Şeyx dindarlardan gileyləndi
Bizi izləyin

Nida.az

Şeyx dindarlardan gileyləndi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bəzi din xadimlərinin fəaliyyətindən narazılıq edib.

Publika.az-ın məlumatına görə, QMİ-nin Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında çıxış edən Allahşükür Paşazadə məzhəb ayrıseçkiliyinə də toxunub.

Ramazan ayının başlanması və namazla bağlı azanın fərqli vaxtlarda səsləndirilməsindən narahatlığını dilə gətirən QMİ sədrinin fikrincə, bu, qətiyyən doğru deyil: "Ramazan ayında azanın səsi fərqli gələrsə, ölkəyə gələnlər düşünəcək ki, burada məzhəblər arasında fərq var, birlik yoxdur. Həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran və Türkiyənin elmi-dini qurumları ilə sıx əməkdaşlıq edir. Lakin Azərbaycan müstəqil dövlətdir və özünün rəsədxanası var.

Ona görə də biz öz rəsədxanamızın rəyi əsasında fətva verəcəyik: "Bizim rəsədxanamız İran və Türkiyədəki rəsədxanalardan daha güclüdür və daha dəqiq məlumatlar vermək imkanına malikdir. Biz öz elmimizə arxalanaraq hətta gələcəkdə namaz vaxtlarını da təyin edə biləcəyik".

QMİ sədri qeyd edib ki, ötən il imam və axundlar Ramazan ayı ilə bağlı fətvaların xalqa çatdırılmasında zəiflik göstəriblər: "Fətvanın xalqa vaxtında çatdırılması bizim üçün çox vacibdir. Onlardan xahiş edirik ki, bu məsələdə daha fəal olsunlar. Xüsusən, bölgə məscidlərində azanın eyni vaxtda verilməsi təmin edilməlidir. İmam və axundlar bu məsələyə ciddi nəzarət etməlidirlər. Buna əməl etməyənlərin məsələsi işdən azad etmə səviyyəsinədək gəlib çıxa bilər.

Ötən il din xadimləri onlara verilən fətvaları yaddan çıxardılar. Siz xalqın arasında olursunuz. Onu xalqa çatdırmalısınız. Bizim də, Dövlət Komitəsinin də məscidlərdə baş verənlərdən xəbərimiz var. Mən özüm Hacı Şahin Həsənlinin moizələrinə qulaq asıram. Nəyə görə də qulaq asmayım? Düz sözə qulaq asmaq lazımdır. Amma bəzi məscidlərdə elə şeyləri təbliğ edirlər ki, məzhəblər arasında ayrıseçkiliyə gətirib çıxarır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm