“Əl-Əhram” qəzeti: “Azərbaycanın təcrübəsi və iqtisadi gücü ona Avropa Oyunlarına ev sahibliyi etmək imkanı verir”
Bizi izləyin

Nida.az

“Əl-Əhram” qəzeti: “Azərbaycanın təcrübəsi və iqtisadi gücü ona Avropa Oyunlarına ev sahibliyi etmək imkanı verir”

Misir Ərəb Respublikasının nüfuzlu “Əl-Əhram” qəzetində “Azərbaycan mədəniyyətlərarası birliyi və dünya enerji təhlükəsizliyini həyata keçirməyə səy göstərir” sərlövhəli məqalə dərc olunub.


Publika.az xəbər verir ki, qəzetin baş redaktor müavini Məhəmməd Osmanın müəllifi olduğu məqalədə Azərbaycanın İslam dünyası ilə Avropa arasında körpü rolunu oynadığı diqqətə çatdırılıb.


Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq, Bakı şəhərinin qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi müstəvi olduğunu qeyd edib: “Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın yüzdən çox dövlətindən müxtəlif dinlərə və irqlərə mənsub nümayəndə heyətləri iştirak edir. Bu Forumda mədəniyyətlərarası dialoqla bağlı görülən işlər, həmçinin qlobal əhəmiyyətli məsələlər müzakirə olunur”.


M. Osman vurğulayıb ki, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsində mühüm rol oynamaqla yanaşı, iqtisadi imkanlarından istifadə edərək, dünya miqyasında enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm paya sahibdir: “Azərbaycan Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür”.


M. Osman Forumun proqramına toxunaraq, müasir dünyada qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda mədəniyyətlərarası dialoqun qorunması ilə bağlı məsələlərin tanınmış şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları tərəfindən müzakirə edildiyini bildirib.


“Forum çərçivəsində ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun keçirilməsində rolu, habelə təhsilin, incəsənətin, turizmin və mədəniyyətlərin yaxınlaşması ilə bağlı plenar sessiyalarda geniş müzakirələr aparıldı”, - deyə müəllif məqalədə vurğulayıb.


M. Osman daha sonra Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova istinad edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində iş aparsa da, 20 ildən çoxdur ki, sülh danışıqlarında heç bir nəticə əldə olunmayıb. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. Lakin həmin vaxt Ermənistan silahlı birləşmələri tərəfindən hücuma məruz qalıb. Nəticədə, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarından qovulub”.

Müəllif Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfədən də bəhs edib. Onun sözlərinə görə, geniş təbii sərvətlərə malik olan Azərbaycan Xəzər dənizinin açıq dənizə çıxışı olmadığı halda neft və qazını boru kəməri vasitəsilə Qara dənizə və Aralıq dənizə, oradan da dünyanın müxtəlif ölkələrinə nəql edir.


“Azərbaycan ilk dəfə dünyanın enerji xəritəsini dəyişən ölkədir”, - deyə məqalədə bildirilib.


M. Osman Azərbaycanın iyunun 12-də Bakıda start veriləcək I Avropa Oyunlarına tam hazır olduğunu yazıb. Onun sözlərinə görə, Azərbaycan belə möhtəşəm oyunlara ev sahibliyi etməklə, adını tarixə yazacaq.

“Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi I Avropa Oyunlarına hazırlıq işlərini yekunlaşdırıb. Bu möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı bir neçə gün sonra avropalı qonaqları qəbul edəcək. Azərbaycanın təcrübəsi və iqtisadi gücü ona bu böyük idman tədbirinə ev sahibliyi etmək imkanı verir”, - deyə müəllif bildirib.


M. Osman Azərbaycanın 2016-cı ildə Sivilizasiyalararası dialoqun növbəti forumuna da ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm