Nida.az
Prezident İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif olunub - FOTO
Mayın 22-də Bakıda BMT-nin İqtisadi–Sosial Şurasının
əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun
yeni baş ofisinin açılış mərasimi keçirilib.
Mərasimdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı müstəsna
roluna və bu sahədə tərəqqinin əldə olunmasında əvəzsiz
xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif
edilib.
Mükafat Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.
Trend xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli
Məclisin deputatlarının, beynəlxalq təşkilatların, BMT
agentliklərinin, media və vətəndaş cəmiyyəti nümayəndələrinin,
diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri mərasimdə baş
ofisin açılışını bildirən rəmzi lent kəsildi.
Mərasim iştirakçıları yeni ofis binası ilə tanış oldular, fondun
fəaliyyətini əks etdirən fotostendlərə baxdılar.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov yeni ofisin açılışı münasibətilə Beynəlxalq
Avrasiya Mətbuat Fondunu təbrik edərək bildirdi ki, ümummilli lider
Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə
demokratik vətəndaş cəmiyyəti quruculuğu, siyasi dialoq, azad
mətbuat inkişaf etməyə başladı. Ulu Öndər bu tipli institutların
formalaşmasına zəmin yaratdı, onların inkişafını təmin etdi. Belə
vətəndaş cəmiyyəti institutlarından biri də bu gün yeni ofisinin
açılışında iştirak etdiyimiz Beynəlxalq Avrasiya Mətbuat
Fondudur.
Əli Həsənov vurğuladı ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu
Azərbaycanda qeyri-hökumət təşkilatlarının klassik nümunəsidir və
20 ildən artıqdır çox səmərəli fəaliyyət göstərir. Mən bu baxımdan
Umud Mirzəyevin və onun peşəkar komandasının fəaliyyətini yüksək
dəyərləndirir, Azərbaycan hakimiyyəti adından onlara təşəkkür
edirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi
3500 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onlar hər il
ayrı-ayrı donorlardan qrantlar alaraq Azərbaycanda vətəndaş
cəmiyyəti quruculuğuna öz töhfələrini verirlər. Təməli ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulan vətəndaş cəmiyyəti
quruculuğu prosesini bu gün Prezident İlham Əliyev uğurla və
dönmədən davam etdirir.
Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırdı ki, bəzi
qərəzli beynəlxalq təşkilatlar guya Azərbaycanda vətəndaş cəmiyyəti
institutlarının fəaliyyətinə əngəl törədildiyini, onlar üçün heç
bir şəraitin yaradılmadığını iddia edirlər. Bu gün Beynəlxalq
Avrasiya Mətbuat Fondunun yeni ofisinin açılışı belə düşünənlərə ən
tutarlı cavabdır. Azərbaycan hakimiyyəti qeyri-hökumət
təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını dövlət həyatının
ayrılmaz tərkib hissəsi hesab edir. Prezident İlham Əliyev
dəfələrlə bəyan edib ki, vətəndaş cəmiyyəti institutları, siyasi
partiyalar, azad mətbuat Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib
hissələridir və gələcək inkişafımızı bu institutlarsız təsəvvür
etmirik. Məhz Azərbaycanın dövlət siyasətinin yaratdığı münbit
şəraitin nəticəsidir ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu
BMT-nin İqtisadi–Sosial Şurasının əsas məşvərətçi statuslu
üzvlərindən biridir və bu qəbildən digər təşkilatlarımız da vardır.
Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları,
jurnalist qurumları ölkəmizi beynəlxalq təşkilatlarda ləyaqətlə
təmsil edirlər.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirdi ki, bu
gün Azərbaycan Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti
ilə səmərəli tərəfdaşlıq və əməkdaşlıq edir. Bu tərəfdaşlıq və
əməkdaşlıq sahələrindən biri də qeyri-hökumət təşkilatlarına
verilən dəstək, onların fəaliyyətinə hərtərəfli stimul
yaradılmasıdır. Beynəlxalq Avrasiya Mətbuat Fondu həmin
təşkilatlarla Azərbaycanın əlaqələrinə səmərəli dəstək verən
qurumlardan biridir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev
mərasimdə çıxış edərək bildirdi ki, fond Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövründə fəaliyyətə
başlayıb. Əsas missiyası postsovet məkanında münaqişə bölgələrindən
həqiqətləri dünyaya çatdırmaq olan Beynəlxalq Avrasiya Mətbuat
Fondu xarici jurnalistlərin və ictimai xadimlərin özlərinə doğma
bildikləri sülh və dostluq məkanı olub. Həmin illəri xatırlayanda
bir anlıq BAMF-nin ilk yerləşdiyi məkan - mənim öz evim yadıma
düşür. Müharibənin yaratdığı bütün ağrı-acılara baxmayaraq, biz
missiyamızın nə qədər ali və sülhsevər olduğunu bildiyimizdən bu
yoldan dönmədik, əsla usanmadıq və sülhün təbliği istiqamətində
fəaliyyətimizi genişləndirdik. Artıq fəaliyyətə başladığımız
tarixdən bizi 23 il ayırır. Bu illər ərzində BAMF beynəlxalq
qurumlar, qeyri-hökumət təşkilatları, nüfuzlu media təsisatları ilə
sıx əməkdaşlıq əlaqələri yaradıb.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri olduğunu
vurğulayan Umud Mirzəyev qeyd etdi ki, BMT-nin İqtisadi-Sosial
Şurasının (ECOSOC) QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü
olan BAMF, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının
(ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq
Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB) Ali Şurasının,
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvüdür. Bu
tədbirlə açılışını etdiyimiz BAMF-nin baş ofisi Beynəlxalq Mətbuat
İnstitutunun Bakı regional Təşəbbüs Mərkəzinə, BMT-nin
İqtisadi-Sosial Şurasının QHT bölməsinin postsovet ölkələri üzrə
əlaqələndirici funksiyasına, Beynəlxalq Sülh Bürosunun 18 Qərbi
Asiya ölkəsində təmsilçiliyinə ev sahibliyi edir.
Fondun sədri dedi ki, bu illər ərzində BAMF milli və beynəlxalq
məsləhətləşmələr sayəsində prioritet sahələr üzrə işlərin yerinə
yetirilməsində dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq qurumların
birgə fəaliyyətinin model prinsiplərinin yaradılmasında mühüm rol
oynayıb. Bu baxımdan 2015-ci ildən sonrakı dayanıqlı inkişaf
məqsədləri müəyyənləşdirilərkən xüsusən, müharibədən zərərçəkmiş
regionlarda BAMF və tərəfdaşlarının ortaya qoyduğu əməkdaşlıq
modeli sosial-iqtisadi, mədəni-humanitar proqramların yerinə
yetirilməsi üçün uğurlu bir konsepsiyadır.
Sonra BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda rezident
əlaqələndiricisi Antonius Broek çıxış edərək dedi ki, medianın
inkişafı sahəsində həyata keçirdiyi işlərə və Azərbaycanda vətəndaş
cəmiyyətinin inkişafına verdiyi töhfəyə görə Beynəlxalq Avrasiya
Mətbuat Fondunun fəaliyyətini yüksək qiymətləndirirəm. Antonius
Broek fond ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Qeyd edilib ki, BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək
statuslu üzvü BAMF-nin ofisinin açılışı BMT dəyərlərinin təbliği
baxımından əlverişli fürsətdir. Azərbaycanda davamlı inkişafın
təşviqi və daha çox sosial inteqrasiya, sülh quruculuğu yolunda
tərəfdaşlıq bu binanın çətiri altında yeni ideyalarla zənginləşəcək
və vətəndaş cəmiyyəti təmsilçiləri BMT və onun agentlikləri
arasında əməkdaşlığa yeni üfüqlər açacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış
edərək BAMF-nin fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, bu
qurum çoxfunksiyalı təşkilatdır və bu gün bu ofisin açılması
Azərbaycan dövlətinin QHT-lərə göstərdiyi diqqət və qayğının bariz
nümunəsidir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədrinin beynəlxalq məsələlər
üzrə müşaviri Lütful Kabir ofisin açılışı münasibətilə beynəlxalq
təşkilatların təbrik məktublarını oxudu.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənova, BMT-nin İnkişaf Proqramının
Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broekə, Avropa
İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri xanım Malena
Marda, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşiyə və
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə
rəhbəri Stiven Qaysa BAMF-nin fəxri diplomları təqdim edildi.
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB