• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Vyetnam Prezidentinin xanımı Xalça Muzeyində olub

  • Nida.az
  • 14 May 2015 16:25
  • 583 Baxış
Vyetnam Prezidentinin xanımı Xalça Muzeyində olub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Han mayın 14-də Xalça Muzeyində olublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva muzeydə qonağa Azərbaycan xalçaçılıq sənəti haqqında danışdı. Bildirdi ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Qeyd olundu ki, tətbiqi sənətin nadir nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Hanın diqqətinə çatdırıldı ki, orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Burada xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.

Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzənib.

Muzeydə həmçinin Böyük Britaniyanın “Viktoriya və Albert” muzeyində saxlanılan məşhur Şeyx Səfi xalçasının sürəti də var. Muzeyin terrasında - açıq səma altında sərgilərin təşkili mümkündür.

Muzeylə tanışlıqdan sonra qonağa xatirə hədiyyələri təqdim olundu.

Azərbaycan Xalça Muzeyi vyetnamlı qonaqlarda zəngin təəssürat yaratdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR