• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İlham Əliyev yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib

  • Nida.az
  • 19 May 2015 16:23
  • 317 Baxış
İlham Əliyev yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə Bakı Olimpiya Stadionu ətrafında aparılan abadlıq işləri ilə tanış oldu.

Olimpiya Stadionu ətrafında 82 min kvadratmetrlik ərazidə geniş yaşıllıq sahəsi salınıb. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib. Bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə həyata keçirilən quruculuq işlərinə bir töhfədir.

Nəqliyyat naziri Ziya Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Qeyd edildi ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. İnşası “Azvirt” MMC tərəfindən aparılan yolun birinci hissəsi əsasən Bakı Olimpiya Stadionu ətrafındakı əraziyə düşür. Burada işlər yüksək səviyyədə həyata keçirilib. Çəkilən yolun ümumi uzunluğu bir kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu isə 162 metrdir.

Son illərdə Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox mühüm tədbirlər reallaşdırılır. Onların arasında paytaxtda və regionlarda inşa olunan çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidlərini göstərmək olar. Mühüm məqam isə ondan ibarətdir ki, bu ilin iyununda Bakıda ilk Avropa Oyunları keçiriləcək. Oyunların başlamasına az vaxt qalmasına baxmayaraq, bu beynəlxalq idman tədbirinə hazırlıq davam edir. Bu çərçivədə paytaxtda bir sıra infrastruktur layihələri icra olunub, yeni idman qurğuları tikilib. Bundan əlavə, şəhər infrastrukturunun ilk Avropa Oyunlarına hazırlığı da diqqət mərkəzindədir. Paytaxtın mərkəzi küçə və xiyabanlarında abadlıq işləri aparılıb və bu proses indi də davam etdirilir. İdman obyektlərinə aparan yolların yenidən qurulması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq xeyli iş görülüb.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev ərazidə piyadalar üçün nəzərdə tutulan yol ilə də tanış oldu. Bildirildi ki, ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir. Yarışları izləmək üçün avtobuslarla əraziyə gələn tamaşaçılar bu piyada yolu ilə Bakı Olimpiya Stadionuna rahat hərəkət edəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR