Səfir Avropa Oyunlarının əhəmiyyətindən danışdı – FOTO
Bizi izləyin

Nida.az

Səfir Avropa Oyunlarının əhəmiyyətindən danışdı – FOTO

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev bu ölkənin nüfuzlu “The Ethiopian Herald” qəzetinə müsahibə verib.

Publika.az-ın məlumatına görə, səfir Elman Abdullayev Efiopiyanın aparıcı mətbuat orqanı olan “The Ethiopian Herald” qəzetinə müsahibəsində Azərbaycanın uğurları, regionda aparıcı rolu və ölkəmizdə tolerantlıq ənənələri mövzuları ilə bağlı danışıb.

Səfir Elman Abdullayev müsahibədə Azərbaycanda əsrlərdən bəri tolerantlıq ənənələrinin inkişaf etdiyini qeyd edərək, Azərbaycanın dünyada multikulturalizmi təbliğ edən ölkələrdən biri olduğunu vurğulayıb.

Səfir Azərbaycanın tarix boyu ərazisində müxtəlif xalqlara və müxtəlif dini etiqadlara mənsub olan insanların birlikdə harmoniya və sülh şəraitində yaşadığını bildirib.

Beynəlxalq ictimaiyyətdə tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etdiyini və mötəbər tədbirlərə ev sahibliyi etdiyini oxucuların diqqətinə çatdırıb.

E.Abdullayev buna misal olaraq, bu ilin 18-19 may tarixlərində Bakıda üçüncü dünya “Mədəniyyətlərarası Dialoq” forumunun keçirilməsinin nəzərdə tutulduğu göstərib.

Beynəlxalq tədbirlərə gəldikdə səfir Elman Abdullayev cari ilin iyun ayında ilk dəfə keçiriləcək “Bakı 2015” Avropa Oyunları barədə də məlumat verib.

Müsahibədə müstəqil Azərbaycanın qısa bir zamanda sürətli inkişafını qeyd edən səfir Elman Abdullayev xalqımızın Ümummilli lideri və xilaskarı Heydər Əliyevin Azərbaycanda sabitliyin və inkişafın təmin edilməsində tarixi və misilsiz rolu barədə məlumat verib.

Ulu Öndər Heydər Əliyevin liderliyi ilə Azərbaycan xalqının çətin imtahanlardan uğurla çıxdığını və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımladığı qeyd edilib.

Müsahibədə həmçinin Azərbaycan - Efiopiya münasibətləri, iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri barədə söhbət aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm