Milli Məclisin üzvü: “Avropa Oyunları üçün qurulan infrastruktur xalqa xidmət edəcək”
Bizi izləyin

Nida.az

Milli Məclisin üzvü: “Avropa Oyunları üçün qurulan infrastruktur xalqa xidmət edəcək”

“I Avropa Oyunlarının Bakıda keçirilməsi ümumilikdə Azərbaycana bir çox cəhətdən xeyir verəcək”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.


Onun sözlərinə görə, hər şeydən öncə oyunlar üçün yaradılan infrastruktur Azərbaycan xalqına qalacaq: “Hazırda möhtəşəm idman bayramına yüksək səviyyədə hazırlıqlar gedir. Azərbaycan ictimaiyyəti, bütün vətəndaşlar Oyunlara başlanması həyəcanı ilə yaşayır. Bu idman yarışları hər bir vətəndaş üçün qürurdur. Avropa Oyunlara qoyulan ümumi xərclərin 78 faizi infrastruktura yönəldilib. Beləliklə, oyunlardan sonra qurulmuş arenalar, təhlükəsizlik və nəqliyyat sistemləri Azərbaycan xalqına xidmət edəcək”.


Deputat əlavə edib ki, Avropa Oyunları Azərbaycanda turizm potensialının artmasına da xidmət edəcək.


“Bir növ Azərbaycanı dünyada tanıtmaq istiqamətində böyük rolu olacaq. Bu tədbir bizim milli adət-ənənələrimizi tanıtmaq zəminində xüsusi əhəmiyyətə malik hadisə olacaq. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi həm iqtisadi, həm siyasi və idman həyatında mühüm önəm daşıyacaq. Ölkəmizə gələn çoxlu sayda turistlər özləri ilə valyutalar gətirəcək. Proqnoza görə, hər bir turist 1 həftə ərzində min dollar xərcləyəcək. Bunu ölkə iqtisadiyyatına yönəlmiş resurs kimi başa düşmək olar.

Bunun manatın məzənnəsinin sabitləşməsində də böyük rolu olacaq. Hər bir turist özü ilə bərabər potensial turist də gətirəcək. Ölkəmizi tanıyacaqlar və turizm sektoru daha da inkişaf edəcək. Bildiyimiz kimi, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətidir. Qeyri-neft sektorunda əsas yeri turizm tutur. Avropa Oyunlarından sonra da xırda və orta sahibkarlıq mühitinin formalaşması üçün geniş imkan yaranacaq”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm