Azərbaycanın Respublika Günü Texas və Virciniyada qeyd olundu – FOTO
Bizi izləyin

Nida.az

Azərbaycanın Respublika Günü Texas və Virciniyada qeyd olundu – FOTO

Virciniya Ştatı qubernatoru Terense MakAulif (Terrence R. McAuliffe) Azərbaycanın milli bayramı olan Respublika Günü ilə bağlı rəsmi Bəyanat imzalayaraq 2015-ci ilin 28 may tarixini rəsmi olaraq Azərbaycan Milli Günü elan edib.


Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.az-a verilən məlumata görə, sənəddə 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının türk və müsəlman dünyasının ilk demokratik respublikası kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquq vermiş ilk dövlətlərdən biri olduğu, bu ölkənin həmin dövrdə dünyanın bir çox demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur.


Ölkəmizlə ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq xarakterli münasibətlər vurğulanır, Azərbaycan Milli Gününün Virciniyada yaşayan Azərbaycanlı icmasının bu ştatın iqtisadiyyatının güclənməsinə və mədəni müxtəlifliyinə töhfəsini xüsusilə qeyd etmək üçün əlavə fürsət olduğu bildirilir.


28 May – Respublika Günü ABŞ-ın Texas ştatında da qeyd olunub.

Səfirliyin məlumatına görə, Texas Senatı və Nümayəndələr Palatası yerləşən binada Texas qubernatoru müavininin rəsmi ziyafətlər zalında Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Ziyafət Texas ştatı senator və nümayəndələr palatasının üzvləri və “Azərbaycanın Dostları Assambleyasının” (AFAZ) təşəbbüsü ilə təşkil olunub. Tədbirdə Texas ştatı Senatı və Nümayəndələr palatasının üzvləri, onların ofisinin təmsilçiləri, həmçinin “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (Houston-Baku Sister City Association) prezidenti İradə Axundova və Amerikada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak edib.


Tədbir zamanı çıxış edən Texas qanunvericiləri 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikasının ilk şərq demokratiyası olduğunu və ölkəmizin o dövrün bir çox müasir demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanındığını qeyd ediblər. Azərbaycanın bu gün də ABŞ üçün önəmi xüsusilə qeyd edilərək iki ölkə arasında mövcud olan strateji xarakterli münasibətlər, bir çox sahələrdə uğurlu əməkdaşlıq vurğulanıb.


Tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-da səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək Azərbaycanın ən önəmli milli bayramının yüksək səviyyədə keçirilməsinə imkanın yaradılması üçün Texas millət vəkillərinə təşəkkürünü bildirib, Azərbaycanda son illərdə əldə olunmuş nailiyyətlər və bütün sahələrdə gözəçarpan inkişaf barədə məlumatı qonaqların diqqətinə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm