“Münaqişələr Şərq Tərəfdaşlığında əməkdaşlığa problemlər yaradır”
Bizi izləyin

Nida.az

“Münaqişələr Şərq Tərəfdaşlığında əməkdaşlığa problemlər yaradır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Riqada keçirilən Şərq Tərəfdaşlığı üzrə 4-cü sammitdə çıxış edib.

Publika.az-ın məlumatına görə, nazir E.Məmmədyarov bildirib ki, Şərq Tərəfdaşlığı üzrə Vilnüs sammiti tərəfdaşların Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığına stimul vermək məqsədilə hədəflər müəyyən edir. Onun sözlərinə görə, bu məqsədə çatmaq istiqamətindəki iş daha geniş və güclü dialoqa çağıran yeni geosiyasi problemlərin təsirinə məruz qalıb:

“Azərbaycanın timsalında Aİ ilə münasibətlərin gücləndirilməsi istiqamətindəki siyasətin mərkəzində praqmatiklik və hədəflənmiş yanaşma qalmaqdadır.

2004-cü ildən etibarən Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,5 dəfə artıb ki, bu da dünyada rekord rəqəmdir. Son 11 ildə investisiyaların həcmi 180 milyard ABŞ dollarına çatıb. Bizim 2004-cü ildə 1,8 milyarda bərabər olan xarici valyuta ehtiyatlarımız hazırda 50 milyard ABŞ dollarını keçir. Nüfuzlu beynəlxalq təşkilatların iqtisadi göstəriciləri Azərbaycanın regionda dayanıqlı iqtisadi artıma malik olan qabaqcıl ölkə olduğunu təsdiq edir”.

E.Məmmədyarov qeyd edib ki, bütün bu nailiyyətlər ölkənin davamlı siyasi islahatları ilə birlikdə addımlayan müasirləşməsinə töhfə verir: “Azərbaycan fəal vətəndaş cəmiyyəti və ictimai iştirakın ölkədəki demokratik həmrəylik və iqtisadi inkişafda aktiv rol oynaya biləcəyini qəbul edir. Siyasi stabillik bizə bütün dünyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndirmək üçün üstünlüklər verən qiymətli nailiyyətimizdir.

Dərin tarixi köklərə malik olan çoxmədəniyyətli cəmiyyət Azərbaycanı “sülh və rifah adası”na çevirir. Bu gün bütün etnik qruplar və dinlər Azərbaycanda bərabər hüquq və imtiyazlardan faydalanırlar. Biz multikulturalizmin təşviqinə hər hansı digər alternativin olmadığından əminik. Müasir dünya zorakılıq və mübarizəyə gətirib çıxaran özünü kənarlaşdırma və təcridə yol verə bilməz. Azərbaycan multikulturalizmin təşviqi sahəsində avropalı tərəfdaşları ilə əməkdaşlıq etməyə və tarixi təcrübəsini paylaşmağa hazırıdır”.

Nazir deyib ki, Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşdırılmasına dair çoxsaylı birgə təşəbbüslərinin nəticəsində enerji sahəsində strateji tərəfdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edir: “Cənub Qaz Dəhlizinin Bakıdakı təməlqoyma mərasiminin ardınca Türkiyənin Qars şəhərində TANAP üçün oxşar tədbirin keçirilməsi infrastruktur ilə bağlı məsələlərin həllində irəliyə doğru addım olub.

Qeyd edilməlidir ki, müvafiq hökumətlərin qarşılıqlı etimad, etibar və dəstəyi, eləcə də, cəlb olunan şirkətlər arasındakı effektiv əlaqə Cənub Qaz Dəhlizinin vaxtında və müvəffəqiyyətlə icrasının əsas ilkin şərtləri olub. Bununla əlaqədar olaraq, Azərbaycan Aİ və beynəlxalq maliyyə institutlarının iştirakı ilə Cənub Qaz Dəhlizi ölkələrinin Məşvərət Şurasının Bakı şəhərində ilk iclasını keçirib.

Cənub Qaz Dəhlizi Avropa İttifaqının öz vətəndaşlarını təhlükəsiz, davamlı və arası kəsilməyən enerji ilə təmin etmək istədiyi Enerji İttifaqı vasitəsilə Aİ-nin hərtərəfli məqsədinə xidmət edəcək. Buna görə, Azərbaycan yeni mənbələrdən yeni enerji həcmləri gətirəcək bu layihənin icrası üçün Aİ-nin daha güclü dəstəyini gözləyir.

Enerji sahəsindəki müvəffəqiyyətli əməkdaşlıq həm Azərbaycan, həm də Aİ üçün ikitərəfli müqavilə münasibətlərini strateji səviyyəyə qaldırmaq potensialına malikdir. Aİ-nin strateji tərəfdaş ölkələrinin sayının artması bu xüsusda ilham və stimul rolunu oynayır.

Digər geostrateji layihə Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryol şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsidir. Dörd il əvvəl ölkəm tərəfindən təşəbbüsü irəli sürülmüş bu layihə cari ildən fəaliyyətə başlayacaq. Bu dəhliz Avropa və Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionu vasitəsilə birləşdirərək çoxsaylı inkişaf imkanlarına yol açacaq”.

Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə də toxunan E.Məmmədyarov bildirib ki, həll olunmamış münaqişələr Şərq Tərəfdaşlığında sülhə və əməkdaşlığa davamlı problemlər yaradır: “Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etməsi regiondakı qeyri-stabilliyin əsas amilidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin əhəmiyyətini azaltmağa çalışaraq, onları yerinə yetirməkdən imtina edir. Azərbaycan ATƏT-in Minsk Qrupunun Hərtərəfli Sülh Sazişinin işlənib hazırlanmasının başlanılmasına dair çağırışlarına qoşulur. Ancaq, Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır. Bu halda, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşməkdə davam edəcək.

Regionda sülhün, stabilliyin, eləcə də, mehriban qonşuluq münasibətlərinin yaradılması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə mümkündür. Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdır. Etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıda bilmək hüquqlarını həyata keçirə bilməlidir”.

Nazir qeyd edib ki, biz gələcək Avropa Qonşuluq Siyasəti çərçivəsindəki münasibətlərimizdə tələblərə uyğun yanaşmanı dəstəkləyirik: “Əməkdaşlığımızın yeni metodları ikitərəfli Strateji tərəfdaşlıq Sazişi layihəsində öz əksini tapır. Saziş layihəsi artıq rəsmi olaraq, Avropa İttifaqının komissarı Yohannes Han və yüksək nümayəndəsi Federika Moqeriniyə təqdim edilib.

Bəyannamə ilə bağlı onu qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini ikitərəfli formatda qurmaqdadadır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm