Seymur Orucov yenidən YAP Gənclər Birliyinin sədri seçildi
Bizi izləyin

Nida.az

Seymur Orucov yenidən YAP Gənclər Birliyinin sədri seçildi

Bu gün Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin dördüncü konfransı işə başlayıb.

Publika.az-ın məlumatına görə, konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri və gənclər iştirak edir.

Tədbir Azərbaycan Dövlət Himninin oxunması ilə açıq elan edilib.

Konfransda YAP GB-nin fəaliyyətini əks etdirən filmin nümayişi olub.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov qurumun 2011-2015-ci illər ərzində fəaliyyətini əks etdirən hesabatı təqdim edib.

Seymur Orcuov konfransın "Bakı 2015" I Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini və bu Oyunların yüksək səviyyədə keçiriləcəyini söyləyib.

Azərbaycanda gənclər siyasətinin prioritet olduğunu qeyd edən S.Orucov ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP-da gənclərin üstünlük təşkil etdiyini bildirib:

"1 yanvar 2015-ci ilə olan statistikaya görə, YAP sıralarında 250 mindən çox gənc var və bu da YAP üzvlərinin 40 faizini təşkil edir. Gənclərin 58 min nəfəri təhsil, 28 min nəfəri səhiyyə və digər sahələrdə çalışırlar".

YAP Gənclər Birliyi sədrinin müavini Samirə Quliyeva Azərbaycanın inkişafında maraqlı olmayan xarici qüvvələr olduğunu vurğulayıb: “Həmin qüvvələrə bildirmək istəyirik ki, biz haqq yolundan dönməyəcəyik. Heydər Əliyev yolu ilə inkişaf edən Azərbaycana böhtan atan qüvvələrə cavab verəcəyik. İnşallah, Laçında, Şuşada görüşəcəyik”.

YAP Gənclər Birliyi sədrinin müavini Ramil Məmmədov Prezident İlham Əliyevin gənclərin böyük dostu olduğunu vurğulayıb.

R.Məmmədov YAP gənclərinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət!” kampaniyasında fəal iştirak etdiyini nəzərə çatdırıb.

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov təbriklərini çatdırıblar.

Daha sonra YAP Gənclər Birliyinin 63 nəfər Şura üzvü, 15 nəfər İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda Seymur Orucov yenidən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri seçilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm