Azərbaycanda Mətbuat Muzeyinin yaradılması təklif olundu
Bizi izləyin

Nida.az

Azərbaycanda Mətbuat Muzeyinin yaradılması təklif olundu

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının (PA) şöbə müdiri Əli Həsənov aparıcı media rəhbərləri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüş Prezident İlham Əliyevin iyunun 2-də Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama həsr olunub.

PA-nın şöbə müdiri Əli Həsənov bir neçə gün əvvəl Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamın önəmindən danışıb. Bildirib ki, bu Sərəncamın imzalanması dövlətimizin başçısının milli mətbuatımıza və Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunmasında medianın oynadığı rola verdiyi önəmin göstəricisidir. Bugünkü görüşün məqsədi də həmin Sərəncamdan irəli gələn məsələləri müzakirə etməkdir.

Görüş zamanı Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi barədə bir neçə media rəhbərləri tərəfindən fikir və təkliflər səsləndirilib. Təkliflər arasında yubiley tədbirlərinin Naxçıvanda, ölkə xaricində, o cümlədən Türkiyə və Gürcüstanda keçirilməsi də var.

Tədbir zamanı Azərbaycanda Mətbuat Muzeyinin yaradılması da təklif olunub.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov isə bildirib ki, mükafat üçün təqdim olunacaq jurnalistlərə diqqətlə yanaşmaq lazımdır: “Kimsə gəlib deyə bilər ki, mənim hansısa xidmətim var. Təcrübə və peşəkarlıq nəzərə alınmalıdır. İş təcrübəsi əsas meyar olmalı deyil. Təqdim olunan insanın mənəvi keyfiyyətlərinə də diqqət yetirmək lazımdır. Seçimdə diqqətli və tələbkar olmaq lazımdır. Onsuz da layiqli olan jurnalistləri hər birimiz yaxından da tanıyırıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm