“Xalqın malını mənimsəmək olmaz” – komitə sədrindən iş adamlarının saxlanılmasına REAKSİYA
Bizi izləyin

Nida.az

“Xalqın malını mənimsəmək olmaz” – komitə sədrindən iş adamlarının saxlanılmasına REAKSİYA

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanın bir sıra iş adamlarının bankdan götürdüyü kredit borclarını ödəmədiyi üçün saxlanılması məsələsinə münasibət bildirib.

Z.Səmədzadə Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidentinin bu məsələyə reaksiyası çox vaxtında atılmış addım olub: “Çox təəssüf ki, bəzi adamlar bu məsələləri dərindən dərk etmirlər, daha çox pul qazanmaq naminə işlərinə məsuliyyətsiz yanaşırlar. Dövlət başçısı da haqlı olaraq bu məsələyə öz münasibətini bildirib. Təbii ki, Azərbaycan xalqı cənab Prezidentin bu çıxışını izləyib. Dövlət başçımız hər bir azərbaycanlının prezidentidir. Bu yaxınlarda paytaxtdakı binada baş vermiş yanğın hadisəsi zamanı da cənab Prezidentin tapşırığı ilə dərhal Dövlət Komissiyası yaradıldı və yanğın zamanı zərər çəkmiş insanlara bütün lazımi köməklik göstərildi. Azərbaycan xalqı bir daha ölkə başçısının onların yanında olduğunu gördü. İndi bəzi müxalifət mətbu orqanlarında yazılır ki, guya Azərbaycanda sahibkarların fəaliyyəti sıxışdırılır və sairə. Bütün bunların hamısı yalan və iyrənc fikirlərdir. Dövlət hər zaman öz vətəndaşlarının qorunması və müdafiəsi üçün lazımi tədbirləri görür. Azərbaycanda xalqla iqtidar arasında böyük birlik var. Azərbaycan xalqı dövlətə, dövlət də xalqına inanır. Azərbaycan iqtidarının gücü xalqın ona olan bağlılığında və inamındadır. Ona görə də maliyyə və şəffaflığın pozulmasına yol verən insanlara qarşı dövlət başçısının ciddi tədbirlər görməsi təbii haldır. Bütün bunlar Azərbaycan dövlətinin mahiyyətindən və Konstitusiyadan irəli gəlir. Xalqın malını mənimsəmək, tapdamaq olmaz. Bütün işlərdə şəffaflıq olmalıdır. Hər birimiz də çalışmalıyıq ki, vəzifəmizdən asılı olmayaraq, dövlət əmlakının istifadəsinə çox ciddi yanaşaq və onun səmərəsiz istifadəsinə yol verməyək”.

Z.Səmədzadə əlavə edib ki, Azərbaycanda dövlət əmlakının səmərəsiz yerə istifadəsinə yol verən insanlar qanun qarşısında cavab verməlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm