• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Vilfrid Furman: “Tezliklə Qarabağın azad olunmasına start veriləcək” – MÜSAHİBƏ

  • Nida.az
  • 27 May 2015 15:00
  • 1 637 Baxış
Vilfrid Furman: “Tezliklə Qarabağın azad olunmasına start veriləcək” – MÜSAHİBƏ

Almaniyanın Potsdam Universitetinin professoru, siyasi şərhçi Vilfrid Furman Dağlıq Qarabağ münaqişəsi və Ermənistan siyasəti haqda Rusiya KİV-inə müsahibə verib.

Publika.az həmin müsahibəni ixtisarla təqdim edir.


- Azərbaycan I Avropa Oyunlarına hazırlaşır və bu oyunlarda erməni idmançıları da iştirak edəcək. Bu kontekstdə Azərbaycan və Ermənistan münasibətlərini necə görürsünüz?

- Bütün region üçün təhlükəli vəziyyət aydındır. Bu baxımdan, erməni idmançılarının Azərbaycana qonaq qismində gəlməsi müsbət hesab oluna bilər. Ən azı son illərdə bu, nadir müsbət hadisələrdəndir. Lakin ikitərəfli münasibətlərdə qısa zaman ərzində müsbətə doğru nəyinsə dəyişəcəyini demək çətindir.


- Yəni möcüzə gözləməyə dəyməz?

- Məsələ ondadır ki, Ermənistanın manevr imkanları daralır. Bu ölkənin hazırki siyasi elitası işğal olunan Azərbaycan torpaqlarını geri qaytarmağa və beynəlxalq hüquqa əməl etməyə meylli deyil. Bunun baş verməsi çox çətin məsələdir. Lakin Ermənistanın hazırki iqtisadi və siyasi vəziyyətində yeganə çıxış yolu işğal etdiyi torpaqlardan geri çəkilməkdir. Bu nə qədər tez baş versə, erməni xalqı üçün o qədər yaxşıdır. Əgər bu baş versə, əminəm ki, Azərbaycan Ermənistanın inkişafına yardım edəcək. Əks təqdirdə, Ermənistan xalqı güclü zərər görəcək. Burda qazanan isə erməni “diasporudur”.


- Nə üçün diaspor?

- Xaricdə yaşayan bəzi sıravi erməniləri anlamaq mümkündür. Lakin bu gün “diaspor” adı altında Fransada, Amerikada, yaxud digər böyük ölkələrdə yaşayanlar Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi üçün pul xərcləyirlər. Onlar Qarabağda qondarma dövlət yaradaraq ora pul köçürür, müharibə aparırlar. Bu müharibədə əziyyət çəkən Ermənistandakı sadə ermənilərdir. “Diaspor” xaricdə əmin-amanlıqda yaşayır. Ermənistanda isə insanlar aclıqdan əziyyət çəkir. Sadə vətəndaşlar yoxsulluq içindədir. Gənclər ilk fürsətdə xaricə üz tuturlar. Ermənistan rəhbərliyi anlamalıdır ki, sürgünlər, qətllər yolu ilə əraziləri işğal edib orda möhkəmlənmək prinsipi 1945-ci ildə mümkün idi. İndi bu çətindir. Xaricdəki ermənilər güclü lobbiçilik edir, lakin Ermənistandakı yoxsul həyat üçün heç nə etmirlər. “Diaspor” liderləri Fransa və ABŞ-da şampan şərabı olan vannalarda çimirlər. Amma yoxsul erməniləri dözməyə çağırırlar. Ermənistan rəhbərliyi nə vaxtsa demokrat olacaqsa, o zaman xalqın əmin-amanlğını və rifahını düşünməyə başlayacaq. Əks təqdirdə, biz bu ölkədə fasiləsiz iqtisadi tənəzzül və qeyri-sabit ictimai-siyasi vəziyyəti müşahidə edəcəyik. Ermənistan getdikcə Somaliyə bənzər ölkəyə çevriləcək.


- Ermənilər qondarma soyqırımın 100 illiyini qeyd etdilər. Bu barədə nə deyə bilərsiniz?

- Mən 1915-ci illə bağlı heç nə deyə bilmərəm. Əslində heç kəs bu barədə danışmamalıdır. Ümumilikdə 100 il öncə nə baş veribsə, onun bu gün hüquqi qiyməti yoxdur. Soyqırımdan, qətllərdən danışsaq, biz Azərbaycanın yaxın tarixinə baxmalıyıq. Hansı ki, ermənilər dəhşətli əməlləri ilə qara tarix yazdılar. Dünya bu tarixdən dərs çıxarmalıdır. Artıq dünya da dəyişib və Ermənistan əvvəlki siyasi strategiyasını davam etdirə bilməyəcək. Əksinə, bu ölkənin özü uçuruma yuvarlanacaq.


- O zaman münaqişənin həllində hansısa dəyişiklik gözləmək mümkündürmü?

- Ermənilər tarix boyu eyni istiqamətdə - qətllər, soyqırımlar, deportasiyalarla hərəkət ediblər. Azərbaycan hər dəfə müstəqil olanda başqa güclər ermənilərdən onlara qarşı istifadə edib. Ermənilərin özlərinin də burda maraqları olub. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurulanda da, 1991-ci ildə müstəqillik bərpa olunanda da ermənilərin bu ölkəyə qarşı vəhşi hücumlarını hər kəs bilir. Hər ikisində azərbaycanlılar öz doğma yurdlarından qovulub, soyqırıma məruz qalıb, qətlə yetiriliblər. Hər dəfə məqsəd azərbaycanlıların dominant olduğu tarixi Azərbaycan torpaqlarını ələ keçirmək olub. Dağlıq Qarabağda da sistemli olaraq etnik təmizləmə aparıldı, insanlara qarşı zorakılıq edildi. İndi də azərbaycanlıların öz evlərinə qayıdışına nə sülh, nə də hərbi yolla imkan verilmir.

Lakin indi ermənilərin seçdiyi qətl, soyqırım, sürgün taktikası işə yaramır. Bu ölkədə gənclər öz evlərini tərk edirlər. Səbəb bu gənclərin öz ölkələrini sevməməsi deyil. Kütləvi mühacirət bir tərəfdən ölkədə hökm sürən siyasi təqib, aclıq, digər tərəfdən xaricdə rahat həyatın xəyallarıdır. Azərbaycan torpaqlarının qanunsuz işğalına ermənilərin gələcəyi və rifahı qurban verilib.

Hər bir gəncin ölkəni tərk etməsi Ermənistanın insan kapitalının itirilməsi, həmçinin, dünyada mədəni və siyasi yoxluğa gətirib çıxaracaq. Çünki indiyə qədər dünyada ermənilərə olan şəfqət hissi, dini və tarixi həmrəylik yavaş-yavaş əriyir. Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də digər mühüm beynəlxalq tədbirlər bu prosesi sürətləndirir.


- Hesab edirsiniz ki, beynəlxalq ictimaiyyət də Ermənistanın işğalçı siyasətinə qarşı çıxır?

- 1991-ci ildən Ermənistanın apardığı siyasət beynəlxalq hüquqa ziddir. Bunun da nəticəsində regiondakı sabitlik pozulur. Bu məlum məsələdir. Lakin artıq müstəqil müşahidəçilər Ermənistanın işğalçılıq siyasətinin həm də sadə xalqa qarşı yönəldiyini görürlər. Bu yalnız ölkənin inkişafını, əhalinin real gəlirlərini zəiflətmir. Eyni zamanda, onun xoşbəxtliyini, rifahını və vətəndaş cəmiyyətinin inkişafını uçuruma aparır. Bütün bunlar istənilən dövlətin konstitusiyasına ziddir. Ermənistan işğalçı siyasəti ilə öz xalqını qəfəsə salıb. Ölkənin böyük əraziləri xarabalıqlara çevrilir.

Regionlarda acınacaqlı vəziyyətdir. Paytaxt insanlar üçün maqnit rolunu oynayır, hər kəs bir şəhər toplaşır. Bir qrup zəngin və yoxsul kütlə var. Bütün bunlar daxili partlayışın müjdəçiləridir. Əgər ölkənin siyasi elitası uzun sürən müharibədən varlanırsa, sadə kütlə məhv olur. Bu isə sosial partlayışı qaçılmaz edir.
Artıq Rusiya da Ermənistana dəstək verməkdən, ona himayəçilik etməkdən bezib. Hesab edirəm ki, hazırki vəziyyət sonda Ermənistanın Azərbaycana qarşı siyasətinin dəyişməsinə səbəb olacaq və məcburi şəkildə işğal etdiyi əraziləri qaytaracaq. Bunun üçün ən optimal vaxt dünyada geniş rezonans doğuran I Avropa Oyunlarının başlanğıcı ola bilər. Ermənistan Cənubi Qafqazda hər kəslə mehriban münasibət qurmasa, öz gələcəyini uduzmaq riski ilə üzləşəcək. Bu, Ermənistanın xilasının yeganə yoludur. Hesab edirəm ki, artıq mənzərə dəyişib və uduzan tərəf Ermənistandır. Azərbaycan torpaqlarının işğaldan azad olunması bundan sonra çox vaxt almayacaq.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR