Elmar Məmmədyarov: “Minsk qrupu Ermənistanla bağlı tədbir görməlidir”
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov: “Minsk qrupu Ermənistanla bağlı tədbir görməlidir”

“Ermənistan beynəlxalq hüquq normaları və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirib. Nəticədə Azərbaycanın 20 faiz ərazisi işğal olunub, bir milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində deyib.


Nazir əlavə edib ki, erməni silahlı birləşmələri mövcud hüquq normalarını pozaraq işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir: “İşğal olunmuş Azərbaycan ərazilərinə Suriya və Livandan ermənilər gətirilərək yerləşdirilir. Bu uzağı görməyən addımlar və neqativ elementlər münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesinə ciddi zərbə vurur”.


E. Məmmədyarov mövcud status-kvonun qəbul edilmədiyini və bunun ATƏT-in Minsk qrupunun üzv dövlətləri tərəfindən də dilə gətirildiyini diqqətə çatdırıb.

“Ermənistan ilk növbədə öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Bizim mövqeyimiz beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər beynəlxalq sənədlərə söykənir. BMT-nin dörd qətnaməsinə əsasən, “erməni silahlı birləşmələrinin işğal olunmuş ərazilərdən təcili və qeyd-şərtsiz çıxarılmasını” tələb edir. Təəssüf ki, bu tələblər 20 ildən çoxdur ki, yerinə yetirilmir. Ermənistan sadəcə olaraq beynəlxalq hüquqa və BMT qətnamələrinə məhəl qoymur”, - deyə nazir vurğulayıb.


E. Məmmədyarov qeyd edib ki, ötən il Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində aparılan danışıqlar prosesi kifayət qədər intensiv olub. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri və bu qrupun üzv dövlətlərinin rəhbərləri danışıqlar prosesində fəal iştirak edib: “Ötən ilin avqustunda prezident Putin Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirdi. Sentyabrda dövlət katibi Kerri prezidentlərlə görüşdü. Oktyabrın sonunda isə Fransa prezidenti Ollandın təşəbbüsü ilə prezidentlər Parisdə ikitərəfli və üçtərəfli müzakirələr apardılar.

ATƏT-in Minsk qrupu həmsədrlərinin böyük sülh sazişi üzərində işə başlamaqla bağlı inadlı çağırışlarına baxmayaraq, proses ölü nöqtədən tərpənməyib. Çünki Ermənistan çağırışlara məhəl qoymur. Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə ifadə edib. Hesab edirik ki, bu münaqişənin nizama salınmasında irəliləyişə nail olmaq üçün ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan barəsində tədbir görməli, onu sülhə məcbur etməlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm