Amerikalı ekspert Azərbaycanın xarici siyasətini təhlil edib
Bizi izləyin

Nida.az

Amerikalı ekspert Azərbaycanın xarici siyasətini təhlil edib

ABŞ-ın Corc Vaşinqton Universitetinin Mərkəzi Asiya Proqramı dünyanın ən məşhur “beyin mərkəz”lərindən olan Hudson İnstitutunun və Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş elmi işçisi, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Riçard Veytzin “Xəzər üçlükləri: Azərbaycanın üçtərəfli diplomatiyası – yeni dövrə yeni yanaşma” adlı hesabatını dərc edib.

Hesabatda Azərbaycanın son illərdə həyata keçirdiyi üçtərəfli regional xarici siyasət strategiyasının ayrı-ayrı elementlərindən (Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan), onun beynəlxalq təhlükəsizliyə töhfə verməsi baxımından əhəmiyyətindən, xüsusilə bu üçtərəfli münasibətlərin əsas təşəbbüskarı kimi Bakının rolundan bəhs edilir.

Qeyd edilir ki, son dövrlərdə Azərbaycan Xəzər-Qafqaz bölgəsində soyuq müharibə dövrünün “kölgəsi”ndən və yeni regional qarşıdurmalardan yayınaraq, bölgənin iqtisadi potensialını ortaya çıxaran və geosiyasətini dəyişmək gücünə malik üçtərəfli diplomatiya həyata keçirir. Azərbaycan Türkiyə ilə birlikdə Gürcüstan, İran və Türkmənistanla münasibətləri yeni müstəviyə çıxarmağa çalışaraq bölgədə çoxtərəfli layihələr reallaşdırmaqla regional, iqtisadi və enerji təhlükəsizliyini gücləndirəcək və Avrasiya dövlətləri arasında münasibətləri inkişaf etdirəcək siyasət həyata keçirir. Son illərdə Azərbaycanın həyata keçirdiyi üçtərəfli xarici siyasət strategiyası Xəzər hövzəsinin və Cənubi Qafqazın digər ölkələri arasında da münasibətlərin dərinləşdirilməsinə xidmət edib.

Hesabatda xüsusi vurğulanır ki, Azərbaycan bölgədə son zamanlar dərinləşən üçtərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsidir. Bu strategiya ölkənin milli təhlükəsizlik, iqtisadi inkişaf və geosiyasi müstəqillik siyasətini, eləcə də digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrini tamamlayır. Məhz bu cür siyasət Azərbaycana bir sıra geosiyasi vəzifələri həyata keçirməyə imkan verir. Belə ki, bu strategiya həyata keçirilməsə idi Azərbaycan daha böyük geosiyasi güclər tərəfindən öz siyasətlərinə tabe etdirilmə təhlükəsi ilə üzləşə bilərdi. Çünki geosiyasi reallıq ondan ibarətdir ki, Azərbaycan son illərdə iqtisadi və siyasi baxımdan çox güclənsə də, obyektiv səbəblər - böyük dövlətlərlə müqayisədə əhalisinin az və ərazisinin kiçik olmasına görə öz təhlükəsizliyi üçün ciddi təhdidlərlə üzləşə bilərdi. Ona görə də Azərbaycan münasibətlərini elə qurmağa çalışır ki, onların hər hansı biri ilə əməkdaşlıq digər ölkələrə qarşı çevrilməsin. Bu cür strategiyaya əsasən Azərbaycan müxtəlif dövlətlərlə qarşılıqlı mənfəətə hesablanmış tərəfdaşlıq münasibətləri quraraq antaqonist münasibətləri nizamlaya bilir. Bununla bağlı olaraq müəllif Prezident İlham Əliyevin “bu üçtərəfli münasibətlərin əhəmiyyəti regional sərhədləri aşır və Avropanın enerji təhlükəsizliyinə töhfə vermək baxımından qlobal əhəmiyyət daşıyır” fikrinə xüsusi yer verir.

Hesabatda, həmçinin Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktı bir neçə dəfə təkrarlanır, bu təcavüzün Azərbaycanın, eləcə də regionun təhlükəsizliyinə, sabitliyinə və iqtisadi inkişafına vurduğu zərərdən bəhs olunur.

Müəllif bu üçtərəfli münasibətlərdə iştirak edən dövlətlər arasında mürəkkəb əlaqələrin yaxın tarixinə nəzər salır, yaşanan problemlərə baxmayaraq, Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu cür çətinlikləri aşma istiqamətində fəaliyyətlərə geniş yer verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm