Serj hakimiyyətinin Ermənistanda yaratdığı “Bermud üçbucağı”
Bizi izləyin

Nida.az

Serj hakimiyyətinin Ermənistanda yaratdığı “Bermud üçbucağı”

Hakimiyyətə gələndən sonra Amerika, Avropa və Rusiyada yaşayan erməni diasporu tərəfindən dəstəklənən və onların istiqamətləndirdikləri sonu görünməyən məntiqsiz, əsassız, xəstə strateji xətti qeyd-şərtsiz yerinə yetirməyə çalışan Serj Sarkisyan iqtidarı hər keçən gün özü ilə bərabər Ermənistanın da məhvini sürətləndirir.

Buna səbəb “Böyük Ermənistan” ideyaları ilə yaşayaraq bu yuxunun nə vaxtsa gerçəkləşəcəyinə ümid edən, bu ümidlə də dünyadan köçən və bu nağılı yeni erməni millətçilərinə ötürərək yaşadan qüvvələrin Serj hakimiyyəti önündə qoyduğu sonu qaranlıq görünən qorxunc labirintdir.

Regionda əsası umummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən mükəmməl və gələcəyə hesablanmış iqtisadi layihələr, hərbi quruculuq, diaspora ilə iş, beynəlxalq-diplomatik münasibətlərin gücləndirilməsi, regional layihələrdə söz sahibliyi, həmçinin balanslaşdırılmış qonşuluq siyasəti, tam təhlükəsiz tolerant ölkə, istər MDB məkanında, istərsə də Avropada günü-gündən qüvvətlənən siyasi xətt üzdəniraq Ermənistan iqtidarının çökmə tendensiyasını açıq-aşkar sürətləndirməkdədir. İstər Rusiya, istərsə də Avropa dövlətlərinin Yaxın Şərq qonşuluq siyasətində, enerji təhlükəsizliyinə aid olan aparıcı layihələrdə Azərbaycanı inamlı tərəfdaş kimi qəbul etməsi Serj hakimiyyətinin dayanıqlığını iflic həddinə çatdırır.

Serj Sarkisyan dünyanın aparıcı dövlət başçıları tərəfindən sərbəst, nizamlı, prinsipial, siyasi iradəsi olan, dəfələrlə siyasi cəsarət nümayiş etdirən, dünyada yaşayan bütün azərbaycanlıların vahid lideri kimi qəbul edilən Ali Baş Komandan İlham Əliyevin heç kölgəsində belə qala bilmədiyini yaxşı bilir. Bunu bütün dünya siyasətçiləri də gözəl şəkildə dərk edirlər. Keçən müddət ərzində Serjin özünü bu prinsipal prizmadan göstərmə cəhdləri hər dəfəsində uğursuzluğa düçar olub. Amma maraqlısı ondan ibarətdir ki, ardıcıl uğursuzluqlardan nəticə çıxarmayan Serj hakimiyyəti hələ də Qarabağda qırılan əsgər analarını küçələrdə sürütməkdən çəkinmir. Artıq Ermənistanda xalq və hakimiyyət arasında olan birlik və inamdan söhbət belə gedə bilməz. Serj iqtidarının “məzlum erməni xalqı” arasında “nüfuzunun” müzakirə mövzusu olması belə absurddur. Digər tərəfdən, Sarkisyan iqtidarının Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaratdığı uçurum və ayrı-seçkilik hakimiyyətin səriştəsizliyindən xəbər verir. Avropa və Rusiyaya qaçmaq kanalı olmayan çarəsiz erməni gənci çıxış yolunu yalnız güclü Azərbaycan tərəfə keçməkdə görür. Bunu Azərbaycan ordusuna könüllü təslim olan Andranik Qriqoryan deyir. Bu, əlinə məcburən silah verilən, min bir təzyiq vasitəsilə səngərdə dayanmağa məcbur edilən, Serj iqtidarı üçün ölmək istəməyən yüzlərlə erməni gəncinin səsidir...

Heç kimə sirr deyil ki səfillik, işsizlik, təzyiqlər, şiddətlər altında əzilən erməni xalqının ayaq üstə İrəvanın mərkəzi meydanında “İstefa!” deyərək qışqırmağa halı da qalmayıb. Çünki, Serj hakimiyyətinin yeritdiyi axmaq iqtisadi siyasət nəticəsində xarici qrantlardan asılılıq, Ermənistanın bir çox regional layihələrdən izolyasiyası xalqın maddi durumunu heçə endirib. Bu durum əhalinin normal qida qəbulunu minimuma endirərək, toparlanmağa, yığışmağa və “İstefa” deyərək qışqırmağa fiziki cəhətdən imkan vermir. Səfalət içərisində inildəyən xalqla böyük güclərin arasında qalan çarəsiz Serj hakimiyyəti azərbaycanlıların qanına susamış bir qrup erməni qəsbkarının şovinist ideyalar əsasında Azərbaycanın qədim İrəvan xanlığında yaradılmış Ermənistanı qorxunc “Bermud Üçbucağı”na çevirib.

Azərbaycan Ali Baş Komandanının əmrini gözləyən yüz minlərlə Mübariz İbrahimov və Ramil Səfərov kimi igidlər erməni siyasi və hərbi analitiklərin nəzərindən qaçmır. Əsası ümümmilli lider Heydər Əliyev tərəfindən qoyulan güclü və nizamlı ordu quruculuğunun işartıları özünü çox gözlətmədi. Ordunun bütün cəbhə boyu əzmkar duruşu, Azərbaycan gəncinin prezidentə inamı və döyüş əməliyyatları başlayacağı təqdirdə Ali Baş Komandan ətrafında sıx birləşməsi həm Ermənistana, həm İrəvanın müvəqqəti sakinlərinə, həm də xaricdə yaşayan, qaranlıq keçmişə sahib olan Krik Krikoryan kimi erməni əsilli milyarderlərə qorxunc mesajdır. Axı tarixsiz, vətənsiz bir millətin nümayəndəsi olmaq dəhşətindən qaçmağın yolu milyardların Vatikana transferi ilə həll edilə bilməz! Yaxın keçmiş göstərir ki, bu, yalnız bir günə - 24 aprelə hesablanmış addım olaraq qalır.

Ermənistan və Azərbaycana qarşı olan qüvvələr son illər Bakının bir sıra Avropa və beynəlxalq miqyaslı nəhəng tədbirlərə ev sahibliyi etməsi, göstərilən etimadların yetərincə doğrulması, bütün sahələrdə atılan uğurlu addımlar, qüdrətli, təhlükəsiz, güclü ölkəmizin varlığını həzm edə bilmirlər. Amma onların bu faktı qəbul etməkdən başqa çarəsi qalmayıb. Serj və onun komandasının yürütdüyü xarici və daxili siyasətin acı nəticələri, saysız-hesabsız layihə izolyasiyaları, intizamsız ordu, hərbi xidmətdən boyun qaçırma faktları, miqrasiya, iqtisadi durumun acınacaqlı vəziyyəti, ölkədə daxili narazılıqların artım tempi Qarabağ probleminin Azərbaycan Prezidenti tərəfindən qoyulan şərtlər daxilində həllini yaxınlaşdırır.

Hələ “Əsrin müqaviləsi” imzalanan zaman yaxın gələcəkdə Azərbaycanın hansı gücə yiyələnəcəyi, regionda söz sahibinə çevriləcəyi, Avropanın enerji təhlükəsizliyi siyasətində aparıcı dövlət olacağı və bu müstəvidə bizi sevməyən qüvvələrin hansı reallıqlarla üzləşəcəyi, çətin və çıxılmaz vəziyyətə düşəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyildi. Serj hakimiyyəti ondan öncəki iqtidarın Azərbaycan hakimiyyəti ilə kompromisə getməyin vacibliyini dərk etdiyi üçün hakimiyyətdən uzaqlaşdırılıdığını yaxşı bilir. Serj hakimiyyəti üçün milyardlarından keçən erməni konseyi qarşısında hesab vaxtına da çox qalmayıb. Azərbaycana qarşı düşmən mövqe, işğal edilmiş torpaqların qeyd-şərtsiz boşaldılmasından boyun qaçırma, “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan xaricdəki erməni diasporlarının illər boyu etdiyi diktələrin acı nəticələri Ermənistan hakimiyyətini və onu dəstəkləyənləri elə özlərinin yaratdığı “Bermud uçbucağı”nda batırmaqda və onun burulğanında itirməkdədir.

Ceyhun Mirzəyev

Bakı şəhəri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm