İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı daha bir qətnamə qəbul edib
Bizi izləyin

Nida.az

İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı daha bir qətnamə qəbul edib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsinin soyqırımı aktı olduğunu bir daha təsdiqləyib.

Bu barədə Publika.az-a Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbulda yerləşən beynəlxalq katibliyindən məlumat verilib.

Məlumata görə, forumun sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti İƏT XİN Şurasının Küveytdə keçirilən 42-ci sessiyasında xüsusi qətnamə təqdim edib.

Şuranın yekdilliklə qəbul etdiyi "Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu haqqında” adlı qətnamədə Xocalı faciəsi soyqırım aktı adlandırılaraq, İƏT-ə üzv ölkələr insanlığa qarşı törədilən bu cinayətin beynəlxalq və milli səviyyələrdə tanınması üçün lazımi səy göstərməyə çağırılıb.

Qətnamə eyni zamanda, 1992-ci ilin fevralında Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən qətliamın insanlığa qarşı cinayət olduğunu bildirərək İƏT-ə üzv dövlətləri və qurumları "Xocalıya Ədalət" kampaniyasında fəal iştirak etməyə, həmçinin faciəni törədənlərin məsuliyyətə cəlb olunması üçün çağırış edib.

Bununla yanaşı, İƏT xarici işlər nazirləri bu ilin yanvar ayında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu və İƏT Parlamentlər İttifaqı arasında imzalanan əməkdaşlıq haqqında memorandumu təsdiq edib. Sözügedən memorandumda iki qurum arasında "Xocalıya Ədalət" kampaniyası çərçivəsindəki əməkdaşlığa hərtərəfli dəstəyin göstərilməsi xüsusi vurğulanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm