“Barmağımın qanını onun ağzına toxundurub dedim ki, iç qanımı!” – Qorbaçova ölüm hökmü çıxaran Tahir Kərimli ilə söhbət - FOTOLAR
Bizi izləyin

Nida.az

“Barmağımın qanını onun ağzına toxundurub dedim ki, iç qanımı!” – Qorbaçova ölüm hökmü çıxaran Tahir Kərimli ilə söhbət - FOTOLAR

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova ölüm hökmü çıxaran hakim, ilk şəhid abidəsinin ucaldılmasında xidməti olan şəxs, istiqlalçı deputat, vəzifədə çalışsa da, milli azadlıq hərəkatına qoşulan könüllülərdən biri... Vəhdət Partiyasının sədri Tahir Kərimlinin siyasi fəaliyyəti bu cür maraqlı ştrixlərlə zəngindir. Publika.az olaraq biz də qərara gəldik ki, Tahir bəyi “Siyasətsiz siyasətçi” rubrikasının qonağı kimi sual atəşinə tutub, həyatının qeyri-siyasi hissəsi barədə maraqlı məqamlarla yaxından tanış olaq:

“Atamı 12 yaşımda itirdim”

- 1956-cı il martın 5-də Ağsuda dünyaya gəlmişəm. Ailədə 8 uşaq idik - üç qardaş, beş bacı. Uşaqlıq həyatıma təsir edən ən böyük amil 12 yaşımda atamı itirməyim oldu. O, yaxşı vəzifələrdə işləyirdi. Yaxşı vəzifədən sonra birdən-birə çətinliklər başladı. Əmi yox, dayı yox, atamı da itirdim. Nə qədər əzablar çəkdik. Bizi babam Məşədi Məhəmməd saxladı.

- Bəs ananız?

- Evdar qadın idi. Bununla belə tərbiyəmizin, təhsil almağımızın qayğısına qalırdı. Yaxşı ki, böyük həyətyanı sahəmiz, ağaclarımız vardı. Həyətyanı təsərrüfatımız dolanışığımıza az-çox kömək edirdi. Anam 5 il əvvəl dünyasını dəyişdi.

Demək olar, bütün bacı-qardaşlarım təhsil aldı. Eyni vaxtda bir ailədən beş nəfər orta məktəbdə oxuyurdu. Hamımızın əlaçılar lövhəsində şəkillərimiz vardı. Birinci sinifdən 10-cu sinfə qədər sinif nümayəndəsi, 1200 üzvü olan şagird təşkilatının sədri oldum. İdman sahəsində də müəyyən nailiyyətlərim vardı. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbini bitirdim.

Sənədlərimi instituta verdim. Lakin problemlərlə üzləşdiyimdən həmin vaxt ali təhsil almaq arzum reallaşmadı. Buna görə də bir az sonra əsgərliyə getməli oldum.

“Orda da dinc durmurdum”

- Hərbi xidmətinizi harada keçirdiniz?

- Kalininqrad vilayətində... Orda da dinc durmurdum. Yeniyetməliyimdə içimdə baş qaldırmış bir sıra hisslər əsgərlikdə də məni bəzi şeylərə vadar edirdi. Azərbaycanlılar arasında Cənubi Azərbaycanın Mübarizə İttifaqı adlı qurum yaratmışdım. Guya Stepan Stepanovun kitabını oxuyurdum. Əslində isə kitabın vərəqlərinin kənarlarına ittifaqın əsasnaməsini yazırdım ki, hamı oxuyub tanış olsun. Dəftərlərimi azərbaycanlı feldşerlərdən biri saxlayırdı. Bir gün məni satdılar və əməllərimin üstü açıldı. Bu fəaliyyətimə görə başıma oyun açdılar. Təzyiqlərlə, hədələrlə üzləşdim. Lakin yaşımın azlığını nəzərə alıb, “yüngül” cəza verdilər. Məni uzaq Krasnodropka deyilən sahəyə, belə deyək, sürgün etdilər. Meşədə xidmət keçən 15 erməni əsgərinin arasında xeyli əzablarla üzləşdim. Nə qədər tələb etsələr də, bığımı qırxdıra bilmədilər. Hətta barəmdə saxta cinayət işi də başlamışdılar. Amma nizam-intizam qaydalarını yaxşı bildiyimdən heç nə edə bilmirdilər. Bütün əməllərimə görə mən 24 ay deyil, 26 ay hərbi xidmət keçdim. Bu, mənə verilən son hərbi cəzalardan idi.

“Tələbəlik illərində guya ağıllı, ağırtəbiətli olmuşam”

Hərbi xidmətdən qayıtdıqdan sonra ADU-nun hüquq fakültəsinə daxil oldum. İlk tələbəlik illərində bəzi müəllimlər yaxşı oxuduğumu görüb, mənə toxunmadılar. Tələbəlik illərində guya ağıllı, ağırtəbiətli olmuşam.

Universiteti bitirib Ağsu Aqrar İstehsalat Birliyinin hüquqşünası, sonra hüquq şöbəsinin müdiri vəzifəsində işləməyə başladım. Eyni zamanda prokuror köməkçisi idim. Hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi vəzifələrində çalışdım. Xalq hakimi olmaq üçün sıravi məhkəmə iclas katibi vəzifəsinə keçdim ki, təcrübə görüm.

Hakim vəzifəsində bir müddət idi çalışırdım ki, xalq hərəkatı başladı. Buna görə də azadlıq hərəkatına qoşuldum. 1987-88-ci illərdə xeyli soydaşımız Ermənistandakı ata-baba yurdlarından Azərbaycana qovuldular. Həmin vaxtlar Ağsuda, İsmayıllıda da xeyli sayda erməni yaşayırdı. Bəziləri hakimin xalq hərəkatına qoşulmasına gülürdülər. Çünki vaxtilə 15 sutka cəza verdiyim bəzi şəxslərə qoşulub erməniləri İsmayıllıdan, Ağsudan çıxarır, onların yerinə Ermənistandan didərgin düşmüş soydaşlarımızı yerləşdirirdim. İsmayıllının 14 kəndindən, habelə Ağsudan və digər rayonlardan ermənilərin çıxarılmalarına nail olduq.

“Pulum yox idi deyə, 60 qəpiklik “sup” yeyirdim”

1990-1993-cü illərdə İsmayilli rayon Xalq Deputatları Sovetinin deputatı, Ali Məhkəmə sədri vəzifələrində işlədim, habelə Ali Sovetinin deputatı (1990-1995) oldum. Ali Məhkəmənin sədri vəzifəsində işləyəndə artıq pulum yox idi deyə, günorta naharında 60 qəpiklik “sup” yeyirdim. Kimsə deyə bilməz ki, məhkəmə sədri işləyəndə Tahirə bir qəpik rüşvət vermişəm. Kabinetimdəki şkafa Quran qoymuşdum. İşçilərimə deyirdim ki, bu Quran sizin and içməniz üçündür! And içirdim ki, kiminsə rüşvət aldığını bilsəm, onu güllələtdirəcəm.

- Qorbaçova ölüm hökmünü necə çıxartdınız?

- 1990-cı illərin əvvəllərində insanlar milli azadlıq hərəkatı çərçivəsində meydanlara toplaşırdı. Beş rayondan insanları toplayıb Bakıya gətirirdik. Müşfiqabadda olanda rusların Bakıya girdiklərini gördük. Sonra Qorbaçovun göstərişi ilə məlum 20 Yanvar qətliamları baş verdi. Məhz həmin faciəyə görə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyündən imtina etdim və qırğınlara görə SSRİ prezidenti Mixail Qorbaçova yanvarın 22-də ölüm hökmü çıxardım. Barmağımı ülgüclə kəsib qanımı Qorbaçovun portretinə sürtdüm. Barmağımın qanını onun ağzına toxundurub dedim ki, Qorbaçov, iç qanımı! Elə bu addımlarıma görə də xalq hakimi vəzifəsindən kənarlaşdırıldım. Lakin insanlar məni müdafiə edirdilər. Təsəvvür edin ki, evimin ətrafında barrikada qurmuşdular. Dövlət katibi Tofiq İsmayılovla görüşüb, məni müdafiə etməyimi xahiş edirdilər.

Yeri gəlmişkən, beynəlxalq təşkilatın – Sosialist İnternasionalının baş katibi Luis Ayala Bakıya gələndə mənimlə görüşdü. Dedi ki, Qorbaçov barəsində ölüm hökmü çıxarmış adamla çoxdan görüşmək istəyirdim. 25 il sonra nəhayət ki, bu mənə nəsib oldu.

“... doğuşumdan uzaqlaşıb, ölümümə yaxınlaşmışam”

- 1998-ci ildən Vəhdət Partiyasının sədri səlahiyyətlərini icra edirsiniz. Bu öz yerində, bəs gündəlik fəaliyyətiniz nədən ibarətdir?

- Gündəlik bir sıra təşkilati işlərlə məşğul oluram. Partiya işi, dostlarla görüşlər olmayanda hər gün ən azı 5 saat qəzet, kitab oxuyuram. Hər gün mütləq iki saat informasiya almalıyam. Mətbuatı yaxından izləyirəm.

Hərdən düşünürəm ki, artıq doğuşumdan çox uzaqlaşıb, ölümümə daha çox yaxınlaşmışam. Gəncliyimdə inqilabçı, orta yaşlarımda islahatçı, ahıl yaşımda mühafizəkar olmaq mənim taleyim imiş. Yaş insanın taleyini daha çox müəyyən edir.

“Ondan xoşum gəldiyimi bacıma dedim, elçiliyə getdilər”

- Ailə qurmanız necə baş tutdu? Xanımınızı ananızın məsləhəti ilə seçdiniz, yoxsa özünüz?

- Heç ağlıma gətirmirdim ki, ailə quraram. İstəyirdim balaca hücrəm olsun, onun içində elmlə məşğul olum, mütaliə edim. Amma partiyaya da üzv oldum, ailə də qurdum, vəzifəyə də keçdim (gülür). Mən evlənəndə deyirdilər ki, xəşil da daşarmış! Bütün bunlar Allahın və talenin yükü idi. Heç bilmirdim o (xanımını nəzərdə tutur - müəl.) haradan gəlib qəlbimə girdi. Qonşu idik, ondan xoşum gəldiyini bacıma dedim, elçiliyə getdilər. Mən solaxayam. Adi xoruz şəklini çəkə bilmirəm. Amma təsəvvür edin ki, 94 günə həyat yoldaşımın portretini çəkdim. Həmin portret və bir neçə şəkil bu gün də qalır. Ona əruz, heca vəznində şeirlər yazdım.

- Xanımınız evdardır?

- Bəli...

- Övladlarınızdan da danışın.

- Üç oğlum, bir qızım var. İki oğlum və bir qızım ali təhsillidir. Kiçik oğlum xeyli sonra dünyaya gəldi, ona atamın adını qoyduq, hələ orta məktəbdə oxuyur. Övladlarım işsizdir.

“Heç vaxt çimərliyə getmədim ki, orda başqa qadına baxaram”

- Qərargahınızda əvvəllər də çox olmuşam. Amma indiyə qədər bircə qadın işçi görməmişəm. İndi də yoxdur. Niyə? Qadınlarla işləməyi sevmirsiniz?

- (Gülümsünür). Maraqlı məqamı tutmusunuz! Mən Ali Məhkəmədə işləyəndə, ondan əvvəlki vəzifələrdə çalışanda da qadınlardan qaçmışam.

- Nə üçün?

- Bunu indiki cavanlar başa düşməzlər. Mən heç vaxt çimərliyə getməmişəm ki, getsəm orda başqa qadına baxaram. Bu günə kimi heç vaxt başqa qadınla rəqs etməmişəm. Başımı aşağı salıb qadınlardan uzaq olmuşam ki, başım dinc olsun (gülür). Nə bilim, bəlkə də ifrata varmışam.

(Bir qədər fikirləşərək) Bizim müsahib qadındır. Özüm qadın işçilərə və üzvlərə demişəm ki, gedin oturun evinizdə, iş olanda çağıracam.

- Tahir bəy, dindarsınız?

- Yox, amma xalqımın dini baxışlarına hörmətlə yanaşıram. Dini kitabları çox oxuyuram. Başqa işim yoxdur axı. Guya oxumaqdan başqa əlimdən nə gəlir ki?

“Yıxdığım sovet hökumətində hər şeyim vardı”

- Tahir bəy, qol saatınız niyə yoxdur, zamanla maraqlanmırsınız?

- Saatım var, həm 5, həm də 100 manatlıq.

- Bəs niyə taxmırsınız?

- Bəzən saat taxmaq darıxdırıcı gəlir.

- Əvvəllər “QaZ-31” avtomobiliniz vardı, o necə oldu?

- Pis çıxmasın, qohum-əqrəbamda elə adam olmayıb ki, avtomobili olmasın. Yıxdığım sovet hökumətində hər şeyim vardı. Həmin avtomobildən sonra köhnə “Mercedes” də sürdüm. Amma ehtiyac üzündən satdım. Oğlum köhnə “Jiquli” alıb. Özüm bəzən evdən işə piyada gedib gəlirəm.

- Evdən söz düşmüşkən, mənziliniz hardadır?

- Mərkəzdə, Zərifə Əliyeva prospektində. “Məhkəmə quruluşu haqqında” Qanunun 91-ci maddəsinə əsasən verdilər. Bir dəfə keçmiş prezident Əbülfəz bəy mənə mənzil təklif etdi. Lakin etiraz edib bildirdim ki, mənzili qanunla almaq istəyirəm. Əgər qanunla mənə ev düşürsə, onu niyə minnətlə almalıyam? Haradan biləydim ki, ev almaqda xeyli çətinlik çəkəcəm.

- Dostlarınız çoxdur?

- Könlüm istəyən dostlarım tək-təkdir. Ağsuda uşaqlıq dostum Fikrət, İsmayıllıda Xaqani, Şamaxıda Akif, burda bir-iki iş yoldaşım yaxın dostlarımdır.

- Dolanışığınız necədir?

- Xalqın dolanışı necədirsə, mənimki də elə.

- Evə bazarlığı özünüz edirsiniz?

- Bazarlığa heç cavanlığımda da getməmişəm, qocalıqda gedəsi deyiləm ki? Uşaqlıqdan mənimki kitab olub. Ömrümdə heç vaxt dükana, bazara getməmişəm. Hətta küçəyə çıxanda qonşularım da məni tanımırdı.

Anar Tağıyev,

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm