Ukraynada azərbaycanlı diaspor rəhbərinin həyatına təhlükə yaranıb – ÖZƏL
Bizi izləyin

Nida.az

Ukraynada azərbaycanlı diaspor rəhbərinin həyatına təhlükə yaranıb – ÖZƏL

Ukraynanın Luqansk vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Rasim Uğurluyevin həyatına təhlükə yaranıb.

Bu barədə Publika.az-a diaspor rəhbəri R.Uğurluyev özü məlumat verib.

Ukraynada müharibə vəziyyətinin hələ də davam etdiyini vurğulayan R.Uğurluyev bildirib ki, Donetskdə gedən müharibə onun ailəsi və özü üçün böyük təhlükələr yaradıb: “Luqansk şəhərindəki evim separatçılar tərəfindən bombardman edilib. Bundan sonra Kiyevə gedib orada bir müddət kirayədə yaşadıq, indi də Xarkovdayıq. Yollarda qalmışıq, ailəmə və mənə təhlükə var. Separatçılar öldürmək üçün məni axtarır. Hələ ki Ukrayna hökuməti mənə yardım göstərmir”.

R.Uğurluyev hazırda Şərqi Ukraynada döyüşlərin davam etdiyini söyləyib: “Təkcə bu il ərzində 7 nəfər azərbaycanlı itkin düşüb, onların taleyindən heç bir məlumat yoxdur. Bir müddət əvvəl əslən Azərbaycanın Göyçay rayonundan olan Vüsal Bağırov adlı soydaşımız da separatçıların əlinə düşüb”.

Diaspor rəhbəri hazırda Ukraynada gedən döyüşlərdə separatçılar tərəfindən də vuruşan azərbaycanlıların olduğunu söyləyib: “Hazırda separatçılar tərəfindən Ukraynaya qarşı döyüşən 50 nəfərə yaxın azərbaycanlı var. Bildiyim qədər, onların əksəriyyəti separatçılar tərəfindən həbs olunub. Ancaq separatçılar tərəfindən vuruşan şəxslərin əksəriyyəti bu hərəkətlərindən peşmandırlar və geri qayıtmaq üçün yollar axtarırlar. Bundan əlavə, Ukraynada separatçılar guya özləri üçün qayda-qanun yaratmağa çalışırlar. Ancaq heç bir qayda-qanundan söhbət gedə bilməz. Çünki separatçıların indi vəziyyəti yaxşı deyil. Rusiyaya qarşı beynəlxalq təzyiq artdıqca, Rusiyada da separatçıların arxasından çəkilməyə məcbur qalır. Yəqin ki, yaxın 6 aya separatçılar Ukraynaya təslim olacaqlar. Çünki separatçıların sosial-iqtisadi vəziyyəti də yaxşı deyil. Adicə meyvə-tərəvəz Luqanskda Moskvadan dəfələrlə baha satılır. Hər kəs öz istədiyi qiyməti qoyur, heç bir nəzarət yoxdur, tam xaos hökm sürür”.

R.Uğurluyev bütövlükdə Ukraynada da vəziyyətin qənaətbəxş olmadığını bildirib: “Ukraynada indiki hökumət zəifdir, prezident Proşenko artıq bir ildən çoxdur ki, hakimiyyətdədir, ancaq nə isə edə bilmir. İndi Ukrayna hakimiyyətində Gürcüstanın sabiq prezidenti Saakaşviliyə vəzifə verildi. Ukraynanı böhrandan çıxartsa, bəlkə, Saakaşvili çıxarar. Hazırda Ukraynadakı vəziyyət ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış vəziyyətə bənzəyir. Necə ki, həmin dövrdə Azərbaycana Heydər Əliyev kimi prezident gəlib ölkəni xilas etdi, indi Ukraynaya da bu cür qüvvə lazımdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm