Qüdrət Həsənquliyev: “Sanki onlara bu barədə xüsusi göstəriş verilib”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Sanki onlara bu barədə xüsusi göstəriş verilib”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of European Conservatives and Reformists - AECR) üzvlüyünə namizədliyi qəbul olunub. Bununla bağlı qərar Alyansın Böyük Britaniyada keçirilən illik toplantısında verilib.

Partiyadan Publika.az-a verilən məlumata görə, bu məqsədlə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 22-23 may tarixlərində Böyük Britaniyada səfərdə olub və AECR-in toplantısında iştirak edib.

Böyük Britaniyaya səfərinin yekunları barədə BAXCP-nin mətbuat xidmətinə danışan Qüdrət Həsənquliyev üzvlüklə bağlı Alyansa bir il öncə müraciət etdiklərini xatırladıb:

- Alyansla üzv olmaq üçün ötən ilin yaz aylarında müraciət etmişdik. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nizamnaməsinə əsasən, üzvlüklə bağlı məsələlərə qurumun illik toplantısında baxılır. Bu məqsədlə, Alyansın Böyük Britaniyada keçirilən ali yığıncağına dəvət almışdım. Xatırladım ki, bizdən xeyli öncə Alyansının üzvlüyünə namizəd olmaq üçün müraciət edən çoxlu sayda partiya olsa da, bu dəfəki toplantıda yalnız 3 partiyanın – Azərbaycandan BAXCP-nin, Slovakiyadan Azadlıq və Həmrəylik, İtaliyadan isə Mühafizəkarlar və İslahatçılar partiyalarının müraciətlərinə baxıldı. Toplantıda öncə 2014-cü ildə həyata keçirilən fəaliyyətlə bağlı Alyansın prezidenti Jan Zahradilin hesabatı dinlənildi, 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr aparıldı. Daha sonra qurumun Direktorlar Şurasına seçkilər keçirildi. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təmsilçisi Zafer Sırakaya da yeni seçilən heyətdə yer aldı və Alyansın vitse-prezidenti seçildi. Düşünürəm ki, bu da çox önəmli bir hadisədir.

Direktorlar Şurasına seçkilərdən sonra öncə Alyansın üzvlüyünə namizədlərin üzvlük məsələlərinə baxıldı. Xorvatiyadan 2 partiya - Mühafizəkarlar, bir də Hüquqlar partiyaları və Monteneqronun Dəyişikliklər Hərəkatı Partiyası Alyansın üzvlüyünə qəbul olundular. Bizim partiyanın üzvlüyə namizədliyi ilə bağlı məsələnin müzakirəsindən öncə BAXCP-nin təqdimatı oldu. Təqdimat çərçivəsində partiyanın fəaliyyət istiqamətləri və prinsipləri haqqında toplantı iştirakçılarına ətraflı məlumat verdim. Müxtəlif məsələlərlə, o cümlədən bu il keçiriləcək parlament seçkiləri ilə bağlı mənə ünvanlanan sualları cavablandırdım. Bu zaman Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının təmsilçisi Naira Zoqrabyan söz alaraq, “siyasi məhbusların olduğu ölkəni təmsil edən bir partiyanın Alyansa üzvlüyünün quruma heç bir müsbət divident gətirməyəcək” dedi.

Qalmaqalları ilə Azərbaycanda da yaxşı tanınan erməni deputatın sualdan daha çox mövqe ifadəsinə bənzəyən fikirlərinin cavabında bildirdim ki, Ermənistan təmsilçisinin insan hüquq və azadlıqları barədə danışmağa ümumiyyətlə mənəvi haqqı çatmır. Naira Zoqrabyana burada Azərbaycanın müxalifət partiyasını təmsil etdiyimi xatırlatdım. Ermənistan təmsilçisinin insan hüquq və azadlıqları ilə bağlı Azərbaycandakı vəziyyət haqqında danışması ağlasığmazdır. Azərbaycanda Ermənistanda olduğu kimi, fərqli siyasi xətt götürən şəxsləri – ölkə parlamentinin sədrini, baş naziri başqalarına da dərs olsun deyə, xof yaratmaq üçün ictimaiyyətin gözü qarşısında, canlı yayımda edam etmirlər. Yaxud seçkilərin nəticələrinə etiraz edənləri güllələmirlər. Bütün bunlar sübuta yetirir ki, Ermənistan təmsilçiləri insan hüquq və azadlıqları ilə bağlı məsələlərdə sussalar, daha yaxşı olar. Çünki onların ölkəsində fərqli düşünən insanlar fiziki cəhətdən məhv edilir.

Toplantı iştirakçılarının diqqətinə çatdırdım ki, Azərbaycanda çoxpartiyalı sistemin və demokratik proseslərin geniş şəkildə inkişafına maneə yaradan amillərdən biri də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və nəticədə 1 milyon insanın öz evlərindən didərgin düşməsidir.

Bu polemikadan sonra Ermənistan təmsilçiləri susdular və partiyanın üzvlüyə namizədliyi səsə qoyulanda heç bir etiraz etmədilər. Sonradan məlumat aldım ki, Ermənistan təmsilçiləri ilə bu barədə öncədən müzakirə aparılıb və onlara deyilib ki, Azərbaycanı təmsil edən bu və ya digər siyasi partiyaya qarşı əsaslı iddiaları olmadıqları üçün etirazları qeyri-səmimi təsir bağışlayacaq. Beləliklə BAXCP-nin Alyansın üzvlüyünə namizədliyi səsə qoyuldu və qərar yekdilliklə qəbul olundu. Partiyanın Alyansa üzvlük məsələsinə isə noyabrın 14-də Tunisdə keçiriləcək toplantıda baxılacaq. Bu 6 ay sınaq müddətidir və bu müddət ərzində Alyansın təmsilçiləri Bakıya gələcək, BAXCP-nin fəaliyyəti ilə yaxından tanış olacaqlar.

- Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzlük BAXCP-yə nə vəd edir və bu fakt partiya, eləcə də ölkə üçün nə dərəcədə önəmlidir?

- Əvvəla, onu qeyd edim ki, Alyansda 16 Avropa ölkəsindən üzv partiyalar təmsil olunur. Bundan başqa, Avstraliya, Kanada, Mərakeş, Yeni Zelandiya və ABŞ-ı təmsil edən partiyalar Alyansın tərəfdaşlarıdır. Böyük Britaniyada keçirilən toplantıda ABŞ-ın Respublikaçılar Partiyasını 2 senator təmsil edirdi. Cənubi Qafqaz regionundan isə yalnız Azərbaycan bu qurumda təmsil olunmurdi. “Çiçəklənən Ermənistan” və Gürcüstanın Xristian Demokratik Xalq Partiyası Alyansın üzvləridir. Nəzərinizə çatdırım ki, Alyansı təmsil edən partiyaların fraksiyası deputatlarının sayına görə Avropa Parlamentində üçüncüdür. Bu qurumda kifayət qədər nüfuzlu, öz ölkələrinin ictimai rəyinə təsir göstərməyi bacaran, o cümlədən hakim partiyalar təmsil olunur. Daha öncə qeyd etdiyim kimi qardaş Türkiyənin hakim partiyası Alyansın üzvüdür. Bütün bunlar isə deməyə əsas verir ki, BAXCP-nin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzvlüyü partiyanın beynəlxalq əlaqələrinin genişlənməsinə, təcrübə qazanmasına, Azərbaycanla bağlı həqiqətlərin geniş təsir imkanları olan bir auditoriyaya çatdırılmasına imkan yaradacaq, partiyamızın və bütövlükdə çoxpartiyalı sistemin inkişafına təkan verəcək. Azərbaycanla bağlı aparıla biləcək hər hansı bir kampaniyanın qarşılığının verilməsinə zəmin yaradacaq. Bu baxımdan, BAXCP-nin Alyansa üzvlüyü həm partiya, həm də ölkəmiz üçün önəmli hadisədir.

- Böyük Britaniyaya səfərdən öncə NATO Parlament Assambleyasının Budapeştdə keçirilən toplantısında iştirak etmişdiniz. Assambleyanın yaz sessiyası nə ilə yadda qaldı?

- Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, Assambleyanın budəfəki sessiyasinda da fəal iştirak etdi. Rusiyaya tətbiq olunan sanksiyaların bu ölkənin iqtisadiyyatına təsiri ilə bağlı müzakirələr zamanı NATO-ya üzv ölkələrin ikili standartlar siyasəti yürütdüyünü dedim. Bildirdim ki, bu sanksiyalarla Rusiya iqtisadiyyatına təsir etmək mümkün deyil. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarından asılıdır. Sanksiyalar isə enerji sektoruna tətbiq olunmur. Rusiyaya işğal faktı ilə sanksiyalar tətbiq olunduğu halda, bunun Ermənistana tətbiq olunmamasının səbəbini soruşdum. Qeyd etdim ki, Ermənistan işğalçı dövlətdir. Bu ölkə 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal atında saxlayır, bunun nəticəsində bir milyon azərbaycanlı qaçqın şəraitində yaşayır. Ermənistan nə BMT-nin qətnamələrinə, nə də ki beynəlxalq hüquqa məhəl qoyur. Mütəmadi olaraq sülh danışıqlarını pozur, regionda sülhü və sabitliyi təhdid edir. Belə bir dövlətə qarşı sanksiya tətbiq edilməməsi ikili standartdan xəbər verir.

Sessiya iştirakçılarının diqqətinə çatdırdım ki, Krımla bağlı məsələdə NATO ilə əməkdaşlıq edən ölkələrin hamısı Ukraynanın ərazi bütövlüyünü tanıyıb, BMT-dəki müzakirələrdə bununla bağlı birmənalı mövqe nümayiş etdiriblər. Yalnız Ermənistan Rusiya ilə eyni mövqe nümayiş etdirib. Belə olduğu təqdirdə nə üçün Rusiyaya tətbiq olunan sanksiyalar Ermənistana tətbiq olunmur? Bildirdim ki, Ermənistanın NATO ilə əməkdaşlığa davam etməsi ikili standartların bariz nümunəsidir. Ermənistanla bağlı məsələnin müzakirə olunub, bu ölkəyə sanksiya tətbiq edilməsini təklif etdim.

Mənim çıxışımdan dərhal sonra Ermənistanın NATO PA-da nümayəndə heyətinin üzvü Tevon Paqosyan bir neçə dəfə söz alaraq cavab verməyə cəhd etsə də, sessiyanın sədarəti buna icazə vermədi.

Növbəti gün “Rusiya və Avratlantik təhlükəsizliyi” mövzusunda məruzə layihəsinin müzakirəsi keçirildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov da eyni yanaşma ilə çıxış edərək, Azərbaycan nümayəndə heyətinin BMT Baş Məclisində Ermənistandan fərqli olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin lehinə səs verdiyini xatırlatdı. Azərbaycana münasibətdə ikili standartlar siyasətinin yürüdülməsinə təəssüfləndiyini bildirdi.

NATO PA-nın sessiyasında Ukraynadan və Gürcüstandan olan təmsilçilərinin ənənəvi mövqelərindən əl çəkmədiklərinin, Azərbaycana münasibətdə riyakar bir davranış sərgilədiklərinin şahidi oldum. Onlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə susur, yalnız Gürcüstanın Şimali Osetiya və Abxaziya, Moldovanın Dnestryanı problemlərini qabardır, Ukraynada baş verənləri önə çəkməyə cəhd göstərirlər. Çalışırlar ki, nəyin bahasına olursa olsun, Dağlıq Qarabağ münaqişəsini digərlərindən ayırsınlar. Sanki onlara bu barədə xüsusi göstəriş verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm