
“Xəzərin hüquqi statusu üzrə Konvensiyanın mətni Xəzəryanı dövlət başçılarının Qazaxıstanda növbəti görüşü zamanı təqdim olunacaq”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya
Prezidentinin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi İqor
Bratçikov deyib.
Rusiya nümayəndəsinin fikrincə, hazırkı məqama qədər problemin
həlli üçün müsbət addımlar atılıb.
Lakin ekspertlər hüquqi statusun yaxın müddətdə həll olunacağını
düşünmürlər. Xüsusilə, Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi
planlarının olduğu bir vaxtda Rusiya buna imkan vermir. İran da öz
növbəsində Rusiyanın mövqeyinə yaxın formada çıxış edir.
Rusiyalı analitik Andrey Petrov da yaxın müddətdə Xəzərin hüquqi
statusunun həll olunmasını gözləmir. Onun sözlərinə görə, indiki
məqamda Qərb-Rusiya qarşıdurması gedir: “Avropa Rusiya qazından
imtina üçün bütün variantlara gedəcək. Bu baxımdan, dənizin dibi
ilə çəkiləcək boru kəməri aktualdır. Çünki Türkmənistan qazı ilə
Rusiyanı bazardan çıxarmaq olar. Lakin bunun nə dərəcədə real
olacağını demək çətindir. Qərb hegemonluq etmək iddiasındadır.
Lakin Rusiya bu coğrafiyaya yaxşı bələddir”.
A. Petrov Qərb-Rusiya qarşıdurmasının növbəti mərhələsi kimi Xəzər
regionunun olacağını ehtimal edir.
Asif Nərimanlı