Azərbaycanlı deputat: “AKP ilə MHP koalisiya yarada bilər”
Bizi izləyin

Nida.az

Azərbaycanlı deputat: “AKP ilə MHP koalisiya yarada bilər”

Hazırda Türkiyədə səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov ötən gün qardaş ölkədə keçirilən parlament seçkiləri ilə bağlı fikirlərini açıqlayıb.

Deputat N.Cəfərov Publika.az-a açıqlamasında seçkilərin çox şəffaf və demokratik keçdiyini bildirib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla birgə 50-yə qədər seçki məntəqəsində müşahidə apardığını vurğulayan N.Cəfərovun seçkilərin normal təşkil olunduğunu söyləyib: “Türkiyənin bu cəhətdən qanun-qaydası çox möhkəmdir. Seçkilər çox demokratik və sakit keçdi. Nəticələr də artıq məlumdur. Seçkilərin qeyri-demokratik və saxta formada keçirilməsi barədə heç bir hərəkətə yol verilməyib. Hətta cəmiyyətdə də belə fikir olmayıb. Biz Azərbaycan nümayəndə heyəti olaraq seçkilərdən çox razı qaldıq. Biz burada Türkiyə Seçki Komissiyasının sədri, Konstitusiya Məhkəməsinin sədri, Xarici İşlər nazirinin müavini, Ədalət Komissiyasının sədr müavini, TÜRK PA-nın üzvləri və digər şəxslərlə görüşdük, söhbətlər apardıq. Seçki əhvali-ruhiyyəsi çox yüksəkdir”.

N.Cəfərov Türkiyədə hər hansı partiyanın tələb olunan səs faizini toplaya bilməməsinə görə təkrar seçkilərin keçiriləcəyi barədə yayılan məlumatlara da toxunub: “Hazırda burada bir neçə variantlar müzakirə olunur. Ən çox təklif olunan variant da odur ki, AKP ilə MHP arasında koalisiya yaradılsın. Yəni, AKP ilə MHP koalisiya yarada bilər. Hazırda ən çox müzakirə olunan məsələ məhz budur. Çünki AKP-nin nə CHP, nə də HDP ilə koalisiya yaratması inandırıcı görünmür. Ancaq AKP ilə MHP-nin koalisiya yaratması mümkündür. Digər tərəfdən isə MHP-də kifayət qədər azərbaycanlı üzvlər var. Bu baxımdan da AKP ilə MHP arasında koalisiyanın yaradılması yaxşı olardı”.

N.Cəfərov əlavə edib ki, Türkiyədə təkrar seçkilərə də gedilə bilər: “Koalisiya yaranması mümkün olmasa, təkrar seçkilərə də gedilə bilər. Bu da istisna olunmur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm