Rusiya oyundan çıxarılır: Balkanların yeganə ümidi Bakıdır – Şahmat gedişi
Bizi izləyin

Nida.az

Rusiya oyundan çıxarılır: Balkanların yeganə ümidi Bakıdır – Şahmat gedişi

Rusiyanın Avropaya qarşı “qaz savaşında” əsas silahı hesab olunan “Türk axını” layihəsinin yarpaqları bir-bir tökülür.

Publika.az xəbər verir ki, Azərbaycan qazının Avropaya daşıyacaq TANAP-a alternativ hesab olunan “Türk axını”nın da marşrutu eynidir.

Qərb, xüsusilə Vaşinqton Azərbaycan qazını və bu qazı daşıyacaq layihəni əsas gətirərək “Türk axınına” qarşı çıxır, Rusiya isə ABŞ-a məhəl qoymadan israrla addımlayırdı.

Hər şey çox yaxşı gedirdi. Lakin son anda kartlar yenidən qarışdı.

Bu ilin aprelin ilk günlərində Yunanıstan, Serbiya, Macarıstan, Makedoniya və Türkiyənin xarici işlər nazirləri Budapeştdə Türkiyə üzərindən Avropaya qazı aparacaq yeni kəmərin tikintisi haqda bəyannamə imzaladılar. Moskva üçün bu “Türk axını” layihəsinə birmənalı dəstək idi. Hətta layihədə iştirakla bağlı bu ölkələrin rəhbərləri də fikir bildirdi. İlin başlanğıcından etibarən Rusiya bu ölkələrlə fasiləsiz danışıqlar aparırdı. Putin güzəştlər etməklə İtaliya, Yunanıstan və Türkiyə rəhbərliyi ilə layihəni şəxsən müzakirə edirdi.

“Qazprom” Ukraynadan yan keçən yeni qaz kəmərinin tikintisindən danışaraq az qala hər gün “Cənub axını” üzrə keçmiş partnyorlarla görüşürdü.

Kremlin planı saat kimi işləyirdi və belə davam etsəydi, Rusiya hər kəsi qabaqlayacaq, Qərbdə qəbul etməsələr belə, Avropanın içinə soxula biləcəkdi. Martın sonunda isə vəziyyət dəyişdi. Əvvəlcə Türkiyə ilə danışıqlar dalana dirəndi. Aprelin 21-də boru kəmərinin Yunanıstan ərazisindən uzadılması haqda rəsmi Afina ilə razılaşma imzalanacaqdı. Bu da baş tutmadı.

Bu arada Avropa məsələni hüquqi müstəviyə də daşıya bildi. Avrokomissar Marqaret Vestaqer bildirdi ki, “Qazprom”un antiinhisar qanunvericiliyi pozduğuna dair araşdırmalara başlanıb. O, bu araşdırmaların “Türk axını” layihəsinə də toxunacağını istisna etmədi.

Lakin Qərbin qarşısında maneə dayanırdı: Afinaya yeni sahiblənən yunan solçuları. Vaşinqton, eləcə də Brüsseldən Afinaya dolu kimi yağan iradlara rəğmən, solçu rəhbərlər Rusiyanın ətəyini buraxmırdı. Bu vaxt ABŞ şahmat gedişi etdi və Rusiyanı Afinadan deyil, Skopyedən vurdu.
Makedoniya “Türk axını” yolunda əsas açar idi. Belə ki, yunan torpaqlarına qədər uzanacaq kəmər məhz Makedoniyadan keçərək Serbiyaya, oradan da Avropanın qaz bazarına çıxacaqdı. Makedoniyanın Kremlə yaxın hesab olunan hökuməti layihəni dəstəkləməkdə israr etdiyi vaxt ölkə müxalifəti ayağa qalxdı və meydanda çadırlar quruldu. Həmçinin, Kosova yaraqlıları fəallaşdı. Artıq iki həftədir davam edən nümayişlərin nəticəsində hökumət geri çəkildi və istefası tələb olunan baş naziri Nikola Qruevski şərti açıqladı: Rusiya və Avropa Komissiyasının razılaşacağı halda Makedoniya “Türk axını”nda iştirak edəcək. Bu avtomatik olaraq, Makedoniyanın - əsas açarın oyundan çıxması deməkdir. Əslində Makedoniyanın “Türk axını”na dəstəyi iqtisadi dividentdən çox siyasi çalar daşıyırdı. Çünki bu ölkənin qaza olan tələbatı cəmi 150 milyondur ki, onu da Rusiyadan Avropa ölkələri arasında ən baha qiymətə alır. Yəni, onun cüzi miqdarda olan tələbatını Azərbaycan qazı hesabına ucuz qiymətə təmin etməsi daha məntiqə uyğundur.

Makedoniyadan sonra Serbiyanın baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycan qazını Avropaya nəql edəcək TAP kəməri layihəsinə qoşulmağa hazır olduğunu bəyan etdi: “Biz Serbiya üçün qaz təchizatını şaxələndirməyə hazırıq. Bu, bizim amerikalı dostlarımız üçün də çox mühümdür” - deyə baş nazir bildirib.

Beləliklə, Qərb “Türk axını” layihəsinin perspektivlərini məhv etdi. Rusiya kəməri tiksə və qazı yunan sərhədlərinə çıxarsa belə, onu Avropa bazarına daşıya bilməyəcək. Ekspertlərin fikrincə, Rusiya bu məsələdə tək qalıb. Deməli, Azərbaycan qazının Avropa bazarı üçün əsas alternativ olma mövqeyi daha da möhkəmlənir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm