Birinci Avropa Oyunlarında hədəf Azərbaycandır
Bizi izləyin

Nida.az

Birinci Avropa Oyunlarında hədəf Azərbaycandır

“Azərbaycanda reallaşacaq I Avropa Oyunlarına sayılı günlər qaldıqca, bu idman tədbiri haqqında müzakirələrin daha da çoxalması təbiidir. Şühbəsiz ki, məsələnin ölkəmiz və dünya idman tarixi üçün uğurlu əhəmiyyətini vurğulayanlarla yanaşı, tənqidi, qərəzli fikirlər səsləndirənlər də mövcuddur. Tənqidlərin önündə Avropanın bir sıra tanınmış media orqanlarında Azərbaycanda insanların durumunun guya ağır olduğu qeyd olunan yazılar diqqət çəkir”.

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov Publika.az-a açıqlamasında bildirib ki, həmin nəşrlərdə Avropa ölkələrinə oyunların boykot edilməsi ilə bağlı qərəzli çağırışlar edilir:

“Boykotların hansı sifarişlər və kimlər tərəfindən yönəldilməsi konkrektlik qazanmasa da, bunların hansı effekt verəcəyini təbii ki, zaman sübuta yetirəcək. Hələlik isə anti-Azərbaycan “silahı” ilə “zireh”lənmişlərə diqqət çəkmək istərdim. Təəssüf ki, Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları davamlı şəkildə gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu dəfəki fürsəti də əldən vermək istəmir və birinci Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar.

Acı da olsa, reallıqdır ki, müstəqil Azərbaycanın qısa müddətdə qazandığı bu yüksək mövqe kimlərinsə marağına uyğun gəlmir, onları qıcıqlandırır, qısqandırır. Təəssüf ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici dairələr, onlara bağlı olan beynəlxalq QHT-lər və media qurumları indi də ölkəmizə və Avropa Olimpiya hərəkatına qarşı qərəzli kampaniyaya start veriblər. Bu kampaniyalar çərçivəsində oyunların boykotundan tutmuş, ən primitiv ləkəyaxmaya qədər hər cür addımlar atırlar.

Belə “fövqəladə missiya”da daxili, xarici “qəhrəman”larla yanaşı erməni lobbisi də olduqca “ciddi” işlə məşğuldur. Sözügedən qüvvələr dəqiq hesablayıblar ki, birinci Avropa Oyunları ilə Azərbaycan müəyyən mənada özünü dünyaya daha geniş şəkildə çıxara bilir, ölkənin dünya teleməkanında təqdimatları gedir. Çünki Avropa Oyunları bir ölkənin təqdimatı üçün böyük və uğurlu bir layihədir. Ona görə də hər birimiz fərqində olmalıyıq ki, bu məsələdə bütövlükdə hədəf Azərbaycandır. Bəli məhz Azərbaycan!”

Amma bir sıra anti-Azərbaycan qüvvələrin ölkəmizi gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək: “Ölkəmiz Avropa ailəsinin ona göstərdiyi etimadı doğruldaraq ilk Avropa Oyunlarını ən yüksək səviyyədə reallaşdıracaq. Düşünürəm ki, kimliyindən və aid olduğu təşkilatdan, siyasi baxışlarından asılı olmayaraq hər birimiz birinci Avropa Oyunlarının Azərbaycanda uğurla reallaşması üçün öz gücümüzdən səmərərli istifadə etməliyik. Çünki bu sənin, mənim, onun yox, Azərbaycanın, yəni bizim Vətənimizin, dövlətimizin növbəti sınağıdır!”

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm