• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Komitə sədri: “Avropa Oyunlarından sonra Azərbaycana turist axını başlayacaq”

  • Nida.az
  • 27 May 2015 11:51
  • 329 Baxış
Komitə sədri: “Avropa Oyunlarından sonra Azərbaycana turist axını başlayacaq”

“Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail Rayon Təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın imici və dünyada tanınması üçün “Bakı 2015” ilk Avropa Oyunlarının böyük əhəmiyyəti var: “Əgər Azərbaycan bu oyunların keçirilməsini öz üzərinə götürməsəydi, bəlkə də, ilk Avropa Oyunları baş tutmayacaqdı. Ölkə başçısının bilavasitə rəhbərliyi altında və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşkilat komitəsinə sədrliyi ilə çox qısa müddətdə və ən yüksək səviyyədə Avropa Oyunları üçün müasir idman infrastrukturu yaradıldı, obyektlər inşa olundu və lazım olan avadanlıqlarla təchiz olundu. Bu gün hamı yaxşı bilir ki, Azərbaycan ilk Avropa Oyunlarına tam hazırdır”.

Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına da toxunan Ş.Hacıyev deyib ki, hazırda Azərbaycanı istəməyən qüvvələr çoxdur: “Azərbaycanın imicinə ləkə və qara yaxmaq istəyən qüvvələr var. Ancaq bizim dostlarımız düşmənlərimizdən dəfələrə çoxdur. Həmin düşmən qüvvələr Avropa Oyunlarının baş tutmamasına və bunu gözdən salmağa çalışırlar, müxtəlif formada informasiya təxribatlarına cəhdlər var. Amma bütün bunların heç biri bizi qətiyyən qorxutmur. Çünki Azərbaycan bu oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işlərini uğurla aparıb”.

Komitə sədri qeyd edib ki, Avropa Oyunları Azərbaycanın tolerant və yüksək mədəniyyətə, qədim tarixə malik olduğunu dünyada tanıdacaq: “Eyni zamanda Azərbaycanın gələcək iqtisadi və sosial həyatı üçün də müsbət zəminlər yaradacaq. Əminəm ki, Avropa Oyunlarından sonra Azərbaycana turist axını başlayacaq. İnşa olunan yeni obyektlərdən isə gələcəkdə həm Azərbaycan vətəndaşları, həm də xarici turistlər istifadə edəcək. Ən başlıcası isə ilk Avropa Oyunlarını keçirməklə Azərbaycan bütün dünyaya sübut edəcək ki, ayrı-ayrı inkişaf etmiş ölkələrin qısa müddətdə görə bilmədiyi işi Azərbaycan görə bilir. Bu gün Azərbaycan dünya və qlobal əhəmiyyətli tədbirlərə də ev sahibliyi edir. Ona görə də biz ölkə rəhbəri başda olmaqla, bu işdə əməyi olan bütün insanlara minnətdarıq. Hər birimiz fəxr edirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda təşkil olunacaq. Azərbaycan Avropa Oyunlarına ilk ev sahibliyi etməklə adını tarixə yazacaq”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR