Müsavat Partiyasının dövlət qeydiyyatı ləğv oluna bilər – ŞOK
Bizi izləyin

Nida.az

Müsavat Partiyasının dövlət qeydiyyatı ləğv oluna bilər – ŞOK

Müsavat Divanının qərarı ilə partiyadan çıxarılan narazılar Ədliyyə Nazirliyinə şikayət etməyə hazırlaşır.


Bunu Publika.az-a açıqlamasında dünən partiyadan xaric olunan Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli deyib.


Onun sözlərinə görə, Müsavat qurultaydan sonra avtoritar üsulla idarə olunmağa başladı: “Arif Hacılı guya hamıya qucaq açmaqla bağlı müraciət etmişdi. Əslində bunun görüntü olduğunu hər kəs bilirdi. Partiyada elə də böyük nüfuzu olmayan şəxsləri başına toplayaraq narazıları döymək tapşırığı verildi. Mən rayon təşkilatının şura iclasında bu məsələni onun nəzərinə çatdırdım, lakin nəticə olmadı. Çünki tapşırıq özündən gəlirdi. Partiyada fərqli fikir söyləyən adamları kənarlaşdırmaq xətti Nizamnamə pozuntusudur. Buna görə də partiya rəhbərliyini məhkəməyə vermək niyyətindəyəm. Hətta pozuntularla bağlı Ədliyyə Nazirliyinə də şikayət etməyi düşünürük. Qoy onlar partiyadan çıxarılanların nizamnamənin hansı maddələrini pozduqlarını sübut etsinlər”.


R. Dəmirli qeyd edib ki, Ədliyyə Nazirliyi obyektiv araşdırma aparsa, Müsavat Partiyasının dövlət qeydiyyatı ləğv olunmalıdır: “Çünki bu rəhbərlik ağına-bozuna baxmadan hər addımda Nizamnamə tələblərini pozub. Hazırda Ədliyyə Nazirliyinə müraciət üçün ərizələr toplanır, iş aparılır. Bununla bağlı sənəd hazırlanır. Yaxın günlərdə nazirliyə müraciət olunacaq”.


R. Dəmirli Divanın toplantısına qatıla bilməməyindən də danışıb.


“Mən həmin gün rayondaydım. Xaric olunan Əli Qasımbəylinin əmisi qızı rəhmətə getmişdi. Rahib Mirələmov isə iş növbəsindəydi. Mən vaxtı dəyişməklə bağlı xahiş etdim. Lakin məhəl qoyulmadı. Çünki partiyanın qeyri-rəsmi olaraq hazırkı başqanı İsa Qəmbərdən göstəriş almışdılar”, - deyə o diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm