Deputat: "Azərbaycan qadınları idman bacarıqlarını Avropa Oyunlarında nümayiş etdirəcəklər"
Bizi izləyin

Nida.az

Deputat: "Azərbaycan qadınları idman bacarıqlarını Avropa Oyunlarında nümayiş etdirəcəklər"

ABŞ-da çıxan siyasiyönümlü “Roll Call” qəzetində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini və Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyevanın “Pekin-1995-dən Bakı-2015-dək, qadınların hüquqları insan hüquqlarıdır” sərlövhəli məqaləsi dərc olunub.

Publika.az-ın məlumatına görə, müəllif yazır ki, ABŞ-ın keçmiş birinci xanımı, senatoru və dövlət katibi Hillari Klinton özünün məşhur “Qadın hüquqları insan hüquqlarıdır” kəlamını Nyu-Yorkda keçirilən “Dünyada qadınlar” adlı zirvə görüşündə təkrarlayıb. Azərbaycan bu fikrə müsbət reaksiya verib.

S.Fətəliyeva qeyd edir ki, Hillari Klintonun 20 il əvvəl Pekində BMT-nin IV Ümumdünya konfransındakı nitqində elan etdiyi bu doktrina Azərbaycan parlamentinin qadın deputatı kimi onun və ölkəmizin bir çox digər qadınlarının hisslərinə cavab verir.

ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair ənənəvi hesabatı açıqlamağa hazırlaşdığı və ABŞ Konqresinin dünyanın başqa ölkələri ilə Amerikanın müttəfiqlik əlaqələrinin müzakirəsini davam etdirdiyi bir vaxtda ölkənin siyasətini müəyyənləşdirən vəzifəli şəxslər həmin ölkələrin əhalinin qadın qismi üçün təmin etdikləri azadlıq və imkanları lazımınca qiymətləndirməlidirlər.

S.Fətəliyeva yazır ki, həmin standarta görə, Azərbaycan ölkəmizə qarşı yönəldilmiş kampaniya nəticəsində ittihamlar vasitəsilə təcrid edilməməli, nümunəvi bir dövlət kimi önə çıxmalıdır.

Dövlət, iqtisadiyyat və təhsil strukturlarının işində fəal rol oynayan Azərbaycan qadınları dünyanın bu narahat və mühafizəkar regionunda mötədillik və modernləşdirmə amilidirlər. Deputat vurğulayır ki, Azərbaycan qadınlara seçki hüququnu Birləşmiş Ştatlardan əvvəl – 1919-cu ildə verib, bununla da qadınlara belə hüquqlar vermiş ilk islam cəmiyyəti olub. S.Fətəliyeva daha sonra yazır ki, Azərbaycanın hüquq sistemi qadınlar və kişilər üçün bərabər hüquqlar təmin edir, ölkə hökumətində və yerli administrasuiyalarda qadınların tutduğu vəzifələrin sayı artır.

Özünü nümunə göstərən S.Fətəliyeva vurğulayır ki, dövlət qulluğunda Azərbaycan qadınının inkişafı labüddür. Onun sözlərinə görə, hələ 2010-cu ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsinin rəhbəri olanda ölkə parlamentinə namizədliyi irəli sürülüb.

Sonra o, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini vəzifəsinə seçilib, habelə ölkənin hakim partiyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri təyin olunub. Birləşmiş Ştatlara səfər edən S.Fətəliyeva amerikalı dostlarına Azərbaycan qadınının ictimai fəaliyyətindən danışır.

Azərbaycanın iqtisadi baxımdan fəal əhalisinin az qala yarısını təşkil edən qadınlar təhsil sahəsində bütün işçi qüvvəsinin 67,9 faizini, səhiyyə və sosial işlər sahəsində 70,7 faizini, informasiya texnologiyaları və kommunikasiyalar sektorunda 76,2 faizini, maliyyə və sığorta sektorunda 37,3 faizini, daşınmaz əmlak sektorunda 47,2 faizini, elm, peşə və texniki xidmətlər sahələrində 64,1 faizini, habelə dövlət idarəçiliyi və müdafiə sektorunda çalışanların 15,4 faizini təşkil edirlər. Bundan əlavə, qadınlar doktorantura proqramları tələbələrinin 50,8 faizini təşkil edirlər ki, onların da 45,3 faizi təhsil sahəsində, 63,9 faizi kimya, 54,7 faizi tibb, 72,2 faizi biologiya, 50 faizi psixologiya, 54,3 faizi fizika və riyaziyyat, 59,1 faizi memarlıq, 39,1 faizi hüquqşünaslıq və 35,8 faizi iqtisadiyyatın öyrənilməsi sahələrində ixtisaslaşır.

S.Fətəliyeva vurğulayır ki, Azərbaycan qadınları təhsil sahəsində iştirak etməklə yanaşı, idman peşələrində də təmsil olunublar. Onlar idman bacarıqlarını bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarında nümayiş etdirəcəklər.

Azərbaycan qadınları beynəlxalq aləmdə dinc inkişafa da dəstək verirlər. Azərbaycan iyirmi il əvvəl “Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiya imzalayılb. Azərbaycan ölkə parlamentində aparılan müzakirələr, Daxili İşlər Nazirliyinin təlim-tədris kursları və Avropa Şurası ilə birlikdə keçirilən konfranslarla yanaşı, başqa ölkələrdə olduğu kimi, uşaqlara qarşı seksual zoraklılıqla mübarizəni də davam etdirir.

Sonda S.Fətəliyeva yazır ki, istər ABŞ Konqresinin, istərsə də Azərbaycan parlamentinin qadın deputatları öz uşaqlarına xoş gələcək arzulayırlar. Azərbaycan siyasətlə fəal məşğul olan qadınlarının köməyi ilə münaqişələrin həllində mühüm rol oynaya bilər və ABŞ bu ölkəyə tərəfdaş kimi baxmalıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm