlarla yanaşma var: “Dağlıq Qarabağla Krımı müqayisə edərkən açıq şəkildə Krıma qarşı daha diqqətlə yanaşılır, ilhaqı bəyan edilir. Lakin Dağlıq Qarabağdakı qondarma rejimi Qərb dövlətləri tanımadıqlarını bəyan etsələr də, əlaltdan köməklik göstərir. Əminəm ki, Azərbaycan ona qarşı olan bu ikili standartlara baxmayaraq, öz yolunda davam edəcək”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, Azərbaycan qısa vaxt ərzində Birinci Avropa Oyunları ilə bağlı çox böyük işlər görməyə başlayıb: “Azərbaycanda media və söz azadlığı ilə bağlı da xeyli işlər həyata keçirilib. Amerikada hələ də ölüm hökmü qüvvədədir. Belə olan halda Azərbaycana qarşı iradlar bildirməyə haqqı yoxdur. Onların tələb etdikləri prinsiplər heç onların özündə yoxdur və ümumiyyətlə, bunu həyata keçirmək imkanı belə yoxdur. Lakin bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı belə bir iddialar irəli sürülür. Faktiki olaraq, Azərbaycanda mətbuatla, söz azadlığa ilə bağlı mükəmməl qanunvericilik bazası var. Bu da onu göstərir ki, Azərbaycanda söz azadlığı sahəsində kifayət qədər müsbət işlər görülüb”.

Politoloq Cabbar Məmmədov isə bildirib ki, dünyada Uşaq Hüquqları Konvensiyasını ratifikasiya etməyən iki dövlətdən biri Amerikadır. Onun sözlərinə görə, digər ölkə isə Somalidir ki, hələ də orada uşaqlara ölüm hökmü çıxarılır: “ABŞ-da seçkiləri müşahidə etmək 4 ştatdan başqa digərlərində qəti qadağandır. Qeyd edilən 4 ştatda isə icazə ilə müşahidə aparılır. Bu mənada ABŞ tərəfindən Azərbaycana qarşı edilən təzyiqləri heç bir əsası yoxdur. Azərbaycan neytral mövqedədir və bunu dünya ölkələri qəbul edə bilmir”.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova söyləyib ki, qədimdən bəri idman yarışları dünyada sülhə çağırış etsə də, Azərbaycana çatdıqda sülh diqqətdən kənara qoyulur: “Bu qarayaxma kampaniyası ölkəmizə qarşı məqsədli şəkildə edilir. Yanlış informasiya cəmiyyətə ötürülür ki, bu da gələcəkdə problemlərə gətirib çıxarır. Ona görə də biz indidən bu yanlış informasiyaların qarşısının alınması istiqamətində addımlar atmalıyıq. Bunun üçün də vətəndaş cəmiyyəti olaraq, birləşib Azərbaycan qarşı idarə edilən qarayaxma kampaniyalarını ifşa etməliyik”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR