Baş redaktorlar Avropa Oyunlarından danışır
Bizi izləyin

Nida.az

Baş redaktorlar Avropa Oyunlarından danışır

I Avropa Oyunlarına 34 gün vaxt qalıb. Avropa Oyunlarının məşəli bölgələri dolaşdığı bir vaxtda hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bəs 50 ölkədən 6000-dən çox idmançının və yüzlərlə turistin qatılacağı bu oyunlar Azərbaycana hansı üstünlüklər gətirə bilər?

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı hesab edir ki, ölkəmizin oyunlara ev sahibliyi etməsi onun iqtisadi və siyasi baxımdan uğurlarının, Avropa dəyərlərinə sadiqliyinin nəticəsidir.

“Bu vaxta qədər bir sıra vacib yarışlara, tədbirlərə ev sahibliyi etmişik. Bu tədbir ölkəmizin Avropa ailəsində yerini müəyyən edəcək. Təbii ki, beynəlxalq səviyyədə keçirilən idman oyunlarının siyasi əhəmiyyəti olur. Alt qatda milli, dövlət maraqları, ölkənin inkişafı ilə bağlı dünyaya düzgün mesajın verilməsi dayanır. Bu baxımdan, Azərbaycan oyunlar vasitəsilə, mədəniyyətə, idmana və digər sahələrə verdiyi dəyəri dünyaya çatdırmış olacaq. Oyunlar vasitəsilə Qarabağ həqiqətlərini, üzləşdiyimiz çətinlikləri ölkəmizə gələn qonaqlara təqdim edəcəyik”.

Azərbaycan kimi müstəqilliyi yeni qazanmış ölkələrin Avropa dəyərlərinə verəcəyi töhfələr oyunların əsas məqsədlərindədir.

“Hazırda oyunlar üçün qurulan obyektlər ölkəmizin gələcəkdə də mötəbər yarışlara ev sahibliyi etməsinə xidmət edəcək. Bununla yanaşı, yarışların keçiriləcəyi müddətdə ölkəmizə gələcək şəxslərin dolğun məlumat alması üçün gənclərin və medianın üzərinə böyük vəzifələr düşür. Həqiqətlərimiz avropalıların anlayacağı dildə-daha yığcam, daha anlaşıqlı və müasir formada çatdırılmalıdır. Məsələn, idmançıların yerləşdiyi otellərdə, istirahət məkanlarında Azərbaycan həqiqətlərini əks etdirən nümunələr çox olsun. Gənclərimiz bu sahədə çox inkişaf edib, müasir texnologiyaların verdiyi imkanlardan istifadə edib fəal olmalıdır. Bu gün qəzetlərə, saytlarımızın əksəriyyətinə baxanda Avropa Oyunlarının keçirildiyini və ölkə ictimaiyyətinin buna diqqətinin olduğunu görmək olar”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyinin tarixi bir hadisə olduğunu deyib:

“Bəlkə də biz bu gün bunu o qədər də real dəyərləndirə bilmirik. Amma zaman keçdikcə, bu, daha qabarıq hiss olunacaq. Bundan sonra, hər dəfə Avropa Oyunları keçiriləndə Azərbaycanın adı xatırlanacaq. Bu cür beynəlxalq yarışlar Azərbaycan kimi özünü dünyaya təqdim etmək istəyən bir ölkə üçün həm də gözəl fürsətdir. Təsəvvür edin ki, iyunun 12-dən 28-dək bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq. TV kanalları bizdən danışacaq, Bakıdan, oyunların keçirildiyi yerlərdən reportajlar verəcəklər. İştirakçılar və qonaqlar Bakının necə gözəl bir şəhər olduğunu əyani şəkildə görəcəklər. Bu, gözəl bir reklam olacaq. Bundan əlavə, yarışdan sonra bizə oyunların keçirilməsi üçün hazırlanmış gözəl bir infrastruktur qalacaq. Bu infrastrukturdan, həm sadə insanlar, həm də idmançılarımız yararlanacaqlar”.

İ.Quliyev Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına toxunaraq, artıq belə hallara öyrəndiyimizi dedi:

“2012-ci ildə “Avrovision” mahnı yarışması ərəfəsi də bu cür hallarla qarşılaşmışdıq. O vaxt da eyni kanallarla Azərbaycanı gözdən salmağa çalışmışdılar. Maraqlıdır ki, bu dəfə əleyhimizə istifadə etmək üçün problem tapa bilmirlər. Gah küçə itlərinin “qeydinə qalırlar”, gah avtobuslarda əlillər üçün quraşdırılmış oturacaqların sökülməsindən şou düzəltməyə çalışırlar, gah da Bakı otellərində təklif ediləcək səhər yeməyinə qarşı çıxırlar. Ara-sıra da siyasi məhbus, media azadlığı məsələsini gündəmə gətirməyə çalışırlar. Təbii ki, heç nəyə nail də ola bilmirlər. Amma belə cəhdlərin olması belə bizləri təəccübləndirir. Düşünürsən ki, buna nə ehtiyac var axı? Hesab edirəm ki, Azərbaycan mediasının Avropa Oyunlarına diqqəti yüksək səviyyədədir. Mətbuat bu oyunları əsas mövzusuna çevirib və yeri gəldikcə turnirə qara yaxmaq istəyənlərin cavabını verir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm