• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Terrorla bağlı davranışlara görə cəzalar sərtləşdirilir - Qanun

  • Nida.az
  • 4 Mart 2014 18:41
  • 538 Baxış
Terrorla bağlı davranışlara görə cəzalar sərtləşdirilir - Qanun

Azərbaycanda terrorçuluq hərəkətlərinin törədiləcəyi ilə hədələməyə, terrorçuluğu maliyyələşdirməyə qarşı cəzalar sərtləşdirilir, eyni zamanda terrorçuluq məqsədilə təlim keçmə cinayət məsuliyyəti kimi nəzərdə tutularaq buna görə yeni cəzalar tətbiq olunur.

Publika.Az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 214-cü maddəsinə əlavə və dəyişikliklər edilir.

214.1-ci maddədə edilən dəyişikliyə əsasən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə 10 il müddətinə azadlıqdan məhrum edilmə ilə cəzalandırılacaq (hazırda 8 ildir).

Eyni zamanda CM-yə yeni 214.2.5 maddəsi əlavə edilir. Burada göstərilir ki, yuxarıda (214.1-ci maddədə) göstərilən əməllər beynəlxalq tədbirlərin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə, 12 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

214.2-ci maddəyə edilən dəyişikliyə görə, yuxarıda göstərilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, təkrar törədildikdə, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə, o cümlədən ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, cinayəti sübuta yetirilən şəxs 12 ildən 15 ilədək azadlıqdan məhrum ediləcək (hazırda 10 ildən 15 ilə qədərdir).

Terrorçuluğu maliyyələşdirməyə qarşı cəzalarla bağlı 214-1-ci maddəyə edilən dəyişikliyə əsasən, əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi 10 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq (hazırda 8 ildən 12 ilə qədərdir).

Eyni zamanda 214-2-ci yeni maddə əlavə olunur və burada da göstərilir ki, terrorçuluğa açıq çağırışlar 5 ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırılacaq.

Yeni əlavə olunan digər 214-3-cü maddəyə görə, terrorçuluq məqsədilə təlim keçmə əməllərinin törədilməsi üçün həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma faktı 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bunları təşkil etmə və ya keçirmə faktı isə 9 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə hüquqi qiymətini tapacaq.

Maddəyə yeni qeyd də əlavə edilib: “Bu məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür təlimlərin keçirilməsində nəzərdə tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak etmiş, belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir”.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR