Mübariz Qurbanlı 10 dini icmaya maliyyə yardımı ayırdı
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlı 10 dini icmaya maliyyə yardımı ayırdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağa başlayıb.

Publika.az xəbər verir ki, bu məqsədlə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.

O qeyd edib ki, Dövlət Komitəsində maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edilir. Komitə sədri əlavə edib ki, icma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar.

Dini maarifləndirmənin əhəmiyyətindən danışan Dövlət Komitəsinin sədri milli-mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb. Mübariz Qurbanlı qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.

Eyni zamanda, Mübariz Qurbanlı dini icma sədrlərinin yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm