Milli Şura arxivə gedir, yaxud mitinq üçün pulu kim verib? – ŞƏRH
Bizi izləyin

Nida.az

Milli Şura arxivə gedir, yaxud mitinq üçün pulu kim verib? – ŞƏRH

Milli Şura sabah – mayın 30-da saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinq keçirdəcək.

Qurumun funksionerləri sosial şəbəkələr üzərindən mitinq təbliğatı aparır, insanları meydana səsləyir. Lakin ötən mitinqlərin təcrübəsi insanların Milli Şuraya inamının olmadığını göstərir.


Publika.az sabah keçiriləcək mitinqlə bağlı siyasilərin fikirlərini öyrənib.


“Pulunu verib mitinq sifariş edirlər”


Azərbaycan Sosial-Demokrat Partiyasının (ADP) sədri Araz Əlizadə Milli Şuranı “siyasi meyit” adlandırıb: “Onlar hərəkət edərək kəfəni yırtmağa çalışırlar. Bu mitinqlər yalnız jurnalistləri maraqlandırır, çünki onlar nədənsə yazmalıdır. Əhali isə belə mitinqlərlə ümumiyyətlə maraqlanmır. Hesab edirəm ki, həmişə olduğu kimi, sabah keçiriləcək mitinqə də heç kim gəlməyəcək”.


A. Əlizadə qeyd edib ki, Milli Şura rəhbərliyinin özü də mitinqlərin mənasız olduğunu bilir.

“Lakin onlar verilən sifarişi yerinə yetirməlidirlər. Pulu kim verirsə, musiqini o sifariş verir. Nə qədər pul verən olacaqsa, bunlar da o qədər mitinq keçirəcək. Hətta özlərini biabır etmək bahasına olsa belə, bundan əl çəkməyəcəklər”, - deyə partiya sədri diqqətə çatdırıb.


“Bu, dolayısı ilə anti-Azərbaycan qüvvələrə dəstək verməkdir”


Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə mitinqə Milli Şuranın bütün üzvlərinin gəlməyəcəyini deyib: “Orda elə insanlar var ki, sadəcə adları gedir. Buna görə də mitinqə Əli Kərimlinin yaxın ətrafı, dost-tanışı, bir də qurumda təmsil olunan bir ovuc insan qatılacaq. Bu da üst-üstə heç 500 nəfər etmir”.


S. Cəlaloğlu 30 may mitinqinin Milli Şuranın biabırçılıq günü olacağını deyib.


“Hazırda ölkə I Avropa Oyunlarına hazırlaşır və bütün dünyanın diqqəti Azərbaycandadır. Belə bir məqamda mitinq keçirmək fürsətçilik etməkdən başqa bir şey deyil. Milli Şura, daha doğrusu, AXCP öz təbirincə dünyaya yeganə müxalifət olduğunu göstərməyə cəhd edir. Lakin bu, dolayısı ilə anti-Azərbaycan qüvvələrə dəstək verməkdir. Çünki hazırkı məqamdan iqtidara qarşı istifadə etmək doğru deyil. Demokratiya çağıran bir çox beynəlxalq təşkilatın əsl məqsədinin bu olmadığını hamımız bilirik. Onlar demokratiya adı altında öz maraqlarını diktə edirlər. Bunu Milli Şuradakılar da yaxşı bilir, lakin yenə də oyuna gedirlər. Görünür, bu, onların da maraqlarına xidmət edir”, - deyə ADP sədri qeyd edib.

S. Cəlaloğlu 30 may mitinqinin iflasa uğrayacağını diqqətə çatdırıb.


“Parlament seçkilərindən sonra Milli Şura arxivə gedəcək”


Vəhdət Partiyasının sədri Tahir Kərimli də 30 may mitinqinin Milli Şuranın iflası olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, I Avropa oyunları ərəfəsində Milli Şura mitinq keçirməklə Qərbin diqqətinə düşmək istəyir.

“Lakin artıq Qərb də bu qüvvələrin xalq tərəfindən qəbul edilmədiyini bilir və onlara dəstək vermirlər. Hesab edirəm ki, Milli Şura ömrünün son akkordlarını vurur və parlament seçkilərindən sonra arxivə gedəcək”, - deyə partiya sədri bildirib.


Qeyd edək ki, Milli Şuranın mitinqinə siyasi partiyaların heç biri qatılmayacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm