Atəşkəsdən keçən 21 il: “Alternativ həll yolu müharibədir”
Bizi izləyin

Nida.az

Atəşkəsdən keçən 21 il: “Alternativ həll yolu müharibədir”

“Dağlıq Qarabağ münaqişəsinin alternativ həll yolu müharibədir və burda üstün mövqeyə malik olan Azərbaycan münaqişənin həllinə qadirdir”.


Bunu Publika.az-a açıqlamasında keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti Arzu Nağıyev atəşkəsin 21-ci ildönümü haqda danışarkən deyib.


Onun sözlərinə görə, ümumiyyətlə hər cür müharibədən, şəhid verməkdən, anaların, bacıların ah-naləsindən sülh min dəfə önəmlidir: “Əlbəttə, qələbə sülhü daha inamverici, daha möhtəşəmdir. Bu gün atəşkəsdən, daha doğrusu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bişkek protokolunun imzalanmasından 21 il ötür. Bu, bəlkə də, müharibə dövründə atılan addımlardan ən düzgünlərdən biri idi. Çünki həmin ərəfədə öz havadarları vasitəsilə ermənilər, daha doğrusu, müxtəlif dövlətlərdən gətirilən muzdurlar işğal siyasəti seçmiş şəxslər idi. Əgər müasir zamanda müasir ordumuzla və onun silahlandığı hərbi texnika və avadanlıqlarla atəşkəsə gedilsə idi, bu, səhv addım olardı. Bu illər ərzində Azərbaycan ordusu modernləşib, müharibə şəraitinə uyğun səfərbər olunub. Hətta müharibə qaçılmaz olsa belə, öz gücünü göstərməyə qadirdir və bunun son zamanlar şahidi oluruq. Eyni zamanda, atəşkəs elan olunsa da, erməni təxribatı hər gün davam edir”.


A. Nağıyev qeyd edib ki, atəşkəsin bundan sonra nə qədər davam etməsi ATƏT-in Minsk qrupunun və onun təmsil etdiyi dövlətlərin fəaliyyətindən asılıdır.


“Madrid prinsiplərinə riayət olunsa, atəşkəs yolu ilə də münaqişənin həlli mümkündür. Təəssüf ki, ermənilər və onların havadarları bu yolu seçmək fikrindən uzaqdırlar. Başqa variant isə bu gün hərb yoludur. Düşünürəm ki, burada Azərbaycan üstün mövqedədir və münaqişənin həllinə qadirdir”, - deyə o bildirib.


Qeyd edək ki, 1994-cü il mayın 8-də atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkeş protokolu” həmin il mayın 12-də qüvvəyə minib. Müqaviləyə əsasən cəbhə bölgəsində aktiv münaqişə səngiyib. Sənədi ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə Azərbaycan tərəfdən Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə “Böyük sülh” indiyə qədər hələ də əldə edilməyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm