“Şərq Tərəfdaşlığı”na Kremlin zərbəsi: Brüssel təslim olur
Bizi izləyin

Nida.az

“Şərq Tərəfdaşlığı”na Kremlin zərbəsi: Brüssel təslim olur

Bu gün Avropa Birliyinin liderləri və “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçı ölkələri - Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Belarus və Azərbaycan nümayəndələrinin iştirakı ilə Riqada ikigünlük “4-cü Şərq Tərəfdaşları Sammiti” işinə başlayacaq.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, ekspertlər sammitdə proqramın ən aktiv iştirakçılarının gözləntilərinin əksinə olaraq vizaların ləğvinin və Avropa Birliyinə üzvlük perspektivlərinin elan olunmayacağını bildiriblər.

Sammitin yekun bəyannaməsində Ukrayna böhranı barəsində vahid mövqeyin ortaya qoyulacağı gözlənilsə də, bu mümkün olmayıb. Belə ki, Belarus və Ermənistan sammitin yekun bəyannaməsini imzalamaqdan imtina edib. İrəvan və Minskin qərarının yekun bəyannamədə Krımın Rusiya tərəfindən zəbt edilməsinin əksini tapması ilə bağlı olduğu bildirilir. Minsk və İrəvanın mövqeyinə görə, bəyannamənin güzəştli variantı hazırlanacaq.

Sammit ərəfəsində Kiyev, Tiflis və Kişnyovda bəyannamədə viza rejiminin ləğvinin müddətinin göstərilib-göstərilməyəcəyi, həmçinin Avropa Birliyinə üzvlük perspektivlərinin qeyd olunub-olunmayacağı müzakirə olunur. Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin deyib ki, Avropa Birliyi Ukraynanın quruma üzvlüyü haqqında müzakirələri başa çatdırmalıdır.

Ancaq Avropa Birliyi strukturlarında yüksək vəzifəli mənbənin sözlərinə görə, sammitin yekun bəyannaməsində Avropa Birliyinin genişlənməsinin yeni raundu haqqında müddəalar yer almayacaq. “Hazırda Avropa Birliyinə üzvlük perspektivlərini deyil, artıq əldə olunan razılaşmaların reallaşdırılmasını prioritet hesab edirik”, - “Kommersant”ın həmsöhbəti deyib.

Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramı 7 may 2009-cu ildə Praqada Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus və Avropa İttifaqı tərəfindən razılaşdırılıb. Layihə Avropa Birliyinin altı keçmiş SSRİ ölkəsi ilə inteqrasiya əlaqələrinin inkişafına yönəlib. “Altılıq” və Avropa Birliyi arasında əməkdaşlıq dörd istiqamət üzrə aparılır: demokratik və hüquqi institutların inkişafı, iqtisadi inteqrasiya, energetika təhlükəsizliyi və insanlar arasında əlaqələr.

Avropa 2013-cü ildən postsovet məkanında təsir üçün mübarizəni aktivləşdirib. 2013-cü ilin noyabrında Ukrayna böhranını alovlandıran “Şərq Tərəfdaşlığı”nın Vilnüs sammitində Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı paraflayıb. “Bu siyasət müstəqil dövlətlərin vətəndaşlarına yeni imkanlar verir. Biz dəfələrlə təkrarlamışıq ki, bu siyasətimiz hər hansı ölkəyə qarşı, xüsusən Rusiyaya qarşı yönəlməyib. Amma deyəsən, bizi eşitmədilər”, - Avropa Birliyi strukturlarında yüksək vəzifəli mənbə etiraf edir.

Həmin sammitdə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Avropa Birliyi ilə assosiasiya haqqında sazişin imzalanmasından imtina edib. Bu isə Yanukoviçə baha başa gəldi. Maydanda başlayan etiraz aksiyaları onun fevral ayında Rusiyaya qaçması, Krımın və Donbasın itirilməsi ilə nəticələndi.

Avropa Birliyindəki mənbə hər nə qədər “Şərq Tərəfdaşlığı”nın Rusiyaya qarşı olmadığını bildirsə də, Moskva başqa cür düşünür. “Şərq Tərəfdaşlığı” anti-Rusiya mahiyyətinə malikdir. Biz Riqa sammitini izləyəcəyik. Sammitin nəticələrindən asılı olaraq bizim reaksiyamız kifayət qədər sərt və prinsipial olacaq”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaş deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm