Müsavatda Vurğun Əyyub müəmması davam edir – QARŞIDURMA
Bizi izləyin

Nida.az

Müsavatda Vurğun Əyyub müəmması davam edir – QARŞIDURMA

Müsavat Partiyasında Vurğun Əyyub müəmması davam edir.


Publika.az xəbər verir ki, bir müddət əvvəl partiyadan çıxarılan ADR sədrinin müavini Vurğun Əyyubun üzvlüyü iki gün öncə yenidən bərpa olunub.


Bu barədə qərar partiyanın Binəqədi rayon təşkilatının Şura iclasında qəbul olunub. Təşkilatın Şura üzvü Şamil Beydullanın yaydığı məlumata görə, iclasda Vurğun Əyyubla bağlı verilən çıxarılma qərarının qanunsuz olduğu, özəyin protokolu ləğv edilməsi, seçkili orqanların buraxılması qərarı verilib. Özək sədri Sabit Hacıyev sədrlikdən azad olunub və ona töhmət verilib.


V. Əyyub haqqında verilən çıxarılma qərarının ləğvinə görə Binəqədi təşkilatına təşəkkür edib.

“Bu qərar bir daha göstərdi ki, Müsavat Partiyası demokratik əsaslar üzərində qurulub. Partiyada heç də hamı partiyanın rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, sifarişli qərarlara tabe olmaq niyyətində deyil. Müsavat qanunsuzluqlara baş əyməyənlərin, ləyaqəti uca tutanların, demokratik ənənələrə sadiq olanların təşkilatı olmalıdır”, - deyə o bildirib.

Lakin Müsavat Partiyasının yaydığı məlumatda V. Əyyubun bərpası məsələsi təkzib olunub.


“Partiya nizamnaməsində xaric edilmiş üzvün bərpa edilməsi anlayışı yoxdur. Bir neçə şura üzvünün rayon təşkilatı sədrindən xəbərsiz, şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas şura iclası ola bilməz. Bu, bir neçə şəxsin şuradan kənar toplantısıdır. Binəqədi rayon təşkilatında bu gün şura iclası çağırılmayıb. Nizamnaməyə görə özək sədri və ya şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər. Yığışan şəxslərin şura sədrindən xəbərsiz keçirdikləri toplantı və orda qəbul edilən qərarlar və tərtib olunan sənədlər nizamnaməyə ziddir”, - deyə partiyanın rəsmi məlumatında qeyd olunub.


Məsələ ilə bağlı V. Əyyubla əlaqə saxlasaq da, o danışmaqdan imtina edib.

Binəqədi rayon təşkilatının sədri Rauf Ağayev isə Publika.az-a açıqlamasında bu qərarın doğru olmadığını bildirib.

Onun sözlərinə görə, təşkilat gələn həftənin birinci günü toplaşacaq və hər şeyə aydınlıq gətiriləcək: “Bu, bir neçə nəfərin qəbul etdiyi qərardır və nizamnaməyə ziddir. Hər şeydən Şuranın keçirilməsi ilə bağlı tələb olunan prosedurlara əməl olunmayıb və orda hər kəs iştirak etməyib. Bütün bu məsələlərə aydınlıq gətiriləcək”.


Təşkilatın Şura üzvü Şamil Beydulla Publika.az-a açıqlamasında bu qərarı qanunsuz adlandıranlara sərt cavab verib. Onun sözlərinə görə, Binəqədi rayon təşkilatının şura iclasının verdiyi tam qanuni qərara qanunsuz deyənlərin nizamnamədən xəbərləri yoxdur: “Yaxud onlar bunu qürurlarına sığışdıra bilmədikləri üçün hətta nizamnaməyə tam uyğun keçirilmiş iclası “qanunsuz” adlandırırlar. Lakin nizamnamədə hər şey aydın şəkildə göstərilir. Birincisi, Müsavat Partiyası nizamnaməsinin 1.3-cü maddəsində deyilir ki, nizamnamədə xüsusi göstərilmiş hallar istisna olunmaqla partiyanın bütün seçkili orqanları, üzvlərinin 1/3-dən çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İkincisi, Binəqədi RT-nın cəmi 16 şura üzvü var və mayın 19-da keçirilən şura iclasında 10 nəfər şura üzvləri iştirak edərək iclasın protokolunu səsvermə ilə təsdiq ediblər. Üçüncüsü, Nizamnaməyə görə seçkili orqan olan şura iclasında 16 nəfər şura üzvü iştirak etdiyi üçün nizamnamənin tələbi olan 1/3 nəfəri bu iclasda iştirak edib və şura iclası tam səlahiyyətli olub. Dördüncüsü, nizamnaməyə görə şura iclaslarını şura üzvlərinin 1/3 hissəsi çağıra bilər”.


Ş. Beydulla əlavə edib ki, Şuranın özəyin qanunsuz protokolunun ləğv etməyə tam səlahiyyəti var. Onun sözlərinə görə, özəyin Vurğun Əyyubla bağlı qərarın verilən iclasında yetərsay olmayıb.

“Şəxsi maraqlar naminə Müsavat Partiyasının nizamnaməsinə qarşı gələnlər özləri nizamnaməni pozmaqla məşğuldurlar”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm