Elmar Məmmədyarov Narışkinlə görüşüb
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Narışkinlə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya rəsmi səfəri çərçivəsində bu gün Rusiya Federasiyasının Dövlət Dumasının sədri Serqey Narışkinlə görüşüb.

Publika.az-ın məlumatına görə, nazir Elmar Məmmədyarov Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğulayıb.

Nazir 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin artıq yetişdiyini bildirib.

Münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyən Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu söyləyib.

Nazir deyib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.

Serqey Narışkin isə qanunverici orqanlar arasında sıx əlaqələrin iki ölkə arasında əməkdaşlığın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini nəzərə çatdırıb.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini ifadə edən Sergey Narışkin Oyunların yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Serqey Narışkin Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tezliklə həllində maraqlı tərəf olduğunu qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm