Azərbaycan və Rusiya xarici işlər nazirləri müavinləri görüşdülər
Bizi izləyin

Nida.az

Azərbaycan və Rusiya xarici işlər nazirləri müavinləri görüşdülər

Bu gün Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Rusiya Federasiyasının xarici işlər nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Aleksey Pavlovski arasında görüş keçirilib.

Publika.az-ın məlumatına görə, nazir müavini Xələf Xələfov Azərbaycan və Rusiya arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, iqtisadi, ticarət, sosial və humanitar sahələrdə də iki ölkə arasında əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini nəzərə çatdırıb.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Xələf Xələfov Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması üçün əlverişli zəminin olduğunu qeyd edib.

Tərəflər münasibətlərimizin müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar və qarşılıqlı təklifləri müzakirə ediblər.

Alkesye Pavlovski iki ölkə arasında münasibətlərin mövcud yüksək inkişafında Azərbaycan və Rusiya rəhbərlərinin mühüm rol oynadıqlarını deyərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Rusiyaya səfərinin və bu əsnada Rusiya Prezidenti Vladimir Putin ilə görüşünün ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycanın Cənubi Qafqaz regionunda Rusiyanın önəmli tərəfdaşı olduğunu qeyd edən Xələf Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid doğurduğunu bildirib.

O, münaqişənin həllinin yalnız işğal olunmuş ərazilərin azad olunması ilə mümkün olduğunu vurğulayaraq, münaqişənin həll olunması prosesində Rusiyanın vacib rola malik olduğunu, Rusiya tərəfindən ikitərəfli əsasda və ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasına yönəlmiş təsirli addımların atılmasının vacibliyini söyləyib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi məsləhətləşmələrdə Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbül-oğlu və Rusiyanın Azərbaycandakı Səfiri Vladimir Doroxin də iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm