Kremlin “Yeni Qarabağ ssenarisi”: torpaqlar qaytarılır? – TƏHLİL
Bizi izləyin

Nida.az

Kremlin “Yeni Qarabağ ssenarisi”: torpaqlar qaytarılır? – TƏHLİL

Azərbaycan Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının Riqa sammitinə birinci şəxs səviyyəsində qatılmadı.

Rəsmi və qeyri-rəsmi məlumatlarda Bakının mövqeyində haqlı olduğu görünürdü. XİN rəhbəri səviyyəsində qatıldığı sammitdə Azərbaycanın təxminləri doğru çıxdı. Hələ bir gün öncə - mayın 20-də partnyor ölkələrinin media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əsas hədəf Azərbaycan oldu və ittihamlar irəli sürüldü. Bir gün sonra keçirilən sammitin sonunda qəbul olunan bəyannaməyə Krım və Donetsklə bağlı Rusiyanı ittiham edən maddələr salındığı halda, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağla bağlı məsələdən bir kəlmə də olsun bəhs olunmadı. Bakı haqlı olaraq etiraz etdi, imza atmaqdan imtina etdi. Son mərhələdə sənəddə “Avropa İttifaqı bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyinə münasibətdə öhdəliyinə sadiqdir” ifadəsi əksini tapdı və Azərbaycanın baş diplomatı sənədə imza atdı.


Rəsmi Bakının mövqeyi sona qədər qəbul olunmasa da, bu ifadə ərazi bütövlüyümüzün dəstəklənməsinə işarə idi. Bunu Azərbaycan diplomatiyasının növbəti uğuru hesab etmək olar.

Xarici işlər naziri Elmar Məmmədyarovun Riqa sammitindən sonra Moskvaya uçması Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində bəzi ehtimallar doğurur.


Məmmədyarov Moskvada rusiyalı həmkarı ilə yanaşı, bir sıra rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirdi, iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlıq sazişi imzaladı, regionu və hər iki ölkəni narahat edən mühüm məsələlər müzakirə olundu. Sözsüz ki, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu oldu. Bunlar mediaya açıqlanan fikirlərdir.


Halbuki Məmmədyarovla Lavrov müzakirələrin əsas hissəsini bağlı qapılar arxasında apardı.

XİN rəhbərinin Riqa sammitinin ardından Moskvaya getməsi ilk növbədə Bakının Qarabağ manevrlərini genişləndirdiyini deməyə əsas verir. Çünki Azərbaycan Avropa Birliyinin Qarabağ məsələsinə etinasızlığını açıq şəkildə müşahidə etdi. Bakı baş diplomatını Moskvaya göndərməklə Qərbə mesaj verdi: “Hər şeyə rəğmən, əsas olan ərazi bütövlüyümüzün bərpasıdır”.


Beynəlxalq diplomatiyada çox vaxt ədaləti normal qaydalarla qəbul etdirmək mümkün deyilsə, sərt manevrlər ən yaxşı yoldur.

Azərbaycan ərazi bütövlüyünün bərpası üçün sülh yolunu seçir və beynəlxalq ictimaiyyətə BMT-nin qəbul etdiyi qətnamələri əsas gətirir. Lakin dünya özünü bilməməzliyə qoyur. Məhz belə zamanlarda Bakı manevrlərini işə salır və öz dəyərini yüksəldir. XİN rəhbərinin Moskvaya səfəri bu kontekstdə Qərbə mesaj idi. Amma hər şey bununla bitmir.

Son proseslər Rusiyanın uzunillik siyasi planlarında dəyişiklik etdiyi ehtimalını yaradır. Söhbət Moskvanın Qarabağ məsələsində Ermənistana verdiyi dəstəkdən gedir.


İrəvan Avrasiya İttifaqının üzvü olmasına baxmayaraq, Rusiyanı küncə qısnayan Qərblə əlaqələrini kəsmir. Uzaq perspektivdə Rusiyanı parçalamağa yönələn sammitə prezident səviyyəsində qatılır. Bu, Kremlin gözündən yayınmayan məsələdir.

Aprelin 22-də - Riqa sammitindən bir ay öncə Sergey Lavrovun “Qarabağ münaqişəsinin həllinin vaxtı yetişib” açıqlaması, daha sonra Məmmədyarovla görüşdə “münaqişə çox uzanıb, biz bunu etiraf edirik” deməsi də müəyyən məqamlara açıqlıq gətirir.


Moskva İrəvanı vurur. Çünki “Qarabağ münaqişəsinin həllinin vaxtı yetişib” açıqlamasını verərkən Lavrov Məmmədyarovun may ayında Moskvaya səfər edəcəyini də bildirmişdi. Deməli, hər şey öncədən planlaşdırılıb.

Elmar Məmmədyarov da jurnalistlərə açıqlamasında bildirmişdi ki, Lavrov münaqişənin həllinin vaxtının yetişdiyini bildirir: “Onunla görüşüb bununla nə demək istədiyini aydınlaşdıracam”.


Ehtimal etmək olar ki, Rusiya “yeni Qarabağ ssenarisini” məhz Riqa sammitindən sonra yox, ondan əvvəl hazırlayıbmış. Beləliklə, Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunur, Ermənistan Sərkisyanın – Qarabağ klanının devrilməsi hesabına olsa belə, işğalçı ölkə adından xilas olur, əvəzində “çörək qazanır”, Rusiya isə bununla Cənubi Qafqazda üstünlüyü ələ alır. Moskva üçün hazırkı geosiyasi mənzərənin mürəkkəbliyində sağ qalmağın yolu bundan keçir. Əks təqdirdə, Qərb onu “Axilles dabanından” – Şimali Qafqazdan vuracaq. Bunun da yolu Cənubi Qafqazda güclü olmaqdan, konkret olaraq, Qarabağın qaytarmaqla Azərbaycanı razı salmaqdan keçir.

Təbii ki, bu, görünən ehtimallardır. Dəqiq məlumatlarsa Lavrovla Məmmədyarovu görünməz edən qapıların arxasında idi. Amma Məmmədyarovun görüşdən sonra mediaya açıqlamasında “Avropa Birliyi ilə Assosiativ Sazişi imzalayamacağıq” deməsi və münasibətlərin əsasən ikitərəfli qurulacağını bildirməsi diqqət çəkdi. Bu isə bağlı qapılar arxasında iki baş diplomatın – Moskva və Bakının Qarabağla bağlı ən azı ilkin razılığa gəldiyi fikrini gücləndirir.


Bu arada, Məmmədyarov Moskvada olarkən, Azərbaycan XİN-in Avropa Birliyinə sərt müraciət etməsi də diqqətlərdən yayınmadı.

“Azərbaycan Respublikası Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə AB-nin aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir” - müraciətin ümumi məğzi belə idi.


Güman ki, yaxın zamanda daha konkret danışmaq mümkün olacaq. Hələlik görünənsə Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın xeyrinə inkişafın olduğudur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm