• USD 1,7020 0,00% EUR 1,9062 0,00%
    • GBP 2,1922 0,00% RUB 0,0300 0,00%

Prezident İlham Əliyev və xanımı bir neçə obyektin açılışında iştirak edib - VİDEOLAR/FOTOLAR (YENİLƏNİB)

  • Nida.az
  • 8 İyun 2015 22:21
  • 739 Baxış
Prezident İlham Əliyev və xanımı bir neçə obyektin açılışında iştirak edib - VİDEOLAR/FOTOLAR (YENİLƏNİB)

Birinci Avropa Oyunları ərəfəsində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün Bakıda Heydər Əliyev Fondunun layihəsi olan yeni mədəniyyət obyekti fəaliyyətə başladı. Dövlət Bayrağı Meydanı ərazisində Daş salnamə muzeyinin açılışı oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış oldular.

Dövlətimizin başçısı və xanımına muzey haqqında məlumat verildi. 1921-ci ildə inşa olunan və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulan elektrik stansiyasının binası bərpa işlərindən sonra muzey kimi fəaliyyət göstərəcək. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb.

"Daş salnamə" sərgisinin ekspozisiyası daş plastikanın bir çox növlərini əhatə edir. Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş "Daş salnamə" ekspozisiyasına "Qobustan" və "Qala" qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir. Bu əsərlərdə sanki ötən dövrlərin əks-sədası eşidilir. Heykəltəraş bu sərgidə "Arteriya" adlandırdığı səpkidə bir tarixi təqdim edir. Azərbaycan torpağı ən qədim dövrlərdən daş plastikasının inkişafına imkan verən müxtəlif daş növlərinin zənginliyi ilə məşhurdur. Azərbaycanın müxtəlif guşələrində aşkar edilən çoxlu sayda daş plastikasının gözəl nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir. Minilliklər boyunca və bu günə qədər daş plastika həm incəsənətin bir növü, həm də maddi mədəniyyətin ayrılmaz hissəsi kimi ənənələrimizi, Azərbaycan xalqının mənəvi dəyərlərini və dünyagörüşünü əsrlərdən-əsrlərə adladaraq öz sonsuz salnaməsini yazmaqda davam edir.

Epiqrafik abidələr də tarixin öyrənilməsində ən qiymətli mənbədir. Yazılı mənbələrdə nadir hallarda yer alan məlumatlar daşlar üzərindəki yazılarda saxlanılır. Ekspozisiyada müxtəlif məzmunlu epiqrafik yazılar qorunub saxlanılır, xatirə plastikasının qiymətli eksponatları təqdim edilir. Bütövlükdə, sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.

Muzeyi ziyarət edən qonaqlar sərgidə təqdim edilən eksponatlar vasitəsilə Azərbaycanda daş plastika ənənələrinin tarixi inkişaf və təkamül mərhələlərini əyani şəkildə izləyə biləcəklər.

X X X

İyunun 13-də Bakıda, Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan Evi fəaliyyətə başlayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Azərbaycan Evində yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Evində birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri, idmançıların uğurları müzakirə ediləcək, qaliblərin şərəfinə bayramlar təşkil olunacaq. Müasir üslubda qurulan bu məkan əslində hər bir Olimpiadanın ayrılmaz hissəsi hesab edilir. Burada idmançılara, şəhərimizin qonaqlarına əyləncəli proqramlar təqdim ediləcək.

Azərbaycan Evində qonaqların həm istirahəti, həm də onların öz sevimli komandaları və idmançılarının uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb.

X X X

İyunun 8-dən Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun daha bir layihəsi olan yeni ekspozisiya açılıb. Bu, ölkəmizin təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər.

Məlumat verildi ki, burada özündə dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin, həm də qismən unudulan sənətkarların əsərləri sərgilənir.

Müasir Azərbaycanın təsviri incəsənət tarixi nisbətən gəncdir və XX yüzilliyin birinci yarısına təsadüf edir. Avropa incəsənət ənənələri Azərbaycana hələ XVIII əsrdən nüfuz etməyə başlayıb. Lakin müasir təsviri incəsənət məktəbinin formalaşmasında ciddi və əhəmiyyətli addım Bakıda 1920-ci ildə ilk Rəssamlıq Məktəbinin açılışı ilə atılıb. Artıq Rəssamlıq Məktəbinin ilk buraxılışı Azərbaycana əsl sənətkarları – milli rəngkarlıq məktəbinin formalaşmasının əsasında duran çox müxtəlif və son dərəcə istedadlı rəssamları bəxş edib. Milli rəngkarlıq məktəbinin inkişafında növbəti mərhələdə rəssam-nonkonformistlər tamamilə başqa bədii -plastik məsələləri həll etməklə Azərbaycanda avanqardizm üçün yol açıblar. Onların əsərləri müasir təsviri incəsənətin əsasını qoyub. Bu parlaq və bənzəri olmayan sənətkarların yaradıcılıq metodu “Abşeron rəngkarlıq məktəbi” adını alıb.

Bu gün Azərbaycanda incəsənətin inkişafı üçün bütün imkanlar mövcuddur. Yeni formasiya rəssamlarının yaradıcılığı əsl düşüncə oyunlarıdır.

Sərgi realizm, modernizm və postmodernizm kimi bir-birindən fərqlənən bədii istiqamətlərdən bəhs edir və Azərbaycan təsviri incəsənətinin parlaq, sirli və dərkedilməz dünyası ilə tanış olmağa imkan yaradır.

X X X

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Dövlət Bayrağı Meydanı ərazisində yeni inşa edilən “Atelye 61” restoranı ilə tanış olublar.

Dövlətimizin başçısına məlumat verilib ki, Meksika mətbəxinin nümunələrinin təqdim olunacağı “Atelye 61”də qonaqlar həm də Latın Amerikası rəqslərini izləyə biləcəklər.

Son illərdə Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər, Dövlət Bayrağı Meydanı, onun ətrafında həyata keçirilən abadlıq-quruculuq tədbirləri paytaxtımızın daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir və şəhər sakinlərində xoş təəssüratlar, dərin məmnunluq hissi yaradır. Yeni mədəniyyət və istirahət obyektlərinin açılışı isə şəhərimizi daha da gözəlləşdirir, ölkə sakinlərinin və paytaxtımıza gələn qonaqların istirahətini təmin etməklə yanaşı, respublikamızı turizm mərkəzi kimi tanıdır.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanış olublar.

Diqqətə çatdırılıb ki, YARAT-ın yeni məkanı 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərən, sonradan bərpa edilən binada yerləşir. Bərpa nəticəsində ikimərtəbəli dəbdəbəli sərgi məkanı yaradılıb. Yeni kitabxananın fəaliyyət göstərəcəyi bu məkanda YARAT-ın keçirdiyi sərgilər və il ərzində aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkatların dörd müvəqqəti sərgisi nümayiş olunacaq. Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır. Bu mərkəzin başlıca prinsipi təhsil proqramlarını daha da inkişaf etdirmək və beynəlxalq rəssamlar, auditoriya və institutlarla əməkdaşlığı gücləndirməkdir.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə tanış olublar.

Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, ümumi sahəsi 15,5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti yolları salınıb, geniş yaşıllaşdırma işləri görülüb. Burada quraşdırılan fəvvarələr istirahətə gələnlərin zövqünü oxşayacaq. Park füsunkarlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edir. Sakinlərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə parkda üç kafe yaradılıb.

Prezident İlham Əliyev “Park Land” kafesinin rəmzi açılışını bildirən lenti kəsdi.

Müasir tələblər səviyyəsində yaradılan bu iaşə obyektində müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlar var.

Bu istirahət ocağı da Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin əyani göstəricilərindəndir. Parkda milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb.

X X X

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bayıl bulvarının açılışında iştirak ediblər.

Dövlətimizin başçısına məlumat verildi ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 24 hektar olan yeni istirahət mərkəzinin uzunluğu 2,3 kilometrdir. Burada 16 hektar yaşıllıq zonası yaradılıb.

Dövlətimizin başçısı Bayıl bulvarının rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni istirahət mərkəzində müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşıq verir. Bu cür istirahət mərkəzlərində yaradılan infrastrukturun ən müasir tələblər səviyyəsində olması sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malikdir. Xəzərə açılan mənzərə buraya gələn sakinlərin və turistlərin zövqünü oxşayacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illərdə yeni istirahət guşələrinin, park və xiyabanların yaradılması xüsusi əhəmiyyət daşıyır. Müasir istirahət mərkəzləri içərisində Bayıl bulvarının özünəməxsus yeri var.

Bir neçə gündən sonra paytaxtımızda əlamətdar və tarixi idman bayramına - birinci Avropa Oyunlarına start veriləcək. Bayıl bulvarının məhz dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi çox önəmlidir. Ölkəmizə gələn turistlər Bakıda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinin miqyası ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin açılışında iştirak ediblər.

Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bağlantı yolları və piyada keçidi Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunub. Yolların ümumi uzunluğu 6630 metrdir. Bəzi yollarda hərəkət zolaqlarının sayı 4, bəzilərində isə 5-dir. Hərəkət zolaqlarının eni isə 3,5 metrdir.

Yolların inşası zamanı 125 min kvadratmetr asfalt, 730 min kvadratmetr torpaq işləri görülüb. Yüksək səviyyədə və qısa müddətə yerinə yetirilən inşaat işləri zamanı müasir texnologiyalardan istifadə edilib. Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır.

Beləliklə, bu yol paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə töhfəsini verəcək.

Dövlətimizin başçısı burada yeni inşa olunan yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə keçidin texniki göstəriciləri barədə məlumat verildi. Eni 8 metr, hündürlüyü 4 metr, uzunluğu 226 metr olan keçid əraziyə gələn insanların təhlükəsizliyini təmin edəcək. Burada əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçiddə 8 eskalator quraşdırılıb. Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edəcək.

Son dövrlərdə yeraltı və yerüstü piyada keçidlərinin inşası paytaxt Bakıda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsinə çevrilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR